Bir ömürlük qürur, bitməyən qardaş nisgili
8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən uğrunda canından keçərək adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazdıran şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların şərəfli ömür yoluna bir daha nəzər salırıq. Hər bir şəhidin həyatında bir xalqın taleyi, bir millətin qüruru, Vətənə sonsuz bağlılığın və torpaq sevgisinin ən ali nümunəsi yaşayır. Onların keçdiyi döyüş yolu, göstərdiyi igidlik, yarımçıq qalan arzuları və geridə qoyduqları unudulmaz xatirələr zaman keçdikcə daha böyük mənəvi dəyər qazanır.
Bu dəfə qəhrəmanlıq tariximizin səhifələrində özünəməxsus yeri olan şəhid Elnur Zeynalovun həyatına, döyüş yoluna və doğmalarının, onu tanıyanların yaddaşında yaşatdığı əziz xatirəsinə işıq salmaq məqsədilə onun qardaşı, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Ruslan Zeynalovla həmsöhbət olduq.
Uşaqlıqlarını doyunca yaşaya bilməyən iki qardaş
Elnur Zeynalov 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. 2002-ci ildə Akademik M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbdə daxil olub. 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2011-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2015-ci ildə ali hərbi məktəbi bitirib.
İlk xidmət yerinə – Ağstafa rayonundakı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunub. Xidmət etdiyi müddətdə bir sıra kurslar keçib. Uzun illər arzusunda olduğu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı hərbi hissəsinə təyinat alması isə onun peşəkar hərbçi tərəqqisində mühüm mərhələ olub.
Ruslan müəllim deyir ki, onlar həyatın çətinliklərini erkən yaşlardan hiss ediblər. Böyüdükcə valideynlərinin onları necə əziyyətlə böyütdüklərini daha yaxşı anlayıblar. Bəlkə də elə buna görə məsuliyyət hissi onlarda erkən formalaşıb: “Hər yaşın insana verdiyi bir düşüncə tərzi, bir ağırlıq var. Bizim o zamankı düşüncələrimiz isə yaşlı bir insanın düşüncələrindən fərqlənmirdi. Çünki uşaqlığı doyunca, dolu-dolu yaşaya bilmədik. Oyuncaqlarımızı belə həyətyanı sahəmizdə özümüz düzəldirdik”.
Onun sözlərinə görə, Elnur ilk növbədə sakitliyi, təmkini və soyuqqanlılığı ilə seçilirdi. Hətta uşaqlıq illərində baş verən hadisələrə belə yaşıdlarından fərqli yanaşarmış. Qardaşlar arasında cəmi bir yaş fərq olsa da, münasibətlərində böyüklüyə-kiçikliyə hörmət hər zaman qorunub. Bir-birlərinə daha çox ailə daxilində, gündəlik həyatın çətinliklərində dayaq olublar.
Ruslan müəllimin sözlərindən aydın olur ki, hərb sənətini seçmək Elnurun çoxdan verdiyi, lakin ailəsindən belə gizli saxladığı qərar olub: “Qardaşımın hərb sənətini seçməsi bizdən gizli qalıb. Hərbi liseyə daxil olduğu gün bildik ki, sənədlərini ora verib”.
Həmsöhbətimiz böyüdükləri mühitdən, ailələrində formalaşan dövlətçilik düşüncəsindən danışarkən Vətən sevgisini xüsusi vurğulayır. Onun fikrincə, bu sevgi yalnız sözlə ifadə olunan hiss deyil, insanın bütün həyatına istiqamət verən dəyərdir :“Bizim üçün Vətən hər kəsdən və hər şeydən öndədir!”.
Döyüşə gedərkən son telefon zəngi...
2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsi başlayanda qardaşı baş leytenant Elnur Zeynalov da döyüş meydanında olub. Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Ruslan onun döyüşə yollanmasını da təsadüfən öyrəndiyini bildirir. Elnur hərbi maşında olarkən zəng edib: “Təlimə gedirəm, çatım yerimə, xəbər edəcəyəm”. Ruslan isə həmin anda artıq hər şeyi başa düşüb: “Qardaşım 35 gün döyüşdüyü müddətdə heç bir gün ondan döyüş haqqında və ya hər hansı hərbi məsələ barədə sual verməmişəm. Sual versəydim belə, o cavab verməzdi. Çünki bu məxfilik qaydalarına ziddir”.
