“Şəhidlərimizin yazdığı tarixi qələmə almaq mənəvi məsuliyyət idi” - “Zəfər tarixi”nin həmmüəllifi

6 Noyabr, 2026 - 10:46
“Şəhidlərimizin yazdığı tarixi qələmə almaq mənəvi məsuliyyət idi”

""Zəfər tarixi" fənninin tədrisində şagirdlərin yalnız tarixi hadisələri, tarixləri və faktları öyrənməsi deyil, Vətən müharibəsində qazanılan Qələbənin mahiyyətini, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini və tarixi əhəmiyyətini dərk etməsi də əsas götürülməlidir. Bunun üçün dərslərdə müzakirələrə, rollu oyunlara, tədqiqat tapşırıqlarına, tarixi materialların müqayisəsinə və Vətən müharibəsi iştirakçıları ilə görüşlərə yer verilməsi əhəmiyyətlidir".

Bunu 8 Noyabr - Zəfər Günü ərəfəsində “Azərbaycan müəllimi”nə açıqlamasında Bakı şəhəri 163 nömrəli tam orta məktəbin müəllimi, “Zəfər tarixi” dərs vəsaitinin həmmüəllifi Ramil Tanrıverdi bildirib.

Onun sözlərinə görə, “Zəfər tarixi” fənni şagirdlərdə Vətən müharibəsi və tarixi Qələbə haqqında biliklərin formalaşdırılması ilə yanaşı, milli birlik, həmrəylik, Vətən sevgisi, mərdlik və sədaqət kimi dəyərlərin aşılanmasına xidmət edir:

“Bu möhtəşəm Qələbənin arxasında illərlə yurd həsrəti çəkən insanların doğma torpağa qayıtmaq ümidi, xalqımızın iradəsi, dövlətimizin apardığı ardıcıl siyasət və hərbçilərimizin fədakarlığı dayanır. Vətən müharibəsində xalqımızın birliyi, əsgər və zabitlərimizin cəsarəti, Vətənə bağlılığı əməldə özünü göstərdi. Ona görə də bu tarixi öyrənən şagird Qələbəni mümkün edən mənəvi dəyərlərlə də tanış olur”.

Müəllimin sözlərinə görə, bugünkü şagirdlər isə öz məktəblərinin məzunları arasında Vətən uğrunda döyüşmüş qəhrəmanların olduğunu bilir, onların şücaəti barədə müəllimlərindən, ailələrindən və döyüş yoldaşlarından məlumat alırlar. Bu da öyrəndikləri tarixlə doğma məktəbləri arasında canlı əlaqə yaradır.

“İndi 9-cu sinifdə oxuyan şagirdlər Vətən müharibəsi başlayanda hələ ibtidai sinifdə oxuyurdular. Onlar torpaqlarımızın işğal tarixlərini öyrəndikləri bir vaxtda həmin torpaqların azad olunmasına, yeni bir qəhrəmanlıq salnaməsinin yazılmasına şahid oldular. Bu baxımdan Zəfər tarixi onların uşaqlıq xatirələrində də yaşayan bir tarixdir”.

R.Tanrıverdi “Zəfər tarixi” dərs vəsaitinin hazırlanması prosesindən də danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin tarixi Qələbənin məktəblərdə şagirdlərə öyrədilməsinin vacibliyi barədə fikirləri onun yaddaşında xüsusi yer tutur. Sonradan bu istiqamətdə konkret addımlar atılıb və ümumtəhsil məktəblərində tədris üçün “Zəfər tarixi” dərs vəsaiti hazırlanıb.

“Şəhidlərimizin və qazilərimizin öz qanları ilə yazdıqları qəhrəmanlıq tarixini digər müəlliflərlə birlikdə qələmə almaq mənə də qismət oldu. Bu iş mənim üçün həm böyük şərəf, həm də mənəvi məsuliyyət idi. İndi isə yazılmasında iştirak etdiyim bu şanlı tarixi öz şagirdlərimə tədris edirəm”.

Dərs vəsaitinin həmmüəllifi bildirib ki, şəhid və qazilərin keçdiyi yolun öyrənilməsi şagirdlərə fədakarlığın mənasını anladır, onlarda ehtiram və minnətdarlıq hissinin formalaşmasına kömək edir.

“Bizim üçün əhəmiyyətli olan budur ki, şagirdlərimiz qazandığımız Qələbə ilə qürur duymaqla yanaşı, bu mənəvi irsi yaşatmaq məsuliyyətini də hiss etsinlər. Vətənə sevginin öz həyatlarında dürüstlükdə, çalışqanlıqda, insanlara və üzərlərinə düşən vəzifəyə münasibətdə ifadə olunduğunu dərk etsinlər”.

