Uşağın gələcəyini ailəsinin sosial vəziyyəti müəyyən etməməlidir - Kəmalə Ağazadə
“Hər bir uşağın təhsil almaq, inkişaf etmək, öz istedadını üzə çıxarmaq və layiqli həyat qurmaq hüququ var. Bununla yanaşı, hər uşağın öz bacarığı, marağı, arzusu var. Əsas məsələ həmin istedadı görmək və inkişaf etdirmək üçün lazımi şərait yaratmaqdır”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, uşaqların bərabər imkanlardan yararlanması, təhsil alması və bacarıqlarını inkişaf etdirməsi üçün dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimai təşkilatların birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır:
“Bizim işimiz uşağın potensialını üzə çıxarmaq, ona təhsil və peşə imkanları yaratmaq, gələcəkdə öz ayaqları üzərində dayanmasına dəstək olmaqdır. Hər bir uşağın öz bacarığı, marağı və gələcək hədəfləri nəzərə alınmalıdır”.
K.Ağazadə bildirib ki, ictimai təşkilatlar uşaqlarla birbaşa işləyərək onların maraq və bacarıqlarını yaxından öyrənir, ailələrlə əməkdaşlıq edir və müvafiq inkişaf imkanlarının müəyyənləşdirilməsində iştirak edirlər:
“Uşağın hüquqlarının tam təmin olunması üçün dövlət qurumları, təhsil müəssisələri, sosial xidmətlər, səhiyyə sistemi və vətəndaş cəmiyyəti koordinasiyalı şəkildə çalışmalıdır. Burada əsas məsələ əməkdaşlığın real nəticə verməsidir. Birgə fəaliyyət uşaqların təhsil və inkişaf imkanlarının genişləndirilməsinə, onların gələcəyə daha inamla hazırlanmasına xidmət etməlidir”.
İctimai Birliyin sədri qeyd edib ki, ümumi təhsillə yanaşı, peşə təhsili, yaradıcılıq, idman və digər inkişaf imkanlarının əlçatanlığı da uşaqların hərtərəfli inkişafında mühüm rol oynayır. Bu baxımdan universitetlər, peşə təhsili müəssisələri, özəl sektor və müxtəlif təşkilatlarla əməkdaşlığın genişləndirilməsini vacib hesab edir.
Onun sözlərinə görə, İctimai Birliyin sığınacağında yaşayan qızlar arasında peşə liseylərində, kolleclərdə və universitetlərdə təhsil alanlar da var. Bu, uşaqların təhsil və peşə imkanlarından yararlanaraq gələcək həyatlarını qurmaq istiqamətində irəliləmələrinin nümunəsidir.
K.Ağazadə uşaqların sosiallaşması, özünəinamının və gələcəyə inamının gücləndirilməsi məsələsinə də toxunub.
O bildirib ki, hər bir uşağın özünü dəyərli hiss etməsi, fikirlərinin dinlənilməsi və fərdi xüsusiyyətlərinin nəzərə alınması onun inkişafında mühüm rol oynayır:
“Uşaq bilməlidir ki, o, sevilməyə, qorunmağa, dinlənilməyə layiqdir. Bizim yanaşmamızda uşağa sevgi və qayğı ilə yanaşmaq əsas prinsiplərdəndir. Onun fikri əhəmiyyətlidir, hissləri nəzərə alınmalı və özü ilə bağlı qərarlar verilərkən maraqları əsas götürülməlidir”.
İctimai Birliyin sədrinin sözlərinə görə, uşaqların öz fikirlərini sərbəst ifadə etməsi, qərarvermə bacarıqlarının inkişafı, müxtəlif tədbirlərdə iştirakı, incəsənətə, idmana və yaradıcılığa cəlb olunması onların sosiallaşmasına və özünəinamının möhkəmlənməsinə kömək edir:
“Uşaqlar cəmiyyətin tamhüquqlu üzvləridir. Onların istedadları, bacarıqları, arzuları və uğur qazanmaq imkanları var. Buna görə də onların müxtəlif sahələrdə özlərini sınaması, maraqlarına uyğun fəaliyyətlərə qoşulması və yeni nailiyyətlər əldə etməsi üçün şərait yaradılmalıdır”.
K.Ağazadə vurğulayıb ki, yaradıcı fəaliyyətlər uşaqların öz imkanlarını kəşf etməsi baxımından faydalıdır. Onun sözlərinə görə, sığınacaqda uşaqların təhsili ilə yanaşı, art-terapiya, rəqs, xor, yaradıcılıq məşğələləri və motivasiya tədbirləri də təşkil edilir:
“Bəzən uşaq hisslərini rəsm vasitəsilə daha rahat ifadə edə bilir. Hazırladığı bir əl işinə görə tərif eşitmək, bacarığının qiymətləndirildiyini görmək onun özünə münasibətində çox ciddi dəyişiklik yarada bilər”.
İctimai Birliyin sədri uşaqların gələcək həyata hazırlanmasını da fəaliyyətin əsas istiqamətlərindən biri hesab edir. O bildirib ki, təhsil, peşə bacarıqları, ünsiyyət, məsuliyyət və müstəqil həyat vərdişlərinin formalaşdırılması uşağın gələcəkdə öz imkanlarından səmərəli istifadə etməsinə şərait yaradır:
“Biz uşağın gələcəkdə necə yaşayacağını, hansı peşəyə yiyələnəcəyini, müstəqil qərarlar verə biləcəyini və cəmiyyətə necə inteqrasiya olunacağını da düşünməliyik. Uşaq öz bacarıqlarını gördükcə, müəyyən məqsədlərə çatdıqca özünəinamı da artır”.
K.Ağazadə uşaqların ailədə sevgi, qayğı və təhlükəsizlik mühitində böyüməsinin, fikirlərinin dinlənilməsinin və maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb. O, uşaqların ailə mühitinə inteqrasiyasında onların maraqlarının, fərdi xüsusiyyətlərinin və inkişaf ehtiyaclarının nəzərə alınmasını əhəmiyyətli hesab edir.
İctimai Birliyin sədri uşaqların cəmiyyətə inteqrasiyasında onların fərdi potensialına və nailiyyətlərinə diqqət yetirilməsinin vacibliyini də qeyd edib:
“Biz uşaqları potensialı olan, inkişaf edə bilən və uğur qazana bilən fərdlər kimi görməliyik. Onların hər birinin özünü cəmiyyətin dəyərli üzvü kimi hiss etməsinə, bacarıqlarını üzə çıxarmasına və gələcəyinə inamla yanaşmasına dəstək olmalıyıq”.
K.Ağazadə onu da əlavə edib ki, uşaqlara göstərilən diqqət və qayğı onların gələcək həyatında mühüm rol oynayır:
“Bir uşağın həyatını dəyişmək üçün bəzən ona vaxtında uzadılan bir əl, diqqətlə dinlənilən bir söz və özünə inanmasına kömək edən bir münasibət kifayət edir. Uşağa sadəcə "sən bacararsan" demək yox, həqiqətən bacarması üçün şərait yaratmaq lazımdır. Əgər biz hər bir uşağın səsini eşitsək, onun hüquqlarını qorusaq və gələcəyinə inanması üçün real imkanlar yaratsaq, onda cəmiyyət olaraq öz üzərimizə düşən məsuliyyəti yerinə yetirmiş olarıq”.




