Kənd məktəbinin 100 faizlik uğuru: Üç məzun, üç qəbul – REPORTAJ 

9 Sentyabr, 2026 - 15:37
Kənd məktəbinin 100 faizlik uğuru: Üç məzun, üç qəbul

Ordubad rayonunun Düylün kənd tam orta məktəbində builki qəbul nəticələri kollektiv üçün qürurverici göstərici ilə yadda qalıb. Məktəbin ali məktəbə qəbul olmaq üçün imtahan verən üç məzununun üçü də tələbə adını qazanıb. Beləliklə, Düylün kənd tam orta məktəbi 100 faizlik nəticə göstərib.

"Azərbaycan müəllimi" həmin məzunlarla həmsöhbət olaraq uğurun sirrini öyrənib. 

“Çəkdiyim əziyyətlərə dəydi”

505 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “Tarix” ixtisasına qəbul olan Alina İsmayılova nəticələrin elan olunmasından sonra keçirdiyi hissləri belə ifadə edir: “Çox sevindim. Çəkdiyim əziyyətlərə dəydi".

Tarix fənninə marağı və ölkəsinin tarixini hər zaman yaşatmaq istəyi onun bu istiqaməti seçməsində əsas amillərdən olub: “Məqsədimə çatmaq üçün bir çox çətinliklərim oldu. Demək olar ki, 6-7 saat vaxt ayırırdım.”

Rusdilli olduğu üçün müəyyən çətinliklərinin olduğunu söyləyən Alina həmin çətinlikləri aradan qaldırmağı bacardığını qeyd edir: “Demək olar ki, əsas rol müəllimlərin oldu. Çünki, onlar məndə həm fənn üzrə bilikləri, həm də dil qabiliyyətimdə olan çətinlikləri aradan qaldırdı”.
Alina kənd məktəbində təhsil almasının uğuruna mane olmadığını düşünür. Çünki o, özünə və müəllimlərinə güvənib. O valideynlərinin daim yanında olduğunu bildirir və gələcək abituriyentlərə isə özünə inanmağı və çox oxumağı tövsiyə edir. 

“Gecə saat ikiyə, üçədək oxuduğum günlər olub”

596 bal toplayan Qalina Kazımzadə Naxçıvan Dövlət Universitetinin “Kompüter mühəndisliyi” (tədrisi ingilis dilində) ixtisasına qəbul olub.

Qalina nəticələrin elan olunmasını həyəcanla gözləsə də, istədiyi ixtisasa qəbul olunacağına əmin olduğunu deyir: “Təbii ki, bütün abituriyentlər kimi ilk hisslərim sevinc və həyəcanla qarışıq idi. Kompüter elmlərinə həvəsim də məni bu ixtisasa yönləndirən əsas amillərdən biri idi. Məqsədimdən və əzmimdən yayınmadım və nəhayət, öz arzuma çatdım”.

Hazırlıq müddətində asudə vaxtının demək olar ki, olmadığını deyən Qalina gecə saatlarında daha çox oxuduğunu bildirir: “Birinci sinifdən çalışqan olduğum üçün yuxarı siniflərdə yeni mövzu öyrənməli olmurdum. Dərslər mənim üçün təkrar mahiyyəti daşıyırdı, əsas çətinliyim vaxt məhdudiyyəti idi. Mən daha çox oxumaq istəyirdim, ancaq vaxtım az olurdu.Gecə saat ikiyə, üçədək oxuduğum günlər olub. Yuxarı siniflərdə hazırlıq prosesi keçsək də, məktəbdə dərslərimi daha yaxşı öyrəndiyim üçün bir addım irəli idim. Təbii ki, orta məktəbdəki müəllimlərimin üzərimdə əməyi böyükdür”.

Qalina kənd məktəbində oxumağın hər hansı maneə yaratmadığını, əksinə, şagird sayının az olmasının müəllimin hər bir şagirdə daha çox vaxt ayırmasına imkan verdiyini vurğulayır: “Pulsuz dərsliklərlə təminat, laboratoriya otaqları və kitabxana təhsilimizdə müstəsna yerə malikdir. Hər bir uğurlu insanın arxasında mütləq fədakar bir ailə dayanır. Mənim də uğurumun memarı ailəm və müəllimlərimdir”.

Gələcək abituriyentlərə də tövsiyəsi var: “Birinci amil vaxtında, əvvəlindən oxumaq, çalışmaqdır. Yəni təməli güclü qoymaqdır.Məsləhətim odur ki, bu günün işini sabaha saxlamasınlar, vaxtında oxusunlar.”

627 bal və ikili diplom

Məktəbin ən yüksək nəticəsini isə Əhməd Hüseynov göstərib. O, 627 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “Kompüter mühəndisliyi” (tədrisi ingilis dilində) ixtisasına qəbul olub. Əhməd Macarıstanın Con fon Neyman Universiteti ilə NDU arasında “Kompüter mühəndisliyi” (tədrisi ingilis dilində) ixtisası üzrə ikili diplom proqramında təhsil alacaq.

