“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan çempion müəllim

28 Avqust, 2026 - 18:36
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan

İdmançı uşaqların universitetə hazırlaşmaq bəhanəsi ilə idmanı buraxdığı yaşda o, idmana başlayıb. Kəndlərinə gələn bədən tərbiyəsi (indiki fiziki tərbiyə) müəllimi ilə məşq edib respublika çempionu olub.

 Atletika üzrə Azərbaycan SSR-in yığma komandasına seçilib, məzun olana qədər kənddən Bakıya təlim məşq toplanışına gedib. Sonra müəllim olub, ömrünü müəllimliyə bağlayıb. Beynəlxalq dərəcəli hakim olub idmandan da uzaqlaşmayıb.

Bir sözlə, “Azərbaycan müəllimi”ndə hekayəsini təqdim etdiyimiz Nemət Heydərovun ömür yolu kitabdan ayrılmadan da çempion olmağın, çempion kimi akademik uğurlar qazanmağın mümkünlüyünün bariz sübutudur.
Nemət Heydərov tanınmış hakim, “Əməkdar müəllim”dir.Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Atletikanın həm nəzəriyyəsini, həm  praktikasını tədris edir və bir çoxlarının arzuladığı böyük nailiyyətlər qazanıb. Ailəsində ilk və yeganə oxuyan o olub, bir çox ilklərə imza atıb.

Kənd məktəblisi ölkənin yığma komandasında 
 
Nemət müəllim məktəbi çox sevib. Deyir məktəb yollarını qaça-qaça gedib-gəlib. Ona görə o çempion olanda heç kimdə təəccüb yaratmayıb: “Əslində, hərbçi olmaq istəyirdim, ola bilsəydim...”. 
VI sinfə qədər bu arzuyla yaşayıb: “İdman bir az da hərbə yaxındır və mən idmanla məşğul olmaqdan zövq aldım. Çünki qaçmağı da sevirdim, məktəbə qaça-qaça gedib-gəlirdim. Qarda ayaqyalın getdiyim vaxtlar olmuşdu. Evimizlə məktəb arasında meşə vardı.  Həmin meşəni qaçaraq keçirdim. İndi düşünürəm ki, mənim üçün nə qədər təhlükəli imiş”.

Beləliklə, çox bərk qaçıb məktəbli Nemət. Onun Masallı rayonunun Məmmədrzakücə kəndindən başlayan qaçış yolu əvvəl meşənin o tayındakı məktəbə, sonra çempionluğa qədər uzanıb. “Çempion olanda hələ kənd məktəbinin şagirdi idim”, - deyən müsahibimi çempion edən onun bədən tərbiyəsi müəllimi (indi fiziki tərbiyə müəllimi – R.D.) olub: “Məktəbimizə Bədən tərbiyəsi müəllimi gəldi.  Yaşlıxan İmamyarov müəllim gənc və dinamik bir müəllim idi. Siniflər arasında tez-tez yarışlar təşkil edirdi. Diqqətini çəkən uşaqları seçib məktəbimizin yaxınlığında boş əraziyə çağırır, orda bizə məşq keçirdi. Onun gəlişi ilə məktəbimizdə idman dirçəldi. O bizə idmanı sevdirdi, bu sahənin nə qədər aktual olduğunu göstərdi. Qaçmaq üzrə bacarığımı qiymətləndirdi, inkişaf etdirdi və çempion etdi”.
Müəlliminin yönləndirməsi ilə Nemət Heydərov 13 yaşından daha böyük məqsədə, daha ali hədəfə doğru qaçmağa başlayıb. İdman onun üçün bir seçim deyil, cəmiyyət arasına çıxmaq, mövqe tutmaq üçün bir çıxış yolu idi: “Kənd uşağı idim, idmanı həyatımın mərkəzinə qoymağım da bir az da bununla bağlı idi. İdman mənim çıxış yolum idi”.

Amma onun getdiyi yollar çoxları üçün cığır sayılırdı: “15 yaşımda yığma komandaya düşdüm, rayon, sonra zona, daha sonra ölkə çempionu oldum.”.

İdman, sadəcə çıxış yolu olmayıb, onun həyatını yaşıdlarından fərqləndirib, rəngləndirib. O, yığma komandanın tərkibinə daxil edilib: “Yığma komandaya əyalətdən olan uşaqlar düşə bilmirdilər, çünki Bakıda infrastruktur vardı və bu şəraitdə yetişən uşaqlar çox güclü idi. Təsəvvür edin ki, Bakıya təlim məşq toplanışlarına, ya da yarışlara gəlirdim, mən qaçış üçün xüsusi bir yol olduğunu, xüsusi geyimlər hazırlandığını onda öyrəndim, atletlərə məxsus yüngül ayaqqabıları Bakıya gələndə gördüm. Hətta indi də sintetik qaçış yolu hər yerdə yoxdur, ancaq Bakıda, Mingəçevirdə və Zaqatalada var”.

Məktəbli ikən qazanmağı öyrənib

Çox kasıb bir ailənin üzvü olan Nemət Heydərov üçün Bakıya gedib-gəlmək çətin deyildimi? Nemət müəllim deyir öz qazancı ona yetib: “. Gediş-gəlişim təmin edilirdi, qalmağımı aldığm qonorarla ödəyirdim”.

Tələbə olanda da təqaüd alan 2 nəfərdən biri olub: “Həm yığmanın üzvü idim, həm də qiymətlərim yaxşı idi, ona görə institutda əlaçı təqaüdü alırdım. Hətta yeri düşəndə ailəm üçün nəsə etməyə çalışırdım. Amma atam icazə vermirdi, “Sən oxu, mənim bəsimdir”, - deyirdi”.

