Oğlunun şəhidliyindən xəbərsiz Zəfər sevinci yaşayan ana

5 Noyabr, 2026 - 14:36
Oğlunun şəhidliyindən xəbərsiz Zəfər sevinci yaşayan ana

Hələ də sevinir, fəxr edir. Oğlunun da pay sahibi olduğu Zəfərin qürurunu yaşayır, sevincini tam hiss edə bilməsə də...

Artıq 6 ildir ki, onun bir gözü gülür, bir gözü ağlayır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Əsli Babayeva “30 illik həsrətə 44 gündə son qoyuldu” cümləsi ilə 6 ildir ki, təsəlli tapan minlərlə anadan biridir. 

Yeganə oğlu Ağaşirin Babayev tam orta təhsilini tamamlayıb hərbi xidmətə yollanıb: “Yanvar ayında hərbi xidmətdən qayıdacaqdı. Sentyabrda müharibə başladı. Bizə döyüşlərdə iştirak etdiyini demirdi. Şəhid olandan sonra eşitdik ki, Xocavənd şəhəri uğrunda gedən döyüşlərdə döyüşçü dostları ilə birlikdə mühasirəyə düşüb və hamısı orada həlak olub”.


Nigarançılıq Zəfər sevincini boğa bilmədi

Amma ilk Zəfər bayramının sevincini yaşayıb: “Stres altında da olsaq, qələbəmizi qeyd etdik, hər kəs bizi, biz də dost-tanışı təbrik etdik. Həmin günlərdə oğlum artıq şəhid olubmuş, amma bizim xəbərimiz olmayıb. Düzdür, oğlumdan xəbər ala bilmədiyim üçün narahat idim, amma qələbəmizə çox sevinirdik. Bir yandan da zəng edir, sevincimizi onunla da paylaşmaq istəyirdik, o cavab vermədikcə narahatlığımız daha çox artırdı”.

Əsli Babayeva bilmirdi ki, oğlu noyabrın 2-də həlak olub: “Həlak olsa da, neytral zonada qalıb və onu bir müddət axtarmalı olublar. Nəhayət, noyabrın 18-də zəng vurub dedilər ki, Füzuli xəstəxanasının meyithanasındadır, gedib götürək”.

“Yuxu belə görmüşdüm, amma şərə yozmamışdım”

Zənglərə cavab vermir. İlk dəfə deyil ki. Dəfələrlə olmuşdu, o zəng etmiş, oğlu cavab verməmişdi. Yenə cavab vermirdi. Bu, böyük qələbəni, 30 illik həsrətə son qoyan Zəfəri kölgə altında qoya bilərmi? Üstəlik, oğlunun şəhid ola biləcəyi ağlının ucundan da keçmirdi: “Hər zəngimizə cavab vermirdi. Adətən çalışırdıq o özü istəyəndə zəng vursun. Şəhid ola biləcəyi ağlıma gəlmirdi. Baxmayaraq ki, yuxu belə görmüşdüm, amma şərə yozmamışdım. Yuxuda evimizin bir tərəfi tamam uçmuşdu. Evimin o yıxılan tərəfi balam imiş, bilməmişəm. Hamı ilə təbrikləşib Zəfərimizi qeyd etmişəm. Mən oğlumla fəxr edirəm. Əminəm ki, balam unudulmayacaq, hər zaman yaşayacaq. Silinməz iz qoyub silahdaşları, başqa şəhidlərlə birlikdə”.  

“Mən də o şəhid olandan sonra...”

Şəhid Ağaşirin Babayevin anası qürurludur. Oğlu ilə fəxr edir, onun istədiyi kimi yaşamağa, hər şeyi onun istədiyi kimi etməyə çalışır: “O, hərbi xidmətdə olanda işləyirdim, təndirdə çörək yapırdım. İşim ağır idi, səhhətimdə də narahatlığım vardı. Hər danışanda deyirdi, sən işləmə. Hərbi xidmətdən qayıdıb hər şeyi yoluna qoyacağını, yarımçıq işlərimizi tamamlayacağını deyirdi. Bir ala-yarımçıq ev tikib içərisində yaşayırdıq. Mənə deyirdi ki, işləyib onu tamamlayacaq. O qayıtmadı, mən də o, şəhid olandan sonra işləmədim”.
 
Keçmiş mühasib artıq arıçı olacaq

Anası deyir ki, oğlunun peşə arzuları varmış: “Oğlum özünə peşə seçmişdi. Bərbər olmaq istəyirdi. Çox böyük həvəsi vardı. Öyrənməyə də başlamışdı. Hərbi xidmətdən qayıtdıqdan sonra bu istiqamətdə təhsil alacaq, işləyəcəkdi”.
Onun peşə təhsili almaq arzusunu anası həyata keçirəcək. Peşə təhsilinə üz tutub arıçı olmağa qərar verməyi də bununla əlaqədardır. Qəbələ şəhərində yaşayan Əsli Babayeva bu qərarından razıdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Arıçılıq” ixtisası üzrə təhsilinə həvəslə davam edir: “Çox maraqlı dərslərimiz olur, həvəslə öyrənirəm”.

Əsli xanım deyir ki, heç vaxt arısı olmayıb, amma arıçılığa çox böyük marağı, həvəsi var: “Arı pətəklərim olsun istəyirəm, özüm arı saxlamaq niyyətindəyəm”.

Maraqlıdır ki, o, əvvəllər mühasib olub. Bundan əvvəl texnikumda təhsil alıb: “Ovaxtkı Bakı Statistika Texnikumunda (hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci – red.) mühasibatlıq oxumuşam. Kənd təsərrüfatı sahəsində mühasib işləmişəm, kadrlar şöbəsində çalışmışam, makinaçı belə olmuşam. Artıq işləmirəm, amma arı saxlamaq istəyirəm. Bu peşənin sirlərini öyrənmək arzusu ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gəlmişəm”.

Mühasibliklə başlayıb, təndirdə çörək belə yapıb Əsli Babayeva. Ömrü boyu müxtəlif işlərdə özünü sınaqdan çıxarıb, ayrı-ayrı peşələr öyrənib. Bəlkə indiyədək balalarını saxlayıb böyütmək üçün işləyib, bəzi məcburiyyətləri olub. Amma bundan sonra öz marağının, həvəsinin arxasınca düşəcək, bəlkə də böyük arı ailələrinin sahibinə çevriləcək.