“Müharibədə yaşadıqlarımı heç vaxt unutmayacağam” – Qazi müəllim
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təlimi ustası Cavid Mustafayev Vətən müharibəsi qazisidir. “Azərbaycan müəllimi” usta müəllimin döyüşçü xatirələrini dinləyib, Vətən müharibəsi gündəliyini vərəqləyib.
Müharibənin ilk günü ilk döyüş əmrini yerinə yetirməyə gedərkən yolu səhv saldılar
Onun döyüş yolu müharibənin ilk günündən başlayıb. 2020-ci ildə sentyabr ayının 27-dən Suqovuşan–Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib.
Kifayət qədər şərəfli və qürurlu olan bu döyüş yolu onun üçün həm də ağrılı xatirələrlə, bədənində sızlayan yaralarla doludur: “Müharibə zamanı yaşadıqlarımı, o anları heç vaxt unutmayacağam. Məsələn, elə müharibənin ilk günü, sentyabrın 28-nə keçən gecə. Döyüş əmri veriləndən sonra əsgərləri daşıyan avtomobil hərəkətə başladı. Lakin yolumuzu səhv salaraq bilmədən birbaşa düşmənin atəş mövqeyinə daxil olduq. Həmin təhlükəli vəziyyətdən heç bir itki vermədən sağ çıxaraq geriyə - öz mövqelərimizə qayıtmağımızı heç unutmuram”.
Kəşfiyyat-diversiya qrupunun geri qayıtmasını gözləyirdilər, hücuma məruz qaldılar
O, yaralandığı günü də heç vaxt unutmayacaq: “Oktyabr ayının 3-də gecə saatlarında Ağquçuq istiqamətində irəliləyirdik. Kəşfiyyat-diversiya qrupunun geri qayıtmasını gözləmək məqsədilə bizə dayanmaq əmri verildi. Təxminən 25–30 dəqiqə gözlədikdən sonra hansı istiqamətdən gəldiyini müəyyən edə bilmədiyimiz 82 mm-lik minaatan mərmiləri ilə mövqelərimiz atəşə tutuldu. Atəş yenicə başlamışdı ki, bədənimdə kəskin istilik hiss etdim və bir anda artıq heç nə görmədiyimin fərqinə vardım. Aldığım yaralar nəticəsində dünya qaraldı, o anı və sonrakı təxminən bir həftəlik dövrü xatırlamıram”.
Müharibənin bitdiyi xəbərini elə səngərdə alır
Və müharibə bitir. O, müharibənin bitdiyi xəbərini elə səngərdə alır: “Ağdərə istiqamətində artilleriya atəşini dayandırıb gözləmək əmri aldıq. Bir müddət sonra komandirlərimiz düşmənin təslim olduğunu bildirdilər”.
Müharibədə iştirakı və xidmətləri qiymətləndirilən qəhrəmanımız “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
O, yenə vətənə xidmət edir
2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Avtomobillərin təmiri çilingəri” ixtisası üzrə qrupun istehsalat təlimi ustası olan Cavid Mustafayev Mingəçevir Politexnik İnstitutunun ( indiki Mingəçevir Dövlət Universiteti) “Maşın mühəndisliyi” ixtisası üzrə məzunudur. Onun sözlərinə görə, döyüşlər zamanı yaralanmağına və bədənində qəlpə daşımağına baxmayaraq, vətənə xidmətini davam etdirmək əzmindən dönməyib.
“Bu gün həmin xidmətimi müəllimlik fəaliyyəti ilə davam etdirir, gənc nəslin bilikli, bacarıqlı, vətənpərvər və peşəkar mütəxəssislər kimi yetişməsinə öz töhfəmi verməyə çalışıram”, - deyən istehsalat təlimi ustası öz bilik və təcrübəsini gənc nəslə ötürmək, onların peşə bacarıqlarının inkişafına dəstək olmaq, ölkəmizin əmək bazarı üçün savadlı və ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak etmək istəyir: “İnanıram ki, vətənə xidmət yalnız döyüş meydanında deyil, həm də gündəlik əmək fəaliyyəti, məsuliyyətli iş və gələcək nəsillərin düzgün yetişdirilməsi ilə davam edir. Vətən müharibəsində keçdiyim döyüş yolu, qazandığım həyat təcrübəsi bundan sonrakı fəaliyyətimdə də işimə yarayacaq, müharibədə hiss etdiyim və daşıdığım məsuliyyət təhsil cəbhəsində də ən güclü silahım olacaq”.




