Zəfərdən əbədiyyətə qəhrəmanlıq yolu
Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, şəhid ailələrinin üzvləri və qonaqlar iştirak ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə məktəbin direktoru Elza Bağırzadə çıxış edərək Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən söz açıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin əsas məramlarından biri məktəbdə 16 sinfə şəhidlərimizin adlarının verilməsi olub. Bu təşəbbüs qəhrəmanlarımızın adlarının yaşadılması, onların göstərdikləri şücaətin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Proqram çərçivəsində şagirdlər məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elçin Manafovun şəhidlərin əziz xatirəsinə ithaf etdiyi şeirlərini səsləndirib, hər bir qəhrəmanın həyat yolunu və Vətən uğrunda göstərdiyi fədakarlığı öz ifalarında canlandırıblar. Şeirlərin təqdimatı zamanı şəhidlərin həyat və döyüş yolunu əks etdirən slaydlar nümayiş olunub. Səsləndirilən musiqilər, təqdim olunan videoçarxlar və bədii kompozisiyalar tədbirə xüsusi ab-hava qatıb.
Məktəbin təşkilatçı müavini Sevinc Əhmədoğlu çıxışında belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, şəhidlərimizin xatirəsinin yaşadılmasının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfədən bəhs edib.
Tədbirin ən təsirli anlarından biri isə məktəbin adını daşıdığı şəhid Rəfail Hüseynovun atası Maarif Hüseynovun çıxışı olub. O, şəhid ailəsi olaraq göstərilən diqqət və ehtirama görə minnətdarlığını ifadə edib. Bir neçə şəhid ailəsi üzvünün və qazilərin də çıxışları tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənilib. Bu çıxışlar bir daha göstərib ki, şəhidlərimizin xatirəsi yalnız ailələrinin deyil, bütövlükdə xalqımızın qəlbində yaşayır. Tədbirin sonunda şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağı, onların adlarının gələcək nəsillər üçün daim örnək olacağı vurğulanıb. Zəfər xalqın birliyinin, şəhidlik isə Vətən sevgisinin ən ali ifadəsidir. Bu gün məktəb siniflərində şəhidlərimizin adlarının yaşadılması, onların həyat və mübarizə yolunun şagirdlərə aşılanması gələcək nəsillərin milli ruhda formalaşmasına xidmət edir.
Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, onların bizə əmanət etdiyi Vətən sevgisi nəsildən-nəslə ötürüləcəkdir!
Elçin MANAFOV,
Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi




