Naxçıvanda məktəblilər üçün maarifləndirici tədbir keçirilib
Naxçıvan şəhər Prokurorluğunun əməkdaşları məktəblilər üçün “Təmiz gələcək – #YoxDe” mövzusunda maarifləndirici tədbir keçiriblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair “Yol Xəritəsi”nə uyğun olaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhsil müəssisələrində “Təmiz gələcək – #YoxDe” proqramının təşkili nəzərdə tutulub.Bu istiqamətdə Naxçıvan şəhər Prokurorluğunun tədbirlər planına uyğun olaraq, şəhər 6 nömrəli tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin direktoru və digər məsul şəxslər də iştirak ediblər.
Naxçıvan şəhər Prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Fərid Orucəliyev Baş Prokurorluğun təşəbbüsü ilə həyata keçirilən “Təmiz gələcək – #YoxDe” proqramının məqsədi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, eləcə də bu istiqamətdə hüquqi məsuliyyət barədə şagirdlərə məlumat verib.
Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.