Ruslan qardaşının döyüş yolunun təfərrüatlarını əsasən onun döyüş və iş yoldaşlarından öyrənib. Oktyabrın əvvəllərində baş verən bir telefon danışığı isə Ruslanın yaddaşında xüsusi yer tutur: “Gecə mənə zəng vurdu. Dedi ki, “Narahat olma, hər şey yaxşı olacaq”. Mən ilk öncə məsələnin nə olduğunu başa düşmədim. Səhər yenidən zəng elədi. Yorğun səslə danışırdı. Başa düşdüm ki, döyüşdən qayıdıb, uzun danışa bilmədik, sağollaşdıq”.
Qızılqaya yüksəkliyində yazılan qəhrəmanlıq
2020-ci il oktyabrın 31-də Xocavənd rayonunun Qızılqaya yüksəkliyi uğrunda ağır döyüşlər gedib. Dəniz səviyyəsindən 432 metr yüksəklikdə yerləşən bu ərazi həmin gün Elnur Zeynalovla birlikdə dörd hərbi qulluqçunun həyatına son qoyub. Ruslan müəllimin sözlərinə görə, ərazinin mürəkkəb relyefi hərbi əməliyyatların aparılmasını çətinləşdirirdi. Lakin onlar qarşılarına qoyulan tapşırığı yerinə yetirmək üçün bütün çətinlikləri gözə alıblar.
Noyabrın 1-də Ruslan üçün həyatının ən ağır xəbərlərindən biri gəlib. Uzaqdan yaxınlaşan qohumunun qızarmış, yaşlı gözlərini görən kimi hər şeyi anlayıb.
Xəbər evə çatanda isə Ruslan özünü toparlamağa çalışıb. Valideynləri üçün möhkəm dayanmalı olduğunu düşünüb. Ardınca qardaşının döyüş yoldaşından zəng gəlib. O, Elnurun döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olduğunu bildirib.
Baş leytenant Elnur Zeynalov “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalları ilə təltif edilib. Ölümündən sonra isə “Qarabağ” ordeninə, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Öz oğluna Elnurun adını qoyub
Ruslan müəllim qardaşı haqqında həm fəxrlə, həm də böyük kədərlə danışır.
Bu gün Ruslan Zeynalov müəllim kimi qardaşının xatirəsini yaşadır. O, şagirdlərinə Elnurun həyatından, hərbi xidmətindən və döyüş yolundan danışır. Ancaq bu söhbətlər heç vaxt bir nəfərin qəhrəmanlığı ilə məhdudlaşmır: "Şagirdlərə qardaşımdan, onun döyüş yolundan bəhs edərkən təkcə onun haqqında deyil, bütün şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan söz açıram".
Ruslan müəllimin evində Elnura həsr olunan guşə var. Həmin guşədə qardaşının şəxsi əşyaları, kitabları, hərbi və mülki geyimləri, hərbi sertifikatları və diplomları qorunur. Elnur subay olub. Qardaşının adını yaşatmaq üçün Ruslan müəllim öz oğluna Elnurun adını qoyub. “Bu evdə ikinci bir qəhrəman böyüyür. O da böyüyüb əmisi kimi hərbçi olacaq”, – deyə qardaşının xatirəsini yaşadan müəllim bildirir.
Bu söhbət sadəcə bir qəhrəmanın həyat və döyüş yoluna dair xatirələrin bölüşülməsi deyildi. Bu, həm də Vətən sevgisini həyatının mənasına çevirən bir insanın mənəvi dünyasına səyahət, qardaş itkisi ilə barışmaqda çətinlik çəkən bir ürəyin nisgilinə şahidlik, zamanın belə silə bilmədiyi xatirələrin izinə düşmək idi. Ruslan Zeynalovun dilindən səslənən hər bir xatirədə Elnurun yalnız döyüş meydanında göstərdiyi şücaət deyil, gündəlik həyatda necə bir insan olduğu, ailəsinə, doğmalarına münasibəti, xarakteri, arzuları, həyata baxışı və Vətənə bağlılığı da gözümüz önündə canlanırdı.




