Qazi müəllimin “Vətən” dərsi
8 Noyabr - Zəfər Günü xalqımızın yaddaşında 30 illik torpaq həsrətinə son qoyulan, tarixi ədalətin bərpa olunduğu gün kimi yaşayır. Bu zəfərin qazanılmasında döyüş meydanında iştirak edən, yaralansa da, yenidən cəbhəyə qayıdan hərbçilərimizin fədakarlığı xüsusi yer tutur. Onlardan biri də Füzuli, Zəngilan və Cəbrayılın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş, hazırda Babək rayon Zeynəddin kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri kimi fəaliyyət göstərən qazi Azər Rüstəmlidir.
“Azərbaycan müəllimi” onunla döyüş yolu, şəhid silahdaşları və ən əsası müəllim kimi gələcək nəsillərə ötürmək istədiyi vətənpərvərlik düşüncələri ilə bağlı söhbətləşib.
Döyüş yolu Füzulidən keçən leytenant
Ehtiyatda olan leytenant Azər Rüstəmli 44 günlük Vətən müharibəsi başlayanda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursunda təhsil alırdı. Hərbi təhsilini davam etdirən gənc zabitlərdən biri kimi o da 30 il həsrətini çəkdiyimiz torpaqların azad olunması uğrunda döyüşə yollanıb. Deyir ki, döyüşə gedəndə başqa silahdaşları kimi onun da bir məqsədi olub: “Canımız bahasına olsa belə, Vətənimizin müdafiəsinə qalxacaq və torpaqlarımızı azad edəcəyik”.
Onun əsas döyüş yolu Füzulidən keçib. Füzuli, Zəngilan və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Azər Rüstəmli Cəbrayılda ayağından güllə yarası alıb. Yaralı hərbçi arxa cəbhəyə təxliyə olunaraq müalicəyə göndərilib. Lakin bu, onun döyüş yolunun sonu olmayıb. Müalicədən sonra yenidən cəbhəyə qayıdan zabit Füzulidə taqım komandiri vəzifəsinə təyin edilib. Elə həmin gün düşmənin atdığı artilleriya mərmisinin qəlpəsi nəticəsində bir daha yaralanıb.
Döyüşlərdə iştirakına və göstərdiyi xidmətlərə görə Azər Rüstəmli “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
“O hissi cümlələrlə ifadə etmək mümkün deyil”
Zəfər xəbərini eşitdiyi an Azər Rüstəmlinin yaddaşında silinməz iz buraxıb. Həmin vaxt o, Yevlax şəhər Mərkəzi Xəstəxanasında müalicə alırmış. Xalqımızın, cəbhədə döyüşən silahdaşlarının illərdir gözlədiyi xoş xəbər xəstəxana otağında ona da sevindirib.
Müsahibimiz həmin anı belə xatırlayır: “Zəfər xəbərini eşidəndə qürur hissi məni bürüdü. O hissi cümlələrlə ifadə etmək mümkün deyil. Mənim üçün 8 Noyabr – Zəfər Günü 30 illik həsrətin sona çatdığı, əbədi və əzəli dədə-baba torpaqlarımızın, tarixi ərazilərimizin düşmən tapdağından azad edildiyi gündür.
Bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin, müdrik rəhbərliyinin, milli maraqlarımıza əsaslanan prinsipial mövqeyinin və xalqımızın sarsılmaz birliyinin parlaq təcəssümüdür. Bu Zəfər, eyni zamanda, Vətən uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs qanı, torpaqlarımızın azadlığı naminə sağlamlıqlarını itirən qazilərimizin fədakarlığı, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində əldə edilmiş tarixi nailiyyətdir. Qazandığımız qələbə mənim yaddaşıma yalnız hərbi uğur kimi deyil, həm də milli qürurumuzun, birliyimizin, həmrəyliyimizin və dövlətçilik əzmimizin təntənəsi kimi əbədi həkk olunub. Hər dəfə bu şanlı Zəfəri xatırlayanda şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, igid oğullarımızın qəhrəmanlığı ilə qürur duyuram”.
