Müəllimin sualı onları Silikon Vadisinə qədər apardı – Uğur hekayəsi

25 Sentyabr, 2026 - 11:08
Müəllimin sualı onları Silikon Vadisinə qədər apardı

Tələbəlik illəri adətən nəzəri biliklərin toplandığı və gələcək xəyalların qurulduğu dövr kimi xatırlanır. Lakin İdris Məmmədov və Ramin Oruclu üçün Türkiyədəki təhsil illəri təkcə mühazirə otaqları ilə məhdudlaşmayıb. Onlar xəyal etmək yerinə ideyalarını real biznesə çevirməyi seçiblər. OSTİM Texniki Universitetinin startap ekosistemində formalaşan bu tərəfdaşlıq Azərbaycanda yeni bir şirkətin yaranması ilə nəticələnib. Bu gün iki gənc təsisçinin yaratdığı “Eduropy” platforması artıq okeanın o tayından – Silikon Vadisinin nəhəng innovasiya platformalarından olan “Plug and Play Tech Center”in GOAL (Global Overseas Acceleration & Learning) proqramından dəvət alaraq beynəlxalq aləmə addım atır.

“Azərbaycan müəllimi” gənc startapçılarla həmsöhbət olub, onların Türkiyədəki təhsil mühitindən, təhsil texnologiyalarındakı innovativ ideyalarından və qlobal hədəflərindən söz açıb.

Onlar üçün macəra OSTİM Texniki Universitetində “Kompüter mühəndisliyi” üzrə bakalavr təhsili alarkən başlayıb. İkinci kursda tanış olan İdris və Ramin qısa müddətdə dərk ediblər ki, onları birləşdirən ortaq bir maraq var: yeni layihələr yaratmaq və fərqli ideyalar üzərində işləmək. İki gənc birlikdə bir neçə təlim platforması, universitetdaxili layihələr və sosial məsuliyyət təşəbbüslərində güclərini sınayıblar.

“Mühəndislik real həyat problemləri üçün işlək həllər yaratmaqdır”

Mühəndislik onların hər ikisi üçün dünyaya baxış tərzi idi. İdris hələ məktəb illərindən ingilis dilini inkişaf etdirərək beynəlxalq mühitdə çalışmaq məqsədini qarşıya qoymuşdu. Onun üçün bu sahə birbaşa həyatla bağlıdır: “Kompüter mühəndisliyini seçməyimin əsas səbəbi mühəndisliyə olan marağımdır. Hələ məktəb illərindən qarşıma çıxan problemlərə fərqli həll yolları tapmaq, yeni bir şey yaratmaq, mövcud olanı inkişaf etdirmək mənə maraqlı olub. Mənim üçün mühəndislik sadəcə texnologiya ilə işləmək deyil, real həyatda olan problemləri müəyyən edib onlar üçün işlək həllər yaratmaqdır”.

Kompüter bir növ insan düşüncəsini genişləndirən “rəqəmsal beyindir”

Ramin üçün isə texnologiya bəşəriyyətin əlindəki ən güclü alət, kompüter isə insan imkanlarını genişləndirən bir vasitədir: “Hər zaman texnologiyanı bəşəriyyətin yaratdığı ən güclü alət kimi görmüşəm. Düzgün istifadə olunduğu zaman insanların həyatını yaxşılaşdırmaq üçün böyük potensiala malik olduğuna inanıram. Kompüter isə bu yolda mənim üçün sadəcə bir cihaz deyil, bir növ insan düşüncəsini və imkanlarını genişləndirən “rəqəmsal beyindir””.

Bir sual hər şeyin başlanğıc nöqtəsi oldu

Müsahibimiz Ramin hələ birinci kursda oxuyarkən yeni başlayanlar üçün proqramlaşdırma öyrədən “Kodbayt” adlı platforma qurduğunu söyləyir. Mütəxəssislərlə əlaqə saxlayarkən müəllimlərdən birinin verdiyi “Mən bu platformada öz kursumu yarada bilərəm?” sualı hər şeyin başlangıc nöqtəsi olub: “O zaman anladıq ki, müəllimlərin və müxtəlif sahələr üzrə ekspertlərin öz biliklərini kurslara çevirməsini asanlaşdıran müasir alət yoxdur. İdrislə birlikdə bu problemin üzərində işləməyə başladıq. Araşdırmalarımız göstərdi ki, problem düşündüyümüzdən də böyükdür və süni intellektin inkişafı ilə belə alətlərə ehtiyac daha da artacaq”.

