Əcəmi dövründə memarlıq elm səviyyəsinə yüksəlib - Elbrus İsayev

13 Noyabr, 2026 - 12:50
Əcəmi dövründə memarlıq elm səviyyəsinə yüksəlib

“Əcəmi memarlıq məktəbinin izləri Türk dünyasında və İslam aləmində yaşayır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu NDU-nun rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universitetində görkəmli Azərbaycan memarı Memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransında çıxışı zamanı deyib.
 
Rektor qeyd edib ki, Əcəminin yaradıcılığını qiymətləndirərkən yalnız sənətkarın şəxsiyyətinə deyil, onu yetişdirən tarixi dövrə və ictimai-mədəni mühitə də diqqət yetirilməlidir: “Əcəmi böyük sənətkardır, amma onu yetirən bir dövr, mühit var. Həmin dövrün ictimai-siyasi mühitində Azərbaycan hökmdarları iqtisadi, hərbi, siyasi inkişafla yanaşı, mədəniyyətin də tərəqqisində maraqlı olublar”. 

Çıxışda Əcəmi memarlıq məktəbinin təsirlərinin Azərbaycanın müxtəlif bölgələrində, Orta Asiyada və Yaxın Şərqdə müşahidə olunduğu diqqətə çatdırılıb. Bərdə abidəsi bu məktəbin davamçılarının yaratdığı nümunələrdən biri kimi qeyd edilib:“Əcəmi dövründə memarlıq elm səviyyəsinə yüksəlib. Bu memarlıq eyni zamanda ədəbiyyata öz töhfəsini vermiş, bədii ornamentlərin sintezini təqdim edib”. 

Memar Əcəminin əsərlərində riyaziyyat və həndəsənin roluna toxunan rektor abidələrin həndəsi quruluşunun və riyazi qanunauyğunluqların sənətkarın yüksək bilik və ustalığının göstəricisi olduğunu qeyd edib: “Əcəmi Naxçıvani daşla, kərpiclə düşünə, həndəsə ilə tanış ola bilən böyük bir sənətkar olub və bu harmoniyanın nəticəsi olaraq dünya memarlıq tarixinə belə möhtəşəm abidələr bəxş edib”. 

Naxçıvanın qədim şəhərsalma ənənələrindən danışan rektor Memar Əcəminin fəaliyyətinin yalnız günümüzə gəlib çatan bir neçə abidə ilə məhdudlaşdırılmasının düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, sənətkarın Naxçıvan şəhərinin ümumi memarlıq quruluşunda və şəhərsalma mühitinin formalaşmasında da mühüm rolu olub.

Çıxışda İpək Yolunun yalnız ticarət deyil, həm də mədəniyyət, elm, din və sənət əlaqələrinin inkişafına xidmət etdiyi bildirilib. Naxçıvanın bu yol üzərində qədim yaşayış məskəni olmaqla yanaşı, mühüm mədəniyyət mərkəzi kimi tanındığı diqqətə çatdırılıb: “İpək Yolu sadəcə bir ticarət yolu olmayıb, dinlər, şairlərin əsərləri bu yol vasitəsilə yayılıb”. 

Rektor, həmçinin Şərqi Zəngəzur və Qarabağda aparılan quruculuq işlərində tarixi memarlıq ənənələrinin qorunmasının vacibliyini qeyd edib: “Yeni kəndlərin, ağıllı şəhərlərin salınması da bizim tarixi irsimizə, tarixi memarlıq ənənələrimizə istinadən, onu qorumaqla inkişaf etdirməkdir”.

Sonda konfransın elmi əhəmiyyətindən danışan rektor bildirib ki, tədbirdə alim və tədqiqatçıların məruzələri təqdim olunacaq.
Elburus İsayev  konfransın Memar Əcəminin irsinin daha dərindən öyrənilməsi və yeni elmi tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yaradacağına əminliyini ifadə edib.