Yaddaşından silinməyən son arzu
Müharibə insanın yaddaşında yalnız döyüş səhnələri, yaralanmalar və qələbə anları ilə qalmır. Bəzən illər keçsə də, bir söz, bir xahiş, yerinə yetirilməsi mümkün olmayan bir arzu insanın qəlbində ağrılı xatirəyə çevrilir. Azər Rüstəmli üçün də müharibə və sonrakı illərlə bağlı ən ağır xatirələrdən biri yaxın dostu, sirdaşı, şəhid leytenant Ümid Nifdəliyevlə əlaqəlidir: “Onun istəyi qardaşı Sərxanla bağlı idi. Təxminən bir həftə sonra Qarabağda lokal xarakterli antiterror tədbirləri başladı və dostum şəhid oldu. Onun son arzusunu yerinə yetirə bilməmək mənim üçün çox ağırdır”.
Uşaqlıqdan aşılanan Vətən sevgisi
Azər Rüstəmli üçün Vətən, torpaq və azadlıq anlayışları uşaqlıqdan qəlbində kök salmış müqəddəs dəyərlərdir. Vətənə bağlılığının təməli orta məktəb illərindən qoyulub.Müəllimlərinin dərslərdə zəngin tariximizdən, düşmən tərəfindən xalqımıza qarşı törədilmiş faciələrdən və torpaqlarımızın işğalından danışmaları onda Vətən sevgisini daha da gücləndirib, doğma yurdların işğalçılardan azad etmək arzusunu formalaşdırıb.
Bu gün keçdiyi döyüş yoluna nəzər salan Azər Rüstəmli torpaqlarımızın azad olunmasında onun da payının olmasını böyük qürur hissi ilə qeyd edir. İki dəfə yaralanmasına, müharibənin ağır sınaqları ilə üzləşməsinə baxmayaraq, onun Vətənə xidmət etmək əzmi sarsılmayıb. Yaşadığı çətinliklər doğma torpağa olan sevgisini və mübarizə ruhunu zəiflədə bilməyib: “Fəxr edirəm ki, torpaqlarımızın azad olunmasında mənim də payım var. Canım Vətənim Azərbaycana qurbandır”.
Şagirdləri onun döyüş yolu ilə maraqlanırlar
Müharibədən sonra Azər Rüstəmlinin Babək rayon Zeynəddin kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri kimi fəaliyyətə başlaması onun Vətənə xidmət amalının məntiqi davamı idi. O, gənclərin hərbi xidmətə hazırlanmasını, onlara ilkin hərbi bilik və bacarıqların aşılanmasını, eləcə də milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişmələrini əsas məqsəd hesab edir. Döyüş yolu keçmiş bir insan kimi Azər Rüstəmli Vətənin müdafiəsinin nə qədər böyük məsuliyyət və fədakarlıq tələb etdiyini şəxsi təcrübəsindən yaxşı bilir. Buna görə də öz bilik və təcrübəsini gənc nəslə ötürməyi, onları Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamağı mühüm vəzifəsi sayır.
Onun GÇH rəhbəri kimi fəaliyyəti yalnız hərbi biliklərin öyrədilməsi ilə məhdudlaşmır. Azər Rüstəmli gənclərə Vətən sevgisi, dövlətə sədaqət, milli tarixə hörmət və şəhidlərin xatirəsinə ehtiram kimi dəyərlərin aşılanmasına xüsusi önəm verir. O, Azərbaycan xalqının mübarizə tarixini, torpaqlarımızın müdafiəsi uğrunda göstərilən qəhrəmanlıq nümunələrini gənclərə çatdırmaqla onlarda milli qürur və vətənpərvərlik hisslərini gücləndirməyə çalışır.
Müharibə iştirakçısı kimi onun şəxsi təcrübəsi gənclər üçün xüsusi əhəmiyyət daşıyır. Azər Rüstəmli öz döyüş yolu və müharibə ilə bağlı xatirələri vasitəsilə Vətənin müdafiəsinin əsl mahiyyətini gənclərə daha yaxından anlatmaq imkanı əldə edir. Onun fəaliyyəti gənclərin çağırışaqədərki hazırlığının yalnız hərbi xidmətə hazırlıq deyil, həm də vətəndaşlıq məsuliyyətinin, milli şüurun və Vətənə bağlılığın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını göstərir. O,Vətənə xidmətin təkcə döyüş meydanında silahla mübarizə aparmaqdan ibarət olmadığını, eyni zamanda gələcək nəsillərə milli ruh, tarixi yaddaş və Vətən sevgisi aşılamaqla da mümkün olduğunu düşünür. Məhz bu düşüncə onu təhsil sahəsinə yönəldib. Azər Rüstəmlinin əsas məqsədi özünün də uşaqlıq illərində müəllimlərindən aldığı vətənpərvərlik tərbiyəsini şagirdlərinə ötürmək, onlarda Vətənə bağlılıq hissini gücləndirmək və xalqımızın tarixi keçmişi haqqında dolğun təsəvvür formalaşdırmaqdır. O, xüsusilə düşmənin törətdiyi vəhşilikləri, xalqımızın üzləşdiyi haqsızlıqları və mübarizə tariximizi gənc nəslə çatdırmağı vacib hesab edir.