İki dost diqqətlərini əvvəlcə korporativ təlimlərə yönəldiblər. Türkiyədə müxtəlif şirkətlərlə işlədikcə işə adaptasiya, əməkdaşların inkişafı və uyğunluq təlimlərinin nə qədər vacib olduğunu görüblər. Azərbaycandakı rəqəmsallaşma dalğasını və bu sahədəki boşluğu nəzərə alaraq, “Eduropy”ni şirkətlərə süni intellektlə korporativ təlimlər yaratmağa, onları paylaşmağa və izləməyə imkan verən vahid platformaya çeviriblər.

“İdeyanın dəyəri onun real problemin həllinə nə qədər xidmət etməsi ilə ölçülür”

Startap mühitində ən çətin mərhələ, yəqin ki, ideyanın kağız üzərindən çıxıb real bazarda özünə yer tapmasıdır. İdris və Ramin bu prosesdə OSTİM Texniki Universitetinin Texnologiya Transfer Ofisinin və universitet daxilindəki startap mühitinin böyük dəstəyini xüsusi qeyd edirlər: “Bu layihələr bizə bir ideyanın sadəcə yaxşı fikir olaraq qalmasının kifayət etmədiyini, onu real istifadəçi ehtiyacı ilə əlaqələndirmək və sınaqdan keçirmək lazım olduğunu öyrətdi. Əslində, OSTİM-də qazandığımız ən böyük təcrübələrdən biri də bu oldu: ideyanın dəyəri onun nə qədər maraqlı olmasından çox real problemin həllinə nə qədər xidmət etməsi ilə ölçülür”, – deyə İdris qeyd edib.

Startapın daxilində rollar da təbii şəkildə bölünüb. İdris mühəndisliklə yanaşı, şirkətin strateji istiqamətinin formalaşdırılması, məhsulun inkişafı, biznesin inkişafı və satış proseslərinə rəhbərlik edir. Ramin isə icraçı direktor olaraq məhsulun texniki inkişafı, dizayn, məhsul strategiyası, marketinq və satışın təşkilində aktivdir.

Ramin məhsulun keyfiyyətini istifadəçi rəyləri ilə şərtləndirir: “Ən çox önəm verdiyimiz məsələlərdən biri istifadəçilərlə davamlı əlaqə saxlayıb geri dönüş almaqdır. Onların ehtiyaclarını və qarşılaşdıqları problemləri mütəmadi öyrənərək məhsulu davamlı yeniləyir, daha sadə və effektiv istifadəçi təcrübəsi yaradırıq”.

“Eduropy”nin sadəcə bir layihə olmadığını, beynəlxalq miqyasda inkişaf edə biləcəyini gördükdən sonra gənclər onu Azərbaycanda rəsmi şirkət kimi qeydiyyatdan keçirirlər. İki ölkə arasında mütəmadi gedib-gəlmək müəyyən çətinliklər yaratsa da, Türkiyədə qazandıqları geniş şəbəkə və fərqli insanlarla işləmək təcrübəsi bu çətinlikləri üstələməyə kömək etdi.

“Türkiyədə universitet mühiti yalnız dərslərlə məhdudlaşmır”

Hər iki tələbə hazırda Gazi Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə magistratura təhsili alır. Türkiyədəki təhsil illərini dəyərləndirən İdris qeyd edir ki, buradakı mühit yalnız akademik biliklərlə məhdudlaşmır: “Türkiyədə tələbələr üçün həm akademik, həm də sahibkarlıq baxımından kifayət qədər geniş imkanlar var. Mənim üçün ən böyük fərqlərdən biri universitet mühitinin yalnız dərslərlə məhdudlaşmamasıdır. Tələbə burada həm yeni biliklər qazanmaq, həm müəllimlərdən öyrənmək, həm də öz ideyalarını sınamaq üçün imkan tapa bilir. Xüsusilə sahibkarlıq və startap mühiti mənim üçün çox faydalı oldu. Universitetdə yalnız nəzəri bilik almaqla kifayətlənməyib, ideyanı layihəyə çevirmək, komanda ilə işləmək və real insanlarla həmin ideyanı müzakirə etmək imkanımız oldu. “Eduropy”nin formalaşmasında da bu mühitin böyük rolu var.

