Alimlərin maaşlarının artırılmasına baxılmalıdır – Deputat

16 Noyabr, 2026 - 13:22
Alimlərin maaşlarının artırılmasına baxılmalıdır

“Ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa, artırılmasına baxılmalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. 

Deputat qeyd edib ki, əgər bu mümkün deyilsə, ən azı elmi dərəcələrə görə məbləğin artırılması məsələsinə baxılmalıdır.

C.Məmmədov həmçinin bildirib ki, məktəblər kimi klub və kitabxanalar da hazırkı dövrdə ideoloji mərkəzdirlər. Buna görə deputat klub və kitabxanalara yanaşmada da şəffaflıq və qənaətlə yanaşı, ideoloji funksiyanın da nəzərə alınmasını istəyib: “Bu gün ölkəmizə qarşı aparılan ideoloji işdə əsas hədəf kütləsi gənclərdir. İdeoloji işdə, eləcə də gənclər təşkilatlarının, gənclər mərkəzlərinin və olimpiya mərkəzlərinin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə əlavə dəstək mexanizmlərinin işlənilməsini təklif edirəm”.