Tarix müəllimi Avrasiya çempionu oldu – MİQ-də 56 bal toplamışdı

11 Noyabr, 2026 - 10:50
Tarix müəllimi Avrasiya çempionu oldu

Azərbaycanlı şair, Vətən müharibəsi iştirakçısı Emin Piri natural bodibildinq və fitnes üzrə keçirilən Avrasiya çempionatında gümüş medal qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, İNBA (İnternational Natural Bodybuilding Association) tərəfindən keçirilən Avrasiya çempionatında "Men's Physique" kateqoriyasında yarışan şair ikinci yerə layiq görülüb.

​ O, Kulis.az-a açıqlamasında təəssüratlarını bölüşərək bu uğura gedən yoldan danışıb:

​"Üç ildir ki, ancaq ev şəraitində məşq edirdim. İşdən gələndən sonra və ya yaradıcılıqla məşğul olduğum vaxtlarda, adətən gecələr — saat 12-də, 1-də, 2-də, 3-də evdə məşqlərimi edirdim. Son iki ayda isə içimdə bir həvəs yarandı; həm özümü bu yaşda gənclərlə, həm də yaşıdlarım arasında sınamaq istədim.

​Məşqçimin dəstəyi, həm də özümün nizam-intizamım, sərt pəhrizlərimiz və ağır məşqlərimiz sayəsində yarışa qatılmaq qərarına gəldim. Müəllimimə mənə göstərdiyi böyük dəstəyə və xüsusən də bu prosesdə (həmin yeməklərin hazırlanmasında) daim yanımda olan anama sonsuz minnətdaram.

​Nəticədə, istədiyim hədəfə çatdım, amma, düzü, hansı hissləri yaşadığımı ifadə etməkdə çətinlik çəkirəm. İnşallah, təkcə yaradıcılıqla, şeirlə kifayətlənməyəcək, bundan sonra idman sahəsində də fəaliyyətimi davam etdirəcəyəm. Cəmiyyətdə təbii, sağlam bodibildinq və fitnes mühiti yaratmaq, sağlam həyat tərzini təbliğ etmək niyyətindəyəm. Şairliyim və yaradıcılığım da təbii ki, öz yerində davam edəcək.

​Göstərmək istədim ki, bir adam həm qazi, həm hərbçi, həm jurnalist, həm də şair, idmançı ola bilər. Hər şey insanın öz əlindədir. İnsan kamil varlıqdır və istəsə, bir neçə sahəni özündə cəmləşdirə bilər. Mən də məhz bunu sübut etməyə çalışdım".

Qeyd edək ki, Emin Piri həm də pedaqoji fəaliyyətlə məşğul olub. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu imtahanında tarix fənni üzrə maksimal 60 baldan 56 bal toplayıb. 2016-2017-ci illərdə Siyəzən rayonunun Dağ Quşçu kənd məktəbində, 2017-2022-ci illərdə isə Xızı rayonunun Türkoba kənd ümumi məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib.

Tarix müəllimi Avrasiya çempionu oldu
Tarix müəllimi Avrasiya çempionu oldu