Mənfi tərəf kimi isə təbii olaraq dərs yükünü qeyd edə bilərəm. Kompüter mühəndisliyi kifayət qədər tələbkar ixtisasdır və bunun üzərinə layihələr, tədbirlər və digər fəaliyyətlər əlavə olunanda vaxtı düzgün bölmək vacib olur. Amma düşünürəm ki, bu da tələbəlik həyatının bir hissəsidir və insana məsuliyyətli olmağı öyrədir. Ümumilikdə Türkiyədə tələbəlik mənim üçün yalnız universitetdə təhsil almaq demək olmayıb. Eyni zamanda yeni insanlarla tanış olmaq, müxtəlif layihələrdə iştirak etmək, özümü sınamaq və gələcəkdə nə etmək istədiyimi daha yaxşı anlamaq imkanım olub”.

Ramin isə Türkiyənin beynəlxalq tələbə mühitinə və şəbəkələşmə imkanlarına diqqət çəkir: “Türkiyədə dünyanın müxtəlif ölkələrindən gələn tələbələrlə tanış olmaq, fərqli düşüncə tərzləri ilə qarşılaşmaq mümkündür. Azərbaycanla müqayisədə Türkiyə hazırda beynəlxalq təhsil mühitində daha geniş tanınır və böyük tələbə ekosisteminə malikdir. Əhali və universitet miqyası fərqini də nəzərə almaq lazımdır. Türkiyədə tələbələrin şəbəkələşmə, sosial fəaliyyətlərdə iştirak, müxtəlif tədbirlərə qatılmaq və fərqli sahələrdən insanlarla əlaqələr qurmaq imkanları daha genişdir. Məncə, bu mühit tələbənin yalnız akademik deyil, həm də sosial və peşəkar inkişafına ciddi töhfə verir”.

“Eduropy”nin beynəlxalq miqyasda qazandığı ən böyük uğurlardan biri ABŞ-nin Silikon vadisində yerləşən nəhəng “Plug and Play Tech Center”in GOAL (Global Overseas Acceleration & Learning) proqramına qəbul olunmasıdır. Bu proqram gənc təsisçilərə dünyanın müxtəlif ölkələrindən olan sahibkar, investor və innovasiya liderləri ilə eyni mühitdə olmaq imkanı verir.

İdrisin sözlərinə görə, bir azərbaycanlı olaraq Türkiyədə təhsil aldıqları müddətdə bir ideya üzərində işləməyə başlayıb onu məhsula və şirkətə çevirmək, daha sonra beynəlxalq ekosistemdə təmsil etmək çox xüsusi əhəmiyyət daşıyır: “Silikon Vadisində əldə edəcəyimiz təcrübələri və quracağımız əlaqələri gələcəkdə Azərbaycandakı fəaliyyətimizdə tətbiq edəcəyik.
Qarşıdakı dövr üçün əsas hədəf Azərbaycanda rəqəmsallaşma prosesinə töhfə verməkdir. İlk mərhələdə orta ölçülü bizneslərdən başlayaraq şirkətlərdə korporativ təlimləri süni intellekt vasitəsilə daha əlçatan və səmərəli etməyi planlaşdırırıq”.

Uzunmüddətli perspektivdə isə gənclərin məqsədi kifayət qədər iddialıdır. Ramin “Eduropy”nin gələcək vizyonunu belə xülasə edir: “Uzunmüddətli məqsədimiz “Eduropy”ni öz sahəsində dünyanın aparıcı platformalarından birinə çevirməkdir. Məqsədimiz mümkün qədər çox şirkətə əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirməsinə, onları dəyişən iş dünyasına və yeni texnologiyalara daha sürətli uyğunlaşdırmasına kömək etməkdir”.

İdris Məmmədov və Ramin Oruclunun hekayəsi gənc azərbaycanlıların qlobal texnologiya xəritəsində öz sözünü deməyə qadir olduğunun parlaq sübutudur.