Müəllimlikdə “gizli arzusu” 

1983-cü ilə qədər parlaq yeniyetmə atlet kimi irəliləyib, inkişaf edib. Həmin il həytatının növbəti mərhələsi üçün yeni qapı açılıb və o, tələbə olub. Bu qapıda onun orta məktəbdən sevdiyi hər iki xətt – kitablar və atletika birləşirdi. Həm idman nailiyyətləri, həm təhsili ilə diqqət çəkib və uğur əldə edib. 1989-cu ildə indiki Bədən tərbiyəsi və İdman Akademiyasında müəllim kimi işə başlayıb. Beləliklə, taleyi tələbə kimi daxil olduğu Akademiyaya ömürlük bağlanıb.

İndi tələbələrinin sevimli müəllimidir: “Mühazirə materiallarını yeniləyir, idman sahəsində nə yenilik olsa, dərslərimizdə  qeyd edirəm. Gənclərdə motivasiya yaratmaq üçün tez-tez məşhur idmançılarla, dünya çempionları ilə onların görüşlərini təşkil edirəm. Bu, məşhur idmançılarımız üçün də böyük stimul olur. İdmançı kimi bilirəm ki, qazanmaq, yaxşı yaşamaq bir yana, şöhrət, qiymətləndirilmək idmançılar üçün çox vacibdir”.

Nemət müəllim deyir müəllimlikdə “gizli arzusu” olub, onu da reallaşdırıb: “Atam Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib 32 yaşında kəndimizdə ilk ali təhsilli ibtidai sinif müəllimi oldu. Arzularımdan biri də atamın təhsil aldığı universitetin müəllimi olmaq idi. Bu arzuma çatdım. 2 il universitetdə fiziki tərbiyə müəllimi işlədim. Ən qürurverici anları həmin illərdə yaşadım”.

Hakimlikdə belə bir hədiyyə indiyədək heç kimə verilməyib

“İngilis dilini bilmədiyim üçün olimpiya kimi yarışlarda baş hakim ola bilmədim. Amma yeganə azərbaycanlıyam ki, başqa ölkələrdə  - Gürcüstanda, Rusiyada, Türkmənistanda baş hakim işləmişəm. Hətta Türkmənistana müstəqillik illərində diplomatik əlaqələrin belə olmadığı vaxtda getmişəm. 
 Həmişə bir imkan, fürsət axtarmışam ki, millətimiz, dövlətimiz üçün bir iş görüm. Mənim üçün o imkan ilk dəfə 2014-cü ildə yarandı.  Avropa oyunlarına hazırlıq məqsədi ilə ölkəmizdə atletika növündə beynəlxalq yarış təşkil edildi. Məni beynəlxalq Atletika Federasiyasına ezam etdilər. Mən bu fürsəti layiqincə dəyərləndirdim.  Beynəlxalq Avropa oyunlarında iştirak etdim. Həmin iştiraka görə  yarışın sonunda mənə xüsusi hədiyyə verildi”.

MRİO-nun hakimi olub

Məktəblilərin Respublika İdman Olimpiadasında da hakim olan Nemət Heydərov bunun əhəmiyyətini belə dəyərləndirir “Ən aktual məsələlərdən biridir. Böyüməkdə olan nəslin sağlamlığı deməkdir idman, vətənpərvər böyüməyidir. Kollektiv ruhun formalaşması deməkdir. Şagirdlər özünə istiqamət seçir, həmin istiqamətdə rəqabət aparmağı öyrənirlər. Qaçış və üzgüçülük elə idman növləridir ki, burda sürət, güc, dözümlülülük, elastiklik, cəldlik, çeviklik var və bütün bu keyfiyyətləri uşaqlarda inkişaf etdirir. İdmanla məşğul olan şagirdlər xarakterli olurlar. Sıradan bir tədbirdə IV, VI, hətta VII sinifdə oxuyan şagird kəşf edirsən. Uşaqların bacarıqlarını üzə çıxarmaq baxımından olimpiada çox vacib tədbirdir”.

İdman mütəxəssisi hesab edir ki, oxumaq da, idman etmək də paralel aparılmalıdır və valideynlər də buna xüsusi diqqət yetirməlidirlər: “Öz təcrübəmdən deyirəm ki, həm yaxşı oxumaq lazımdır, həm də yaxşı idmançı olmaq”.

60 yaşlı çempion müəllim yeni hədəfinə doğru gedir

Nemət Heydərovun fəaliyyəti hər 2 istiqaməti əhatə edib. Həm bir idmançı həyatı yaşayıb, həm də bir müəllim ömrü sığdırıb 60 illik həyatına. O, idman həyəcanını, uğurun həyəcanını yaşayıb: ““Mən seçilmişlərdənəm, “Fəxri bədən tərbiyəsi və idman işçisi”yəm. İş yerimdə ən yaxşı statusdayam, 8 Əməkdar müəllimdən biriyəm.. 2 il əvvəl isə dosent elmi adı aldım”.
Nemət Heydərov deyir 60 yaşının olması planların  bitdiyi anlamına gəlmir. Yenə böyük hədəfi var: “2 il sonra dünya çempionatı olacaq. Orda da hakim olmaq istəyirəm”.

Foto: Kənan Qafarov

“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan
“İdman mənim çıxış yolum idi” – 60 yaşında da hədəfinə doğru qaçan