R.Tanrıverdi Zəfər tarixinin şagirdlərə yalnız faktlar səviyyəsində deyil, mahiyyəti və əhəmiyyəti ilə birlikdə mənimsədilməsi üçün istifadə oluna biləcək metodlardan da bəhs edib.

“Buna görə dərsdə müzakirəyə, sual verməyə və şagirdin öz fikrini əsaslandırmasına yer ayrılmalıdır. Şagirdlərdə empatiya hissini aşılamağa kömək edən rollu oyunlardan da istifadə etmək olar. Böyük Qayıdış çərçivəsində doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərlə müsahibənin canlandırılması onları həmin insanın hissləri və düşüncələri haqqında daha dərindən düşünməyə yönəldə bilər”.

Müəllim bildirib ki, işğaldan əvvəlki, işğal dövründəki və işğaldan sonrakı Qarabağı əks etdirən fotoşəkillərin, xəritələrin və videogörüntülərin müqayisəsi də səmərəli tədris yanaşmalarındandır.

Qəhrəmanlarla görüşlər tarixi şagirdlər üçün daha canlı edir

R.Tanrıverdi insan taleləri üzərində qurulan dərslərin də şagirdlərə təsirindən danışıb. Bildirib ki, məktəbin məzunu olmuş bir şəhidin və ya qazinin həyat yolunun araşdırılması, doğma yurduna qayıdan ailələrin xatirələrinin dinlənilməsi öyrənilən tarixlə şagird arasında şəxsi bağ yaradır.

“Müharibə qəhrəmanları ilə görüşlərə isə xüsusi əhəmiyyət verirəm. Hadisələri onları yaşamış insanın dilindən eşitmək şagird üçün unudulmaz təcrübədir. Buna nümunə olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Məktəbdə..." layihəsi çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynovla keçirilən görüşü göstərmək olar. Belə görüşlər şagirdlərə qəhrəmanları daha yaxından tanımaq, onlara sual vermək və keçdikləri döyüş yolunu öz dillərindən eşitmək imkanı yaradır”.

Zəfər tarixinin tədrisində şagirdlərin emosional həssaslığı nəzərə alınmalıdır

R.Tanrıverdi Zəfər tarixi ilə bağlı mövzuların tədrisində şagirdlərin emosional vəziyyətinin də nəzərə alınmasını vacib hesab edir.

“Sinifdə şəhid övladı, qazinin ailə üzvü və ya doğma yurdundan didərgin düşmüş ailənin uşağı ola bilər. Onların hisslərini nəzərə almaq, xatirələrini bölüşmək istəyinə, eləcə də danışmaq istəməməsinə anlayışla yanaşmaq vacibdir. Buna görə də dərslər və digər fəaliyyətlər şagirdlərin yaş səviyyəsinə və emosional həssaslığına uyğun təşkil olunmalıdır”.

“Məktəblərdə Zəfər tarixinin tədrisi ilə bağlı yanlış təsəvvür yaradılmamalıdır”

Dərs vəsaitinin həmmüəllifi məktəblərdə Zəfər tarixi və milli dəyərlərin tədrisinə münasibətlə bağlı da fikirlərini bölüşüb.

O bildirib ki, bəzən xəbər portallarında məktəblərdə Zəfər tarixinin və milli dəyərlərin öyrədilməsinə kifayət qədər yer verilmədiyinə dair fikirlərə rast gəlinir. R.Tanrıverdi hesab edir ki, məktəb həyatını yaxından izləmədən və tədrisin məzmununu araşdırmadan belə qənaətə gəlmək düzgün deyil:

“Təəssüf ki, məktəb həyatını yaxından izləmədən, tədrisin məzmununu araşdırmadan irəli sürülən belə iddialar yanlış təsəvvür yaradır. Ayrı-ayrı yazılarda məsələyə qərəzli yanaşma da hiss olunur. Halbuki bu barədə fikir söyləmək üçün məktəbdə görülən işlərlə tanış olmaq, müəllim və şagirdləri dinləmək lazımdır”.

Müəllim qeyd edib ki, IX sinifdə tədris olunan “Zəfər tarixi” dərs vəsaiti bu mövzunun məktəb təhsilində tutduğu yerin konkret nümunələrindən biridir.

Vətənpərvərlik şagirdlərin gündəlik davranışlarında da əksini tapmalıdır

“Ən əsası, müəllim vətənpərvərliyin şagirdin bugünkü həyatı ilə əlaqəsini göstərməlidir. Yaxşı oxumaq, dürüst olmaq, üzərinə düşən işi məsuliyyətlə yerinə yetirmək, milli-mədəni irsimizə sahib çıxmaq da Vətənə xidmətin ifadəsidir. "Zəfər tarixi" dərs vəsaitinin aşıladığı dəyərlər şagirdin düşüncəsində və davranışında öz əksini tapdıqda onun tərbiyəvi əhəmiyyəti daha aydın görünür”.