Zəfər Qurbanov: Gənc tədqiqatçıların aqrar sahəyə marağı artır

30 Oktyabr, 2026 - 14:31
Zəfər Qurbanov: Gənc tədqiqatçıların aqrar sahəyə marağı artır

“Azərbaycan Dövlət Aqrar Universitetindən 20-yə yaxın doktorant və gənc tədqiqatçı konfransda iştirak edir. Hesab edirəm ki, bu cür elmi tədbirlər gənclərin elmə marağının artmasında mühüm rol oynayır”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Naxçıvanda keçirilən Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış tədbirində jurnalistlərə açıqlamasında Azərbaycan Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. 

Rektor bildirib ki, son illərdə ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən layihələr və dövlət proqramları alimlərin, tədqiqatçıların üzərinə də ciddi məsuliyyət qoyur: “Bu gün həm doktorantların, həm də gənc tədqiqatçıların aqrar sahədə müxtəlif elmi və innovativ layihələr üzərində çalışması sevindirici haldır. 

Konfransda təqdim olunan tədqiqat mövzuları da olduqca maraqlıdır. Xüsusilə aqrar sektorda iqlim dəyişikliyi ilə bağlı məsələlər aktuallıq kəsb edir. Bununla yanaşı, müasir suvarma sistemləri, kənd təsərrüfatının inkişafı və aqrar sahənin digər aktual istiqamətləri ilə bağlı mövzular diqqət çəkir. 

Azərbaycanda həm doktorantlar, həm də gənc tədqiqatçılar aqrar sahədə elmi və innovativ istiqamətlərdə müxtəlif layihələr üzərində çalışırlar. Hesab edirik ki, bu cür elmi konfranslar gənclərdə elmə, tədqiqatlara marağı daha da artırır. İnanıram ki, burada aparılacaq maraqlı müzakirələr və elmi tədqiqatlar gələcəkdə aqrar sahənin inkişafına mühüm töhfə verəcək”.