Onun müharibə iştirakçısı olması şagirdlərdə xüsusi maraq və qürur hissi doğurur. Şagirdləri onun döyüş yolu ilə maraqlanır, müharibədə baş verən hadisələr, Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq nümunələri və qələbənin əldə olunması üçün keçilən çətin yol haqqında daha çox məlumat almağa çalışırlar:“Şagirdlərim qazi olduğumu öyrənəndə qürur hissi keçirirlər. Onlar düşmənlərimizi necə məğlub etdiyimiz barədə məlumat almaq, şəhidlərimizin döyüş yolunu öyrənmək istəyirlər”.
Bu maraq Azər Rüstəmliyə tariximizi yalnız dərsliklərdə əks olunan faktlar əsasında deyil, həm də şəxsi təcrübəsi, müşahidələri və canlı xatirələri vasitəsilə anlatmaq imkanı yaradır. Onun şəxsi həyat və döyüş təcrübəsi şagirdlər üçün vətənpərvərliyin canlı nümunəsidir.
44 günün ömürlük xatirəsi
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması Azər Rüstəmlinin xüsusi əhəmiyyət verdiyi məsələlərdəndir. Qeyd edir ki, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların keçdiyi şərəfli döyüş yolu, Vətən uğrunda göstərdikləri misilsiz fədakarlıqları ilə bağlı gənc nəsli məlumatlandırmaq hər birimizin mənəvi borcudur. Bu baxımdan, təhsil müəssisələrində şəhidlərimizin xatirəsinə həsr olunmuş guşələrin, sinif otaqlarının və muzeylərin olması mühüm əhəmiyyət daşıyır. Məktəblərdə bir sinfin şəhidlərimizin həyat və döyüş yoluna həsr edilməsi, onların qəhrəmanlıqlarını əks etdirən fotoşəkillərin, şəxsi əşyaların, xatirələrin və tarixi materialların nümayiş etdirilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verə bilər: “İgid oğullarımızın, qazi və şəhidlərimizin həyatı, Vətənə bağlılığı, mübarizəsi və qəhrəmanlığı özlüyündə bütöv bir tarixdir. Qəhrəman oğullarımızın keçdiyi döyüş yolu, göstərdiyi iradə və yaşadığı təcrübə də gələcək nəsillər üçün qiymətli bir həyat dərsidir.Bunalrın yazılı şəkildə qorunması yalnız keçmişə ehtiramın ifadəsi deyil, həm də milli yaddaşımızın möhkəmləndirilməsi, qəhrəmanlıq ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Onların hər birinin ömür yolu qəhərmanlıq səhifəsidir.
Mənim üçün Zəfər Günü həm döyüş yoldaşlarımın, igid oğullarımızın xatirəsini anmaq, həm də gələcək nəsillərə azadlığın hansı fədakarlıqlar hesabına qazanıldığını anlatmaq günüdür. 44 günlük Vətən müharibəsində keçdiyimiz çətin yolları, yaşadığımız ağır anları və Vətən uğrunda göstərdiyimiz fədakarlıqları xatırladığım xüsusi bir gündür. Hər bir döyüş yoldaşımın xatirəsi mənim üçün əzizdir. Çünki biz o günlərdə yalnız torpaq uğrunda deyil, xalqımızın gələcəyi, dövlətimizin bütövlüyü və gələcək nəsillərin azad yaşaması naminə mübarizə aparırdıq.
Bu müharibə bir daha göstərdi ki, Vətən sevgisi yalnız sözlə deyil, əməllə, iradə ilə və lazım gəldikdə canını belə əsirgəməmək əzmi ilə sübut olunur”.




