"Uğur daim öyrənmək və yenidən cəhd etməkdir” – Dünya çempionu olan tələbə

13 Avqust, 2026 - 09:24
"Uğur daim öyrənmək və yenidən cəhd etməkdir”

Son dövrlərdə Azərbaycan gəncləri müxtəlif olimpiadalarda, elm, İT, incəsənət və idman sahələrində keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdə qızıl, gümüş və bürünc medallar qazanaraq ölkəmizi layiqincə təmsil edirlər.

Belə gənclərimizdən biri də UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin "Kompüter elmləri" ixtisasının IV kurs tələbəsi Aşurbəy Məmmədzadədir. O, Böyük Britaniyada keçirilən "International World Innovative Student Exhibition" – iWISE 2026 Dünya “Maze Solving Robot” kateqoriyası üzrə I yerə layiq görülüb və dünya çempionu olub.

"Azərbaycan müəllimi" oxucularını ölkəmizi uğurla təmsil edən tələbə ilə tanış edir.  

“Uğurlarımda müəllimlərimin xüsusi payı var”

2006-cı ildə Bakı şəhərində anadan olan Aşurbəy Məmmədzadə Pirallahı rayonunda yerləşən 243 nömrəli tam orta məktəbin məzunudur. 2023-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin "Kompüter elmləri" ixtisasına qəbul olunub və hazırda IV kurs tələbəsidir. Aşurbəy məktəb illərindən çox enerjili və fəal şagird olduğunu, dərsləri ilə yanaşı ictimai fəaliyyətlə məşğul olduğunu, müxtəlif mövzularda məqalələr yazdığını, daim özünü yeni sahələrdə sınamağa çalışdığını söyləyir: "Məktəb illərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinə müraciət etdim və bütün Azərbaycan üzrə aparılan seçimlər nəticəsində 15 uşaq səfirdən biri oldum. Daha sonra Məclisin İKT departamentinin direktoru kimi fəaliyyət göstərdim və ümumilikdə burada üç il çalışdım. Komandamla birlikdə müxtəlif rayon və ucqar kəndlərdə uşaqlar üçün rəqəmsal savadlılıq, internet təhlükəsizliyi və kibertəhdidlərdən qorunma mövzularında təlimlər keçirirdik. 2021-ci ildə isə seçimlərdən keçərək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak hüququ qazandım. Bu fəaliyyətlərin bir hissəsi abituriyentlik dövrümə təsadüf edirdi. Müəllimlərim  ictimai fəaliyyətimin dərslərimə mane olacağından narahat olsalar da, bəzi mövzuları müstəqil şəkildə öyrənərək akademik nəticələrimi qoruyurdum. Məhz həmin illərdə müstəqil öyrənmək və vaxtımı düzgün idarə etmək mənim üçün vərdişə çevrildi. Məni daim dəstəkləyən və daha böyük hədəflərə həvəsləndirən müəllimlərimin uğurlarımda xüsusi payı var”.

Türkiyə Prezidenti ilə görüş mənim üçün xüsusilə yaddaqalan təcrübələrdən biri oldu

Həmsöhbətim universitetə daxil olduqdan sonra  proqramlaşdırma, texnologiya, innovasiya və sahibkarlıq sahələrinə daha çox yönəlib. Əvvəlcə yerli startap və texnologiya müsabiqələrində uğurlar qazanıb, daha sonra isə diqqətini beynəlxalq arenalarda iştiraka yönəldib: "TEKNOFEST-də əldə etdiyim uğur və yarış çərçivəsində Türkiyə Prezidenti ilə görüş mənim üçün xüsusilə yaddaqalan təcrübələrdən biri oldu. Sonrakı illərdə İtaliya, Estoniya və Yunanıstan da daxil olmaqla müxtəlif ölkələrdə keçirilən beynəlxalq texnologiya və innovasiya yarışlarında birinciliklər və yüksək nəticələr əldə etdim. Bu uğurlar mənə hər dəfə daha böyük hədəflər qoymaq üçün əlavə motivasiya verdi.

