Nazir müavini: Gənclər dövlətin yaratdığı təhsil imkanlarından səmərəli istifadə etsinlər

6 Noyabr, 2026 - 13:33
Nazir müavini: Gənclər dövlətin yaratdığı təhsil imkanlarından səmərəli istifadə etsinlər

“Bu gün Azərbaycanda peşə təhsili müəssisələrinə qəbul olunanların təxminən 70 faizi regionların payına düşür. Son illərdə regionlarda peşə təhsilinin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülüb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “PeşəFest 2026”nın rəsmi bağlanış mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

Nazir müavininin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkənin regionlarında ən azı 5 yeni peşə təhsili müəssisəsi tikilərək istifadəyə verilib.

“Bu gün regionlarımızda müasir standartlara cavab verən peşə təhsili müəssisələri fəaliyyət göstərir. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzini buna nümunə göstərmək olar”.

K.Kərimzadə “PeşəFest” layihəsinin gənclərin gələcək peşə seçiminə töhfəsindən də danışıb.

O bildirib ki, festival çərçivəsində keçirilən tədbirlərdə 200 minə yaxın gəncin iştirak etməsi sevindirici haldır:

“Bu, gənclər üçün yaxşı imkandır. Onlar gələcək həyatları ilə bağlı ən vacib qərarlardan biri olan peşə seçimi zamanı müxtəlif imkanlarla yaxından tanış olur və daha məlumatlı qərar vermək fürsəti əldə edirlər”.

Nazir müavini eyni zamanda gəncləri dövlət tərəfindən yaradılan təhsil və inkişaf imkanlarından səmərəli istifadə etməyə çağırıb.