IT ixtisaslarına maraq azalır - Səbəb süni intellektdir, yoxsa mütəxəssis bolluğu?
Süni intellektin sürətlə inkişafı ali təhsil seçimlərinə də təsir göstərməyə başlayıb. Avstraliyada informasiya texnologiyaları (IT) ixtisaslarına qəbul olan tələbələrin sayı kəskin azalıb. Eyni zamanda bu sahənin məzunlarının işlə təmin olunması da əvvəlki illərlə müqayisədə zəifləyib. Eyni müzakirə texnologiya sektorunun böyüdüyü bir çox ölkədə gündəmdədir: süni intellekt gələcək mütəxəssislər üçün imkan yaradır, yoxsa risk?
Qəbul 12,4 faiz azalıb
Avstraliya hökumətinin məlumatlarına görə, ötən il əsas təhsil istiqamətləri arasında qəbulda ən böyük azalma IT ixtisaslarında qeydə alınıb. 2025-ci ildə kompüter elmləri, informasiya sistemləri və informasiya texnologiyaları proqramlarına 19 mindən çox yerli tələbə qəbul olunub ki, bu da 2024-cü illə müqayisədə 12,4 faiz azdır. Azalma həm bakalavriat, həm də magistratura səviyyəsində müşahidə edilib.
Bu tendensiya əvvəlki illərin dinamikasından kəskin fərqlənir. 2016-cı ildə IT ixtisaslarına 12 341 tələbə qəbul olunmuşdusa, 2024-cü ildə bu rəqəm 21 970-ə çatıb, yəni təxminən 78 faiz artıb. Bu artımda ölkənin 2030-cu ilədək 1,2 milyon texnologiya mütəxəssisinə ehtiyac duyacağı barədə proqnozlar da rol oynamışdı.
Məzunlar üçün iş tapmaq çətinləşir
Məşğulluq göstəriciləri də eyni mənzərəni göstərir. Tədrisin Keyfiyyəti Göstəriciləri (QILT) sorğusuna əsasən, IT ixtisaslarını bitirənlərin yalnız 65 faizi məzun olduqdan 4–6 ay sonra tam ştatlı işlə təmin olunur. 2022-ci ildə bu göstərici 76,6 faiz idi. Hazırkı nəticə bütün ixtisaslar üzrə orta göstəricidən də xeyli aşağıdır.
Səbəb süni intellektdir, yoxsa mütəxəssis bolluğu?
Manaş Universitetinin ali təhsil siyasəti üzrə mütəxəssisi Endryu Norton hesab edir ki, süni intellektlə yanaşı, IT məzunlarının sayının artması da əmək bazarında mütəxəssis bolluğuna səbəb ola bilər. Başqa sözlə, problem yalnız texnologiyada deyil, təklifin tələbi üstələməsində də ola bilər.
Manaş Universitetinin IT fakültəsinin dekan müavini Con Qrandi isə süni intellektin sektora mənfi təsir göstərəcəyi ilə bağlı narahatlığı əsassız sayır. Onun fikrincə, yeni texnologiya əksinə, yeni imkanlar yaradacaq. “Əksər insanların gözləntilərinin əksinə olaraq, IT sahəsindəki işlərə marağın artacağını düşünürəm. Bu, ənənəvi proqram təminatının hazırlanması və IT infrastrukturunun qurulması ilə məhdudlaşmaya bilər. Əksinə, IT həllərinin daha innovativ üsullarla tətbiqi ön plana çıxa bilər”, – deyə o bildirib. Qrandi mütəxəssis çatışmazlığının hələ də mövcud olduğunu və yaxın gələcəkdə aradan qalxmayacağını da vurğulayıb.
Ümumilikdə, Avstraliyada IT ixtisaslarına qəbulun azalması ilə məzunların məşğulluğundakı zəifləmə eyni dövrə təsadüf edir. Bəzi mütəxəssislər bu barədə süni intellektin təsirini önə çıxarır, digərləri məzunların sayının artması nəticəsində yaranan mütəxəssis bolluğuna işarə edir. Bu müzakirənin hansı istiqamətdə davam edəcəyi isə növbəti illərin qəbul və məşğulluq göstəricilərindən asılı olacaq.




