Şuşanın fəthi – Otuz illik həsrətin Zəfər sevincinə çevrildiyi gün

8 Noyabr, 2026 - 10:03
Şuşanın fəthi

Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

                                            Prezident İlham Əliyev

Bəzən bir şəhərin azadlığı bütöv bir xalqın taleyini dəyişir, bir qələbə illərlə qəlblərdə yaşadılan arzuları gerçəyə çevirir. Elə qələbələr var ki, yalnız döyüş meydanında deyil, xalqın yaddaşında, tarixində və milli qürurunda əbədiləşir. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi də Azərbaycan tarixində belə möhtəşəm hadisələrdən biri oldu. Həmin gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Zəfəri çoxəsrlik tariximizə qızıl hərflərlə yazıldı. Məhz 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi bizim tarixi qələbəmizlə başa çatdı. 44 günlük müharibə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun şücaəti sayəsində işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Otuz ilə yaxın müddətdə hər bir azərbaycanlının qəlbində bir həsrət, bir nisgil, bir müqəddəs arzu yaşayırdı: Qarabağa qayıtmaq, Şuşada üçrəngli bayrağımızın dalğalandığını görmək! Bu arzu illərlə nəsildən-nəslə ötürüldü, ümidlərimizdən, dualarımızdan və Vətən sevgimizdən güc aldı. Nəhayət, 2020-ci il noyabrın 8-də həmin arzu gerçəyə çevrildi. Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə tariximizin ən şanlı səhifələrindən birini yazdı.

Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu 

8 Noyabr - Zəfər Günü yalnız hərbi qələbənin təntənəsi deyil. Bu tarix milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizənin rəmzidir. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Ordusu bir-birinin ardınca şəhər və kəndlərimizi işğaldan azad edərək tarixi torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırdı. Döyüş meydanında qazanılan uğurlar, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi bu böyük Zəfərin təməlini qoydu. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin taleyini həll edən tarixi hadisə oldu və Qələbəmizin rəmzinə çevrildi.

Şuşanın azadlığı bir şəhərin deyil, bütöv bir xalqın qürurunun, milli kimliyinin və tarixi yaddaşının zəfəri idi. 

Dünya hərb tarixinə  düşən Şuşa əməliyyatı 

Müzəffər Azərbaycan Ordusunun Şuşanın azad olunması uğrunda apardığı əməliyyat və nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq Azərbaycanın hərb tarixində olduğu kimi, dünya hərb tarixində də özünəməxsus yer tutur. Şuşa əməliyyatı mürəkkəb relyef şəraitində yüksək peşəkarlıq, cəsarət, döyüş hazırlığı və qətiyyət tələb edən, öz unikallığı ilə seçilən hərbi əməliyyat kimi tarixə düşüb.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,  Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Rəşadətli Ordumuzu qələbəyə aparan güclü iradə, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi.         
Şuşanın alınması ilə bağlı xüsusi əməliyyat hazırlanmışdı. Noyabrın 8-də Azərbaycanın incisi Şuşa erməni qəsbkarlarından azad edildi. Bu xoş müjdəni Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa Şəhidlər Xiyabanında çatdırdı. 

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi 

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Bu qədim və əsrarəngiz şəhər Qafqazın konservatoriyası, Azərbaycanın musiqi beşiyi sayılıb. İlk dəfə 1989-cu ildə keçirilmiş "Xarıbülbül" festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfərdən sonra - 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil olundu. "Xarıbülbül" festivalının açılış mərasimində dövlət başçısı "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", - demişdi. Və elə də oldu. Artıq hər ilin may ayında "Xarıbülbül" festivalı təşkil olunur. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak edirlər. 

Şuşada eyni zamanda bir-birindən maraqlı yerli və beynəlxalq səviyyəli tədbirlər keçirilməkdədir. 
Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edilməsi də əlamətdar hadisə oldu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər təşkil edildi.

Bildiyimiz kimi, Şuşanın təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub Şəhər ilkin dövrlərdə Pənahəli xanın şərəfinə Pənahabad adlandırılıb. Qısa müddətdə Qarabağ xanlığının paytaxtına və regionun mühüm siyasi, iqtisadi və mədəniyyət mərkəzinə çevirib.

"İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür", - deyən Prezident bildirib ki, hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik.

