Nezih Recep Aysel: Əcəmi irsi beynəlxalq elmi əməkdaşlığa töhfədir
"Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunan belə bir beynəlxalq konfransda iştirak etmək onun irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətlidir. Memarlıq yalnız tikililərdən ibarət deyil, o, daşlara həkk olunmuş tarix, xalqın mədəniyyətini və sənət ənənələrini nəsildən-nəslə çatdıran mühüm vasitədir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən Naxçıvan memarlıq məktəbinin banisi Naxçıvan Dövlət Universitetində Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunan “İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində Türkiyənin Mimar Sinan Gözəl Sənətlər Universitetinin prorektoru Nezih Recep Aysel jurnalistlərə müsahibəsində bildirib.
Nezih Recep Aysel diqqətə çatdırıb ki, İpək Yolu tarixən yalnız ticarət əlaqələrinin deyil, həm də müxtəlif xalqların mədəniyyətlərinin, memarlıq üslublarının və tikinti ənənələrinin qarşılıqlı zənginləşməsinə xidmət edib: “Naxçıvanda gördüyüm şəhər mühiti məndə xoş təəssürat yaratdı. Şəhərin planlaşdırılması, əhalinin miqyasına uyğun qurulması və yaşıllıqlara geniş yer verilməsi diqqətimi çəkdi. Anadolu ərazisində də Naxçıvan memarlığı ilə səsləşən, xüsusilə günbəzli və xatirə məzar abidələrini xatırladan tikililərə rast gəlirik. Bu oxşarlıqlar İpək Yolu boyunca formalaşmış tarixi-mədəni əlaqələrin göstəricisidir.İnanıram ki, bu konfrans memarlıq irsinin öyrənilməsi və qorunması, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm töhfələr verəcək”.




