Uşaqların fikri ailədaxili qərarlarda nəzərə alınmalıdır - Dövlət Komitəsi

11 Noyabr, 2026 - 11:25
Uşaqların fikri ailədaxili qərarlarda nəzərə alınmalıdır

“Uşaqların fikirlərinin dinlənilməsi, yaşına və inkişaf səviyyəsinə uyğun olaraq ailədaxili qərarlarda iştirakının dəstəklənməsi, emosional ehtiyaclarının nəzərə alınması və şəxsiyyətinə hörmətlə yanaşılması sağlam ailə münasibətlərinin mühüm göstəriciləridir. Valideynlərin uşaq hüquqları barədə məlumatlı olması ilə yanaşı, bu bilikləri gündəlik münasibətlərdə tətbiq etməsi də xüsusi əhəmiyyət daşıyır”.

Bunu “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) bildiriblər.

Qeyd olunub ki, uşağın hüquqlarının qorunması, sağlam, təhlükəsiz və dəstəkləyici mühitdə böyüməsi ilk növbədə ailədən başlayır. Uşağın cəmiyyətlə ilk tanışlığı, ünsiyyət bacarıqları, etimad, məsuliyyət və qarşılıqlı hörmət kimi dəyərlərlə tanışlığı məhz ailədə formalaşır.

“Ailə yalnız uşağın fiziki ehtiyaclarının qarşılandığı və tərbiyə aldığı mühit deyil, həm də onun şəxsiyyət kimi inkişaf etdiyi, hüquqlarını tanıdığı və sosial davranış bacarıqları qazandığı fundamental institutdur. Uşağın hüquqlarının təmin edilməsi yalnız onun fiziki təhlükəsizliyinin və maddi ehtiyaclarının qarşılanmasını deyil, eyni zamanda psixoloji və emosional rifahının qorunmasını, fikirlərinə hörmətlə yanaşılmasını və fərdi inkişafı üçün əlverişli şəraitin yaradılmasını da əhatə edir”.

Dövlət Komitəsindən əlavə edilib ki, müasir ailə siyasətində ailə institutu uşağın rifahının təmin edilməsində fəal tərəfdaş kimi qəbul edilir. Bu yanaşma valideynlərin hüquqi məlumatlılığının artırılması, uşağın üstün mənafeyinin nəzərə alınması, fərdi inkişaf xüsusiyyətlərinə uyğun münasibətin qurulması və sağlam ünsiyyət mühitinin formalaşdırılmasını əhatə edir.
Ailədə bir-birini dinləmək, məsuliyyəti bölüşmək və uşağın inkişafında fəal iştirak etmək onun həm fərdi rifahına, həm də gələcək sosial münasibətlərinə təsir göstərir.

Komitədən valideynlərin maarifləndirilməsinin davamlı xarakter daşımasının vacibliyi də vurğulanıb:

“Valideynlik öyrənilən və inkişaf etdirilən prosesdir, sağlam ailədaxili münasibətlər isə öz-özünə formalaşmır. Bu münasibətlər davamlı diqqət, məsuliyyət, qarşılıqlı anlayış və gündəlik əmək tələb edir. Məhz buna görə maarifləndirməyə birdəfəlik fəaliyyət deyil, uzunmüddətli sosial investisiya kimi yanaşmaq vacibdir”.

Qeyd olunub ki, valideynlərin maarifləndirilməsində əsas məqsəd yalnız uşağın hüquqları və tərbiyəsi haqqında məlumat vermək deyil, həmin biliklərin ailə münasibətlərində tətbiqinə nail olmaqdır. Sağlam ünsiyyət haqqında məlumatlı olmaq kifayət etmir, bu bilik gündəlik davranışlarda qarşılıqlı hörmətə, etimada və məsuliyyətə çevrilməlidir.

Dövlət Komitəsi rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin edilməsini də ailələrin diqqət yetirməli olduğu mühüm məsələlərdən biri kimi qiymətləndirib.

Bildirilib ki, müasir dövrdə informasiya axınının qarşısını almaq nə mümkündür, nə də məqsədəuyğundur. Əsas məsələ uşaqların və valideynlərin informasiya ilə düzgün davranmağa hazırlanması, onlarda tənqidi düşünmə, düzgün seçim etmə və təhlükəsiz davranış bacarıqlarının inkişaf etdirilməsidir.

“Burada ailə ilə təhsil sisteminin əməkdaşlığı mühüm rol oynayır. Çünki uşağın formalaşmasını yalnız məktəbin və ya yalnız ailənin üzərinə qoymaq mümkün deyil. Ailədə başlayan dəyərlər təhsil mühitində möhkəmlənməli, təhsil mühitində qazanılan biliklər isə gündəlik davranışda öz əksini tapmalıdır”.

Komitədən uşaqların hüquqlarının qorunması və ailələrin maarifləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə də məlumat verilib.

Dövlət Komitəsi bunu da açıqlayıb ki, ailə institutuna təsir göstərən sosial proseslər öyrənilir, araşdırma və təhlillər aparılır, qanunvericiliyin və mövcud mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlanır. Bununla yanaşı, ailələr və uşaqlarla işləyən mütəxəssislərin peşəkarlığının artırılması istiqamətində işlər görülür.
Komitənin maarifləndirici layihələri, nəşrləri, sosial çarxları və rəqəmsal resursları vasitəsilə sağlam ailədaxili münasibətlər, məsuliyyətli valideynlik və müsbət ailə modelləri təşviq olunur.

Dövlət Komitəsindən xüsusilə həssas vəziyyətdə olan və əlavə dəstəyə ehtiyac duyan uşaqlarla iş zamanı mütəxəssislərin peşəkar hazırlığının əhəmiyyətinə də toxunulub.

Bildirilib ki, bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, ailələrin ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi və onların müvafiq dəstək mexanizmlərinə yönləndirilməsi uşaqların rifahının təmin olunması baxımından vacibdir.

Komitənin məlumatında uşaqların hüquqlarının müdafiəsində yalnız mövcud problemlərin həlli ilə kifayətlənməməyin, həmin problemlərin yaranma səbəblərinin vaxtında müəyyən edilməsinin və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi də vurğulanıb.

Qeyd edilib ki, bu məqsədlə ailələrin maarifləndirilməsi, sağlam ailədaxili münasibətlərin təşviqi və dəstək mexanizmlərinin gücləndirilməsi ilə yanaşı, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ailələr arasında əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

“Dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və ailələrin öz imkan və səlahiyyətləri çərçivəsində əlaqələndirilmiş fəaliyyəti uşaqların hüquqlarının qorunmasına, rifahının təmin edilməsinə və onların hərtərəfli inkişafı üçün əlverişli mühitin formalaşdırılmasına mühüm töhfə verir”.

Dövlət Komitəsindən o da əlavə olunub ki, ailə institutu yalnız uşağın hüquqlarının qorunduğu mühit deyil, həm də sağlam sosial münasibətlərin formalaşmasına və cəmiyyətin inkişafına töhfə verən tərəfdaş kimi qiymətləndirilməlidir. Valideynlə uşaq arasında düzgün dialoqun qurulması, uşağın bacarıqlarının inkişaf etdirilməsi və ailədə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşdırılması gələcəkdə məsuliyyətli valideynliyin və sosial etimadın möhkəmlənməsinə xidmət edir.