Xalq Təhsili Muzeyində Zəfər Günü münasibətilə tədbir keçirilib

6 Noyabr, 2026 - 18:15
Xalq Təhsili Muzeyində Zəfər Günü münasibətilə tədbir keçirilib

Xalq Təhsili Muzeyində 5 noyabr 2026-cı il tarixində Zəfər Gününə həsr olunmuş “Qalib xalqın Zəfər salnaməsi” adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə şəhid ailə üzvləri, müharibə iştirakçıları, qazilər, şagirdlər və Xalq Təhsili Muzeyinin kollektivi iştirak ediblər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Muzeyin direktoru Z.Şiriyeva açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının əldə etdiyi böyük qələbənin qazanılmasında başda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli hərbi-siyasi liderliyi sayəsində rəşadətli ordumuzun böyük qəhrəmanlıqlarından danışıb və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Sonra muzeyin elmi katibi “Müstəqillik tariximizin ən böyük zəfəri” adlı məruzə ilə çıxış edib. Bundan sonra çıxış üçün qonaqlara söz verilib. Xüsusi təyinatlı, Qarabağ ordenli, Vətən müharibəsi şəhidi Tural Abdullayevin atası Ş.Abdullayev, şəhid İsrafil İbrahimovun anası S.İbrahimova, ehtiyatda olan polkovnik M.Seyidov, qazilər Zakir İmanov, Gündüz Əvəzzadə 44 günlük Vətən müharibəsində qazanılmış böyük zəfərdən qürurla bəhs edərək, canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyiblər.

Tədbirdə Vətən müharibəsi şəhidi Tural Abdullayevin anası İ.Sadıqova, şəhid Yunis Kazımovun yoldaşı Z.Kazımova, şəhid Şahgündüz Cabbarovun qardaşı N.Cabbarov da iştirak ediblər.

Eyni zamanda tədbirdə 24 saylı musiqi məktəbinin tələbəsi Aşıq A.Laçınlı, Bakı şəhəri 73 saylı məktəbin 9-cu sinif şagirdi M.Səfizadə, S.Bəhlulzadə adına XDTG-ın 6-cı sinif şagirdi S.Orucov, Bakı şəhəri 202 saylı məktəbin 4-cü sinif şagirdi C.Əhədovanın ifasında vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib, qələbəyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış olublar.   

Xalq Təhsili Muzeyində Zəfər Günü münasibətilə tədbir keçirilib