Kənan Kərimzadə: Layihələr şagirdlərin əmək bazarına daha hazırlıqlı daxil olmasına xidmət edir
“Azərbaycanda 500 mindən çox məktəbli “Rəqəmsal bacarıqlar”, 300 mindən çox şagird isə STEAM layihəsinə cəlb olunub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nun hesabat tədbirində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
Onun sözlərinə görə, əmək bazarının gələcək tələblərinə uyğun kadr hazırlığına artıq məktəb yaşlarından başlanılması istiqamətində işlər aparılır:
“Bu gün ölkəmizdə 500 mindən çox şagird “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunub. Bu, ümumi təhsil müəssisələrində oxuyan hər üç şagirddən təxminən biri deməkdir. Layihə çərçivəsində məktəblilər kodlaşdırma, “Python” və “Scratch” kimi proqramlaşdırma vasitələri ilə ilkin tanışlıq imkanı əldə edirlər. Hesab edirəm ki, bu, gələcəkdə əmək bazarının xüsusiyyətlərini dəyişdirə biləcək yeniliklərdən biridir. Eyni zamanda 300 mindən çox şagird STEAM layihəsinə cəlb olunub. STEAM mərkəzlərində və siniflərində rəqəmsal bacarıqlarla yanaşı, mühəndislik, robototexnika, 3D modelləşdirmə və aqrotexniki istiqamətlər üzrə də fəaliyyətlər həyata keçirilir”.
Nazir müavini bildirib ki, bu layihələr şagirdlərin gələcəkdə ali təhsilə və əmək bazarına daha hazırlıqlı daxil olmasına xidmət edir.
K.Kərimzadə vurğulayıb ki, müasir dövrdə kənd təsərrüfatının inkişafı da rəqəmsal texnologiyalarla sıx bağlıdır. Onun sözlərinə görə, əvvəllər aqrar sahədə əsas diqqət torpaq və su ehtiyatlarına yönəlirdisə, hazırda rəqəmsallaşma və yeni texnoloji həllər də mühüm əhəmiyyət daşıyır.