Uğur yolumda yanımda olan və mənə inanan çox insan var. Məktəb illərində məni həvəsləndirən, potensialımı görüb daha böyük hədəflərə yönəldən müəllimlərim olub. Universitetə daxil olduqdan sonra da müəllim heyətinin, fakültə rəhbərliyinin və dekanlığın dəstəyini daim hiss etmişəm. Eyni zamanda dövlətimizin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək üçün xarici ölkələrə səfərlərimin bir qisminin reallaşmasında göstərilən bu dəstək mənim üçün çox dəyərli olub və özümü daha böyük beynəlxalq platformalarda sınamağıma imkan yaradıb. Amma bütün bunların içində mənim üçün tamam başqa yeri olan bir insan var. O da babamdır.

Babam uşaqlıqdan mənim üçün sadəcə ailə böyüyü deyil, həm də həyat yolunda örnək götürdüyüm insan olub. Xarakterimin formalaşmasında, xüsusilə çətinliklərə və uğursuzluqlara münasibətimdə onun çox böyük təsiri var. Mənə həmişə öyrədib ki, bir dəfə alınmaması heç nəyi bitirmir. Əsas məsələ yıxıldıqdan sonra ayağa qalxmaq, səhvini anlamaq və yenidən cəhd etməkdir. Sonralar yarışlara, layihələrə qoşulduqca bu sözlərin mənasını daha yaxşı anladım. Düşünürəm ki, məndə formalaşan “alınmadısa, bir də sınayaram” düşüncəsinin böyük hissəsi məhz ondan gəlir. Onun mənə dediyi çox sadə, amma mənim üçün böyük mənası olan bir cümlə var: “Səninlə qürur duyuram”. Bu sözləri hər dəfə eşidəndə tamam başqa güc hiss etmişəm. Babam mənə yalnız uğur qazanmağı deyil, uğura gedən yolda səbirli olmağı, zəhmətdən qaçmamağı və nə baş verirsə-versin yoluna davam etməyi öyrədib. Düşünürəm ki, hər insanın həyatında ona ürəkdən “mən sənə inanıram” hissini verən birinin olması böyük şansdır”.

Dünya çempionluğuna aparan yol

Universitet illərində proqramlaşdırma, robototexnika, innovasiya və sahibkarlıq sahələrində müxtəlif yarışlarda iştirak etdikcə Aşurbəy üçün bu müsabiqələrin mənası dəyişməyə başlayır. İlk vaxtlar əsas məqsəd nəticə qazanmaq idisə, sonradan başa düşüb ki, hər yarış əslində yeni bir məktəbdir. Orada yalnız biliklərini yoxlamır, həm də fərqli düşüncə tərzləri, yeni texnologiyalar və müxtəlif ölkələrdən olan gənclərlə tanış olurdu: "Beynəlxalq yarışlar bu baxımdan mənim üçün xüsusilə dəyərlidir. Dünyanın müxtəlif ölkələrindən gələn güclü tələbələr və gənc innovatorlarla ünsiyyət qurur, onların layihələrini görür, fikir və təcrübə mübadiləsi aparırdım. Bu əlaqələr mənə həm öz səviyyəmi daha obyektiv görməyə, həm də qarşıma daha böyük hədəflər qoymağa kömək edirdi. Bir yarış bitəndə mənim üçün proses bitmirdi; əksinə, növbəti dəfə özümü daha güclü və daha rəqabətli bir mühitdə sınamaq istəyi yaranırdı.

