“SABAH.city” startapçı gənclər üçün yeni layihələr həyata keçirəcək

6 Noyabr, 2026 - 16:35
“SABAH.city” startapçı gənclər üçün yeni layihələr həyata keçirəcək

“SABAH.city” yeni fəaliyyətə başladığı üçün hazırda burada keçirilən tədbirlərin sayı nisbətən azdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “SABAH.city” innovasiya şəhərciyinin icraçı direktorunun müavini Nurcan Baxşıyeva deyib.

Onun sözlərinə görə, şəhərcikdə indiyədək təşkil olunan ən böyük tədbir "Baku ID" olub. Tədbir çərçivəsində 6 minə yaxın iştirakçı qəbul edilib. Növbəti mərhələdə şəhərcikdə daha çox tədbirin təşkili və müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

Nurcan Baxşıyeva bildirib ki, “SABAH.city”də çalışan gənclərin orta yaş həddi 23-25?aralığındadır. Burada əsas məqsədlərdən biri gənclərin innovativ ideyalarını reallaşdırmasına və startap layihələrini inkişaf etdirməsinə şərait yaratmaqdır:

“Gənclərin öz startaplarını təqdim etməsi üçün müxtəlif layihələr nəzərdə tutulur. Bizə müraciət edən gənclərə komandalarımız tərəfindən dəstək göstərilir. Onların ideyalarının inkişaf etdirilməsi və layihələrinin daha da təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edirik”.

İcraçı direktorun müavini qeyd edib ki, şəhərcik universitetlərlə də əməkdaşlıq edir. Bu çərçivədə ali təhsil müəssisələri ilə birgə “Demo Day” tədbirləri təşkil olunur. Həmin tədbirlər zamanı gənclər öz startap ideyalarını təqdim etmək imkanı əldə edirlər:

“Universitetlərlə keçirdiyimiz “Demo Day” tədbirləri çərçivəsində də startaplara dəstək göstərilir, uğurlu layihələr mükafatlandırılır”.