BDU-da “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib
Bakı Dövlət Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Təhsilin İnkişafı Fondunun (TİF) əməkdaşlığı ilə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin əvvəlində qızların təhsilinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin layihədə fəal iştirak etdiyini və bu istiqamətdə təşəbbüslərə dəstəyini davam etdirəcəyini bildirib. Rektor layihəyə daha çox qurumun və təhsil müəssisəsinin qoşulmasının onun əhatə dairəsinin genişlənməsi və davamlılığı baxımından əhəmiyyətini vurğulayıb. O, layihədən yararlanan gənc xanımların gələcəkdə digər qızların da təhsilinə və arzularının reallaşmasına dəstək göstərə biləcəklərini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova ilkin mərhələdə 14 qızın təhsilinə dəstəklə başlayan layihədən ötən müddətdə 730 nəfərin yararlandığını bildirib. O, bu il təsis olunan Hacı Zeynalabdin Tağıyev adına təqaüdü 22 qızın qazandığını, qarşıdakı il həmin təqaüddən yararlananların sayının ən azı 100 nəfərə çatdırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Komitə sədri layihənin genişlənməsində tərəfdaşların rolunu vurğulayaraq yerli və xarici şirkətləri təşəbbüsə qoşulmağa dəvət edib.
Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların sosial şəraitindən asılı olmayaraq, istedadlarının üzə çıxarılmasına, təhsil və inkişaf imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. O, Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən layihəyə dəstək verməyin fond üçün əhəmiyyətini qeyd edib. Təqaüd proqramlarının iştirakçılarının gələcəkdə digər istedadlı qızların təhsilinə və inkişafına dəstək göstərəcəklərinə inamını ifadə edib.
Sonda Bakı Dövlət Universitetində təhsil alan Hənifə Məlikova-Zərdabi və Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramlarının iştirakçılarına təltiflər təqdim olunub.