“iWISE” ilə tanışlığım da məhz belə bir dövrə təsadüf etdi. Beynəlxalq yarışları və yeni imkanları izləyərkən 2026-cı ilin əvvəlində bu müsabiqəni kəşf etdim və seçim prosesinə qoşuldum. İlkin və virtual mərhələləri uğurla keçdikdən sonra komandamızla birlikdə Böyük Britaniyada keçirilən dünya finalına vəsiqə qazandıq və Azərbaycanı təmsil etmək imkanı əldə etdik. Əslində, həmin finala aparan yolun arxasında illərlə proqramlaşdırma və robototexnika üzrə topladığım biliklər, fərqli yarışlarda qazandığım təcrübələr, uğursuzluqlardan çıxardığım nəticələr, komanda işi və beynəlxalq mühitdə qurduğum əlaqələr dayanırdı. Bu səbəbdən “iWISE” müsbiqəsinin  dünya finalına mən ayrıca bir yarış kimi baxmırdım. Mənim üçün bu, əvvəlki bütün mərhələlərin davamı, illərlə atılan addımların məntiqi nəticəsi idi. Məqsədim isə qazandığım bütün təcrübəni ortaya qoyaraq Azərbaycanı layiqincə təmsil etmək idi".

Qalibiyyət hər şeyin problemsiz getməsi deyil

Dünya finalında “JoshuaTech” komandası ilə “Maze Solving Robot” kateqoriyası üzrə  iştirak etdiklərini qeyd edən istedadlı tələbə hazırlıq prosesində əsas məqsədin robotun labirintdə istiqaməti düzgün müəyyən etməsi, qərarların dəqiq verməsi və marşrutu  mümkün qədər sürətli tamamlamasından ibarət olduğunu bildirir. Bunun üçün həm proqram təminatı, hərəkət alqoritmləri, həm də texniki quruluş üzərində uzun müddət işləyiblər. "Robototexnikada bəzən çox kiçik bir detal bütün nəticəni dəyişə bildiyi üçün hər sınaqdan sonra sistemi yenidən təhlil edir, zəif nöqtələri aradan qaldırmağa çalışırdıq. Finalın atmosferi isə tamam fərqli idi. “University of Surrey”-də müxtəlif ölkələrdən gələn, güclü universitet və texnoloji mühitləri təmsil edən gənclərlə eyni yarış meydanında olmaq həm böyük motivasiya, həm də ciddi məsuliyyət yaradırdı. Qarşındakı komandaların hazırlığını gördükcə yarışın səviyyəsini daha aydın hiss edirdin. Yarışın son anlarına qədər işləməyə və fərqli həllər sınamağa davam etdik. Mənim üçün həmin günün ən yaddaqalan tərəfi də məhz bu idi. Heç bir mərhələdə “artıq alınmayacaq” düşüncəsinə təslim olmadıq. Vaxt azaldıqca gərginlik artırdı, amma son ana qədər mübarizə ruhumuzu saxladıq.

Nəticələr açıqlananda “Maze Solving Robot” kateqoriyası üzrə I yer qazandığımızı və dünya çempionu olduğumuzu eşitmək çox fərqli hiss idi. Xarici ölkədə öz ölkəni təmsil edib dünya çempionu kimi geri qayıtmaq mənim üçün sadəcə medal qazanmaq deyil, çəkilən zəhmətin və son ana qədər mübarizə aparmağın qarşılığını görmək idi. Bu yarış mənə bir daha göstərdi ki, qalibiyyət hər şeyin problemsiz getməsi deyil. Bəzən qalibiyyət məhz problem yarandığı anda geri çəkilməmək və son ana qədər çıxış yolu axtarmaqdır".

İnnovativ gəncin əsas maraq dairəsi süni intellekt və sahibkarlıqdır. Xüsusilə onu cəlb edən məqam bir ideyanın sadəcə fikir olaraq qalmaması, texnologiyanın köməyi ilə real problem həllinə, daha sonra isə insanların istifadə etdiyi məhsula çevrilməsidir. Buna görə startap ekosistemi onun üçün yalnız maraq sahəsi deyil, artıq gündəlik fəaliyyətinin bir hissəsidir: "Özüm müxtəlif startap layihələri üzərində çalışıram, eyni zamanda bu sahədə qazandığım təcrübəni başqa gənclərlə bölüşməyə çalışıram. Hazırda UNEC Biznes Mərkəzində texnoloji innovasiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərirəm. Burada tələbələrin və gənclərin ideyalarının inkişafına dəstək olur, startap layihələrinə mentorluq edirəm. Mənə ən maraqlı gələn anlardan biri ilkin mərhələdə sadəcə bir fikir kimi səslənən ideyanın zamanla formalaşaraq real layihəyə çevrildiyini görməkdir. Süni intellekt sahəsindəki yenilikləri də daim izləyir, onların müxtəlif sahələrdə hansı yeni imkanlar yaratdığını araşdırıram. Gələcək fəaliyyətimi də məhz süni intellekt, texnologiya və sahibkarlığın kəsişdiyi nöqtədə görürəm.

