Naxçıvanda xüsusi kateqoriyadan olan uşaqlar üçün ekskursiya təşkil edilib
“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar “Uşaq Hüquqları Aylığı” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi kateqoriyadan olan uşaqlar üçün ekskursiya təşkil edilib.
Komitədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, ekskursiyada şəhid uşaqları, qazilərin övladları, valideyn himayəsindən məhrum olmuş, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar iştirak ediblər. Onlar Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanını, Naxçıvan Xatirə Muzeyini, Zəfər Parkını, Döyüş Şöhrəti Muzeyini və Naxçıvan Dövlət Film Fondunu ziyarət ediblər.
Film Fondunda uşaqlar üçün vətənpərvərlik mövzusunda “Şuşa, sən azadsan!” filmi nümayiş olunub. Tarixi məkanlar və film haqqında məlumatlar uşaqlara sadə və maarifləndirici formada təqdim edilib. Daha sonra uşaqlar Vətən müharibəsi şəhidi Şahmar Quliyevin ailəsini ziyarət edərək onun həyat və döyüş yolu ilə tanış olublar. Şəhidin ailə üzvləri onun həyatı, hərbi fəaliyyəti və göstərdiyi qəhrəmanlıq haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, Şahmar Kəmaləddin oğlu Quliyev 1991-ci il noyabrın 7-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhər M. Cəfərov adına 14 nömrəli tam orta məktəbdə alıb. 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 2013-cü ildə “Mexanika mühəndisi” ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vurub.
Şahmar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Sentyabrın 28-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şahmar Quliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda göstərdiyi şücaətə görə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, uşaqlar təşkil olunan səfərdən məmnunluqlarını ifadə ediblər.