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir

Bu gün Şuşa dirçəlir və orada həyat canlanır. Şuşa şəhəri quruculuq və inkişaf dövrünü yaşayır. Şəhərdə tarixi-mədəni irsin bərpası ilə yanaşı, infrastruktur layihələri də icra olunur, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün yeni yaşayış binaları inşa edilir. Şuşa şəhərində birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. İyirmi üç binadan ibarət bu yaşayış kompleksində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Hazırda isə digər yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur.

Bəli, görülən bütün bu işlər, həyata keçirilən möhtəşəm layihələr torpağa, Vətənə olan sonsuz məhəbbətdən, doğma yurda bağlılıqdan qaynaqlanır. Bu gün Şuşada aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın öz tarixi torpaqlarına sahib çıxmasının, milli-mədəni irsini yaşatmasının bariz nümunəsidir.

Ermənilər tərəfindən gülləbaran edilərək zədələnmiş Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri artıq öz doğma torpağına qaytarılıb. Üzeyir Hacıbəylinin abidəsi yenidən ucaldılıb, Bülbülün ev-muzeyi bərpa olunaraq açılıb. Şuşanın tarixi, dini və mədəni abidələri, məscidlərimiz öz əvvəlki görkəminə qovuşub.

Maarifçilik ənənələri bərpa olunur

Xüsusilə qeyd etmək lazımdır ki, Şuşanın dirçəldilməsində təhsil sahəsinə də böyük diqqət ayrılır. Uzun illər doğma şəhərindən ayrı düşmüş əslən şuşalı olan uşaqların öz yurdlarında təhsil almaları üçün mühüm addımlar atılır. Belə ki, 2023-cü il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Bu açılış Şuşanın yenidənqurma və bərpa salnaməsində xüsusi məna daşıyırdı. Çünki açılan yalnız bir məktəbin qapıları deyildi. Eyni zamanda, uzun illər fasiləyə uğramış təhsil həyatına, doğma yurdda qurulan yeni arzulara və gələcəyə aparan yolun qapıları açılırdı.

960 şagird yerlik üçmərtəbəli məktəbdə müasir sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika kabinetləri, STEAM mərkəzi, kitabxana, musiqi və rəssamlıq otaqları, idman və akt zalları yaradılıb. Bu təhsil ocağı Şuşanın maarifçilik ənənələrinin yenidən dirçəldilməsinin mühüm göstəricisidir. Bu gün həmin təhsil ocağında dərs zəngi səslənir, sinif otaqları şagirdlərin səsləri bürüyür, müəllimlərin öyrədən, istiqamət verən, gələcəyə inam aşılayan dərsləri ilə müşayiət olunur. Müəllimlər doğma Şuşada yenidən tədris prosesinin iştirakçısı olmaqdan, bilik və təcrübələrini bu torpağın övladlarına ötürməkdən böyük qürur duyurlar. Onlar yalnız fənləri tədris etmir, eyni zamanda şagirdlərə Vətən sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq, tariximizə və mədəni irsimizə hörmət hissi aşılayırlar.

Digər təhsil müəssisələrində də aparılan quruculuq-bərpa işləri Şuşanın yalnız mədəniyyət deyil, həm də elm və təhsil mərkəzi kimi əvvəlki şöhrətinin bərpasına xidmət edəcək. Bütün bunlar göstərir ki, Şuşada yalnız binalar, yollar və tarixi abidələr deyil, həm də şəhərin elmi, təhsil və mədəni həyatının gələcəyi yenidən qurulur. Burada yetişən yeni nəsil yalnız doğma torpağında təhsil almaqla kifayətlənməyəcək, həm də Şuşanın zəngin tarixini, mədəni irsini və milli-mənəvi dəyərlərini yaşadaraq gələcək nəsillərə ötürəcək. Onlar bu qədim şəhərin tarixinin davamçıları, mədəniyyətinin qoruyucuları və gələcəyinin qurucuları olacaqlar.
Artıq bu gün biz görürük ki, Şuşa gündən-günə gözəlləşir, öz əvvəlki əzəmətinə qovuşur və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Bütün bunlar Böyük Qayıdışın real nəticələridir.

Bu sevinci bizə yaşatdığı, torpaqlarımızın azadlığı uğrunda canından keçən minlərlə şəhidimizin qanını yerdə qoymadığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımız sonsuz və hüdudsuzdur.