Bununla yanaşı, həyatımı yalnız texnologiya ilə məhdudlaşdırmıram. Səyahət etməyi çox sevirəm. Yeni ölkə və şəhərləri görmək, fərqli mədəniyyətlərlə tanış olmaq mənə dünyaya başqa prizmadan baxmağa imkan verir. Futbol və idman da sevdiyim məşğuliyyətlərdəndir. Sosial fəaliyyət isə məktəb illərindən həyatımın ayrılmaz hissəsidir.Yeni insanlarla tanış olmaq, fərqli mühitlərdə fikir mübadiləsi aparmaq və daim hərəkətdə olmaq mənə enerji verir. Düşünürəm ki, maraqlarımın hamısında yenilik görmək, yeni insanlardan nəsə öyrənmək və qarşıma çıxan ideyanın haraya qədər inkişaf edə biləcəyini sınamaq kimi ortaq bir cəhət var”.

“Öyrənmək və öyrəndiklərimi bölüşmək xarakterimdə həmişə olub”

Aşurbəyin gələcəklə bağlı əsas istəyi süni intellekt və texnoloji sahibkarlıq sahəsində başladığı yolu daha böyük miqyasda davam etdirməkdir. O, dünyanın qabaqcıl texnologiya mühitlərində hansı yeniliklərin yarandığını, startapların necə inkişaf edib böyük şirkətlərə çevrildiyini yaxından görmək, oradakı təcrübəni öyrənmək və ən əsası, bunları bir gün Azərbaycanda tətbiq etmək istəyir: “Gələcəkdə özümü ölkəmizin aparıcı texnologiya şirkətlərində süni intellekt və innovasiya istiqamətində çalışan, yeni məhsulların yaradılmasında iştirak edən biri kimi görürəm. Bununla yanaşı, öz startaplarımı da böyütmək istəyirəm. 
Öyrənmək və öyrəndiklərimi bölüşmək xarakterimdə həmişə olub.Məktəb illərində bunu uşaqlara rəqəmsal biliklər öyrətməklə edirdim, bu gün isə startap və texnologiya sahəsində qazandığım təcrübəni digər gənclərlə bölüşür, onların ideyalarının inkişafına dəstək oluram. İstəyirəm ki, gələcəkdə bunu daha geniş miqyasda davam etdirim və daha çox gəncin qarşısında yeni yolların açılmasına kömək edə bilim”. 

Alınsa, nəticə qazanırsan, alınmasa, təcrübə 

Aşurbəy Məmmədzadə uğurun sirrini yalnız çox çalışmaqda görmür. Onun fikrincə, zəhmət, intizam və davamlılıq vacibdir, amma bu keyfiyyətlərlə yanaşı insanın dəyərləri də böyük rol oynayır: “Öz təcrübəmdən görmüşəm ki, bəzən heç də hər hansı bir iş istədiyin kimi alınmır.Bəzən qalib gəlirsən, bəzən isə böyük zəhmətdən sonra nəticə əldə etmirsən. Mən belə məqamlarda bir şeyi düşünürəm: alınsa, nəticə qazanırsan, alınmasa - təcrübə. Ona görə də uğuru bir son nöqtə kimi görmürəm. Mənim üçün uğur daim öyrənmək, yenidən cəhd etmək, daha böyük məqsədlərə doğru getmək və bütün bunları edərkən yaxşı insan olaraq qala bilməkdir".

"Uğur daim öyrənmək və yenidən cəhd etməkdir”