Anar Nağıyev: Ölkəmizdə elmi yaradıcılığın inkişafı xüsusi əhəmiyyət daşıyır

30 Oktyabr, 2026 - 14:46
Anar Nağıyev: Ölkəmizdə elmi yaradıcılığın inkişafı xüsusi əhəmiyyət daşıyır

“Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı universitetlər arasında əməkdaşlığın inkişafı, elmi tədqiqatların aparılması və nəticələrinin innovasiyalar istiqamətində tətbiqi baxımından mühüm platformadır. Artıq 29-cu dəfədir ki, Azərbaycanda doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçirilir. Bu tədbir elmin inkişafı, elmi tədqiqatların nəticələrinin bölüşdürülməsi və yeni biliklərin yaradılması baxımından böyük əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Naxçıvanda keçirilən Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış tədbirində jurnalistlərə açıqlamasında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev deyib. 

Rektor bildirib ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində keçirilən builki konfransın təşkilati səviyyəsi xüsusilə diqqətəlayiqdir: “Bu tədbir əvvəlki konfranslarla müqayisədə miqyasına və əhatə dairəsinə görə ən böyük konfranslardan biri hesab oluna bilər. Burada yüzlərlə doktorant və minlərlə gənc tədqiqatçı iştirak edir. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən doktorant və gənc tədqiqatçılarla yanaşı, ölkəmizdən kənarda tədqiqat aparan, Dövlət Proqramı  çərçivəsində təhsil alan gənclər də konfransa qatılıblar. Bu gün elmin yeni inkişaf mərhələsini yaşayırıq. Dünyada baş verən dəyişikliklər, mühəndislik inqilabının yaratdığı yeni imkanlar elmi və elmi-texnoloji inkişafın əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanda elmi yaradıcılığın və müxtəlif elm sahələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir”.

Anar Nağıyev bildirib ki, konfransda aparılan  müzakirələr bütövlükdə elmin və təhsillin inkişafına töhfə verəcək: “Düşünürəm ki, müxtəlif təhsil müəssisələrini təmsil edən tədqiqatçıların ortaya qoyduqları elmi işlər yalnız onların fərdi tədqiqat nəticələri kimi deyil, həm də həmkarları ilə müzakirələr və fikir mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bugünkü inkişafı, istər Qafqaz coğrafiyasında, istərsə də daha geniş məkanda, xüsusilə Zəfərimizdən sonrakı yeni reallıqlar kontekstində elmin müxtəlif sahələrinin də dinamik inkişafını zəruri edir. İnanıram ki, bu konfrans  həm bu gün, həm də gələcəkdə Azərbaycanın inkişafına elmi töhfələr verəcək”.