Onun üçün bu nəticə illərlə çəkdiyi zəhmətin qarşılığı olub: “İllərdir çəkdiyim əzab-əziyyətin qarşılığını gördüyüm an, nə qədər əziyyət çəkmişdimsə o qədər sevinmişdim.Uşaqlıqdan kompüterə və texnologiyaya  marağım var idi və ona görə “Kompüter mühəndisliyi” ixtisasını seçdim”.

Əhmədin sözlərinə görə, imtahana hazırlıq prosesi çətin keçib, yuxusuz gecələri olub və günün böyük hissəsini oxuduğu mövzulara və həmin mövzular üzrə testlərin işlənməsinə sərf edib: “Hər hansı müəyyən bir vaxt ayırmırdım. Əsas planlı çalışmaqdır, kəmiyyət yox, keyfiyyət önəmlidir.Çətinlikləri ilk növbədə evdə valideynlərimin dəstəyi, bəzən də məktəbdə müəllimlərimin köməyi ilə dəf etmişəm”.

O da digər məzunlar kimi müəllim əməyinin uğurda danılmaz olduğunu düşünür: "Oxuyan şagird üçün kənd və şəhərin heç bir fərqi yoxdur. Bugünkü gündə kənd məktəbləri maddi-texniki baza ilə təmin edilib”.

“Bu, yalnız üç şagirdin şəxsi uğuru deyil”

Düylün kənd tam orta məktəbinin direktoru  Zülfüqar Həsənov deyir ki,  üç məzunun üçünün də ali məktəbə qəbul olması yalnız statistik göstərici deyil, kollektivin birgə əməyinin nəticəsidir: “Bu uğur digər şagirdlərimizə mesaj verir ki, yaşadığın yer qarşıya qoyulan məqsəd və imkanları məhdudlaşdırmır”.


Onun fikrincə, nəticənin arxasında bir deyil, bir neçə amilin vəhdəti dayanır: “Əvvəla şagirdlərin fərdi potensialının vaxtında müəyyənləşdirilməsi, uyğun istiqamətləndirilməsi mühüm rol oynayır. İkincisi, müəllimlərimizin tədrisə yalnız dərs saatı çərçivəsində deyil, nəticəyönümlü yanaşması öz bəhrəsini verib. Ən əsası isə məktəbdə “Hər bir şagird bacara bilər”düşüncəsinin formalaşdırılmasıdır”.

Zülfüqar müəllim deyir ki, məktəbdə imtahanlara hazırlıq son anda görüləcək iş kimi deyil, ilboyu davam edən sistemli proses kimi qurulub: “Müəllimlərimizin rolu yalnız bilik verməklə məhdudlaşmadı. Xüsusilə kənd məktəbində müəllimin şagird üçün rolu daha genişdir. Müəllim bəzən həm pedaqoq, həm məsləhətçi, həm də motivator olur. Bu nəticə müəllimlərimizin peşəkarlığının, səbrinin, məsuliyyətinin göstəricisidir.”

Direktor deyir ki, məktəbdə şagirdlər yalnız qiymətlərlə dəyərləndiriilmir, onların müxtəlif istiqamətlərdə inkişafına da diqqət yetirilir: “Məqsədimiz öz potensialını tanıyan, məqsəd qoya bilən və gələcəyini qurmaga hazır olan şəxsiyyət formalaşdırmaqdır”. 
Məktəb rəhbərliyi bu nəticədə dövlətimizi regionlarda, xüsusilə kəndlərdə təhsilə göstərdiyi diqqətin də mühüm rol oynadığını vurğulayır: “Bu gün kənd məktəblərinin maddi texniki bazasının yaxşılaşdırılması, müasir təhsil imkanlarının yaradılması, şagirdlərin müxtəlif layihə və proqramlara cəlb olunmasına göstərilən diqqət orta ümumtəhsil müəssisələrində keyfiyyətli təhsilin imkanlarını artırır”.   

100 faiz son deyil

Düylün kənd tam orta məktəbi üçün bu nəticə ilk uğur deyil. Məktəbin üç məzununun üçünün də ali məktəbə qəbul olaraq 100 faizlik nəticə göstərməsi bir daha nümayiş etdirir ki, yüksək nəticənin ünvanı yalnız şəhər məktəbləri deyil. Düzgün istiqamət, müəllim əməyi, ailə dəstəyi, şagirdin əzmkarlığı və yaradılan imkanlar bir araya gəldikdə kənd məktəbindən də yüksək bal toplayan, məqsədinə çatan və gələcəyini böyük hədəflər üzərində quran məzunlar yetişir.

Kənd məktəbinin 100 faizlik uğuru: Üç məzun, üç qəbul
Kənd məktəbinin 100 faizlik uğuru: Üç məzun, üç qəbul