Gözəl yazmağın sirri: Hüsnxət dərslərində nələrə diqqət edilməlidir?
İbtidai siniflərdə hüsnxətin tədrisi şagirdlərin yazı bacarıqlarının formalaşdırılması prosesinin bir hissəsidir. Bu mərhələdə tədrisin necə təşkil olunması, hərflərin yazılışının öyrədilməsində hansı metodik yanaşmalardan istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan müəllimi”nə açıqlamasında İnternat tipli Şamaxı Avropa Liseyinin ibtidai sinif müəllimi Vüsalə Məlikova bildirib ki, hüsnxətin tədrisi zamanı ilk növbədə şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnməsinə diqqət yetirilməlidir:
“Şagirdin parta arxasında düzgün oturması, sinəsi ilə parta, gözləri ilə dəftər arasındakı məsafə, dəftərin stol üzərində maili yerləşdirilməsi və qələmin düzgün tutulması nəzərə alınmalıdır. Hər bir elementi və hərfi yazarkən şagird sətirin hansı nöqtəsindən başlayacağını, qələmi hansı istiqamətdə aparacağını və harada bitirəcəyini bilməlidir”.
Müəllimin sözlərinə görə, hüsnxət tədrisində hərflər genetik prinsip əsasında öyrədilir. Bu zaman hərfin yazılış qaydasının şagirdə əyani şəkildə göstərilməsi mühüm əhəmiyyət daşıyır:
“Müəllim hərfin yazılış istiqamətini lövhədə uşaqların gözü qarşısında göstərməli və hər bir hərəkəti izah etməlidir. Şagird hərfin niyə məhz həmin nöqtədən başladığını, hansı istiqamətdə yazıldığını, elementlərinin sətirdən nə qədər yuxarı qalxdığını və ya aşağı endiyini anlamalıdır. Eyni zamanda, onun qarşısında düzgün yazılış formasını göstərən nümunə olmalıdır. Sinifdə hər gün qısa hüsnxət məşğələləri keçirməklə öyrənilən kalliqrafiya qaydalarını tədricən vərdişə çevirmək mümkündür. Bununla belə, bu zaman şagirdləri yormamaq da vacibdir”.
V.Məlikova bildirib ki, hüsnxət dəftərlərində hərflərin yazılış nümunələrinin düzgün təqdim edilməsi və müəllimin həmin nümunələri izah etməsi tədris prosesində əsas məqamlardandır:
“Hərfin hansı elementlərdən ibarət olduğu, başlanğıc və bitmə nöqtələri, yazılış istiqaməti dəqiq göstərilməlidir. Kiçikyaşlı məktəblilərlə işləmək müəllimə zövq verdiyi kimi, uşaqlar üçün də maraqlı olmalıdır. Mən hərfi lövhəyə yazdıqdan sonra şagirdlərdən onun nəyə bənzədiyini və nə üçün belə düşündüklərini soruşuram. Bu yolla uşaqlar hərfin elementlərini müəyyənləşdirir, dairə, düz xətt, əyri xətt və digər hissələrini sadalayırlar”.
Müəllim hərflərin düzgün yazılışının öyrədilməsi zamanı müəyyən ardıcıllığa əməl olunmasının vacibliyini də vurğulayıb:
“İlk növbədə şagirdlərə hərfi havada yazmaq tapşırılmalı, onların əl hərəkətləri izlənilməlidir. Bir neçə dəfə təkrarladıqdan sonra uşaqlar hərfi qarşılarındakı lövhəyə yazmalıdırlar. Daha sonra hərfin sətir üzərində başlanğıc nöqtəsi, yazılış istiqaməti, yuxarı və aşağı çıxıntılarının hansı səviyyədə yerləşməli olduğu əyani şəkildə göstərilməlidir. Şagirdlər də düzgün kalliqrafiya nümunəsinə əsaslanaraq hərfi yazmağa çalışmalıdırlar”.




