"Peşə seçimində cins fərq yaratmır" - “Kişi peşəsi” stereotipini qıran qızlar
Azərbaycan qadını üçün traktorun sükanı arxasında görünmək qətiyyən təəccüblü deyil.Traktorun sükanı arxasında uğur qazanan Sevil Qazıyevanın yolu bu gün də ənənəvi olaraq daha çox kişilərin üz tutduğu peşələri seçən qadınlara nümunədir.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Zəhra Əmirzadə və Ləman Məhərrəmova da bu yolu seçən gənc qadınlardandır.
Zəhra kənd təsərrüfatı və inşaat texnikalarının istismarı, Ləman isə baytarlıq sahəsində bilik və bacarıqlarını artırır. Fərqli ixtisaslar üzrə təhsil alsalar da, hər ikisini bir məqsəd birləşdirir: sevdikləri peşəyə yiyələnmək, özlərini inkişaf etdirmək və gələcəkdə uğurlu mütəxəssis kimi yetişmək. Onların hekayəsi göstərir ki, peşə seçiminin cinsiyyətlə deyil, maraq, həvəs və bacarıqla əlaqəsi var.
“İstəyirəm ki, öz istixanalarım olsun”
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Zəhra Əmirzadə “Azərbaycan müəllimi”nə deyib ki, ixtisas seçimi zamanı kişilərə və qadınlara münasibətdə ayrı-seçkilik edilməməlidir: “Əsas odur ki, insan işini bacarsın. Düşünürəm ki, peşə seçimində cins fərq yaratmır. Bir peşəni seçmək üçün insanın qız və ya oğlan olması əsas deyil. Əsas olan maraq, həvəs və bacarıqdır”.
Gənc qəhrəmanımız gələcək planlarını yalnız bu ixtisasla məhdudlaşdırmır. Hazırda “Kənd təsərrüfatı və inşaat texnikalarının istismarı” ixtisası üzrə yüksək texniki peşə təhsili alan Zəhranın başqa sahələrdə də arzuları var:
“Mən bu peşəni seçdim, çünki özümü fərqli sahələrdə inkişaf etdirmək və yeni biliklər qazanmaq istəyirəm. Gələcəkdə yalnız bu ixtisas üzrə mütəxəssis kimi işləməyi deyil, həm də gülçülük və istixana sahəsində fəaliyyət göstərməyi düşünürəm. İstəyirəm ki, öz istixanalarım olsun, müxtəlif güllər və bitkilər yetişdirim, bu sahədə özümü inkişaf etdirim. İnanıram ki, bu ixtisas üzrə qazandığım biliklər gələcəkdə mənə kömək edəcək. Məqsədim öz peşəmi yaxşı öyrənmək, müstəqil olmaq və gələcəkdə öz işimi qurmaqdır. Buna görə də seçdiyim ixtisasın həm bu günüm, həm də gələcəyim üçün faydalı olacağını düşünürəm. Bu yolda istehsalat təlimi ustası Müşfiq Məmmədovun dəstəyinə arxalanıram. Hələlik həftə ərzində az görüşürük, amma istehsalat təlimlərində daha tez-tez olacağımız bildirilir. Əminəm ki, Müşfiq müəllimdən bu peşənin peşəkarı olmaq üçün ehtiyacım olan hər şeyi öyrənəcəyəm”.
Atası hərbçi olduğu üçün tez-tez məktəb dəyişdiyini deyən Zəhra hazırda təhsilini İsmayıllıda davam etdirməyi problem hesab etmir:
“Xırdalanda 9 nömrəli, Göyçayda isə 3 nömrəli tam orta məktəbdə oxudum. Atam hərbçi olduğu üçün Xankəndinə getməli olduq. Burada 4 nömrəli tam orta məktəbin IX sinfini bitirdikdən sonra bu peşəyə yönəldim. İndi isə İsmayıllıdayam”.
Kənd təsərrüfatı sahəsinə marağı olan Zəhra gələcəkdə bu istiqamətdə təhsilini davam etdirmək niyyətindədir:
“Burada təhsilimi başa vurduqdan sonra universitetdə oxumaq istəyirəm”.
Anası da aqronom olan Zəhra kənd təsərrüfatı sahəsinə uşaqlıqdan maraq göstərdiyini deyir:
“Anam aqronom olsa da, mən də bu ixtisası özüm araşdırdım. İnternetdəki məlumatlardan ixtisasın perspektivli olduğunu öyrəndim. Valideynlərim də seçimimi dəstəkləyir, hər qərarımda yanımda olduqlarını bildirirlər”.
“Çətinlik olur, lakin bu, mənim üçün maneə deyil”
“Baytar texniki” ixtisası üzrə təhsil alan Ləman Məhərrəmova da peşəsini sevərək seçib:
“Kənd təsərrüfatının və heyvandarlığın inkişafı həm də savadlı, təcrübəli baytar kadrlarından asılıdır. Buna görə də bu sahəyə üz tutdum. Xüsusilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunu seçdim. Qobustan korpusu yeni olsa da, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin bu istiqamətdə kadr hazırlığı təcrübəsinin burada da mühüm rol oynayacağını düşündüm”.
Ləman tədrisin keyfiyyətindən razıdır: “Təhsil ocağında dərslər yüksək səviyyədə təşkil olunur”.
Bakı şəhərinin Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına 274 nömrəli tam orta məktəbdə tam orta təhsilini başa vuran Ləman baytar olmaq arzusundan danışıb:
“Hər zaman arzum olub. Bu gün isə aldığım təhsil məni həmin arzuya addım-addım yaxınlaşdırır. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda əldə etdiyim bilik və bacarıqlar sayəsində gələcəkdə peşəkar mütəxəssis olacağıma və bu yolda uğur qazanacağıma inanıram”.
Bakının Binəqədi rayonunda yaşayan Ləman hər gün bu arzusuna doğru irəliləmək üçün Qobustana gedib-gəlir:
“Çətinlik olur, lakin bu, mənim üçün maneə deyil”.
Baytar olmaq arzusunda olan Ləman peşə təhsili üçün ixtisas seçərkən xeyli araşdırma apardığını deyir:
“Mən bu barədə çox araşdırma apardım. Müşahidələrimə əsasən deyə bilərəm ki, baytarlıq ixtisası həqiqətən də dərin bilik tələb edir. Bəzən bu biliklərə yiyələnməkdə çətinlik çəkirəm, amma heyvanları çox sevməyim bu ixtisasa daha məsuliyyətlə yanaşmağımda əsas rol oynayır. Burada əldə edəcəyim biliklər sayəsində heyvanların xəstələnməsinin qarşısını almağa və onların sağlamlığını qorumağa kömək edə biləcəyəm”.




