Elbrus İsayev: Naxçıvan böyük elmi platformaya ev sahibliyi edir

30 Oktyabr, 2026 - 15:27
Elbrus İsayev: Naxçıvan böyük elmi platformaya ev sahibliyi edir

“İlk dəfə paytaxtdan kənarda, Naxçıvan Dövlət Universitetində təşkil olunan NASCO-29  ölkəmizin bütün ali təhsil və elmi-tədqiqat müəssisələrini əhatə edir. Konfransa 1600-dən çox müraciətin daxil olması onu ölkəmizdə keçirilən elmi konfranslar tarixində ən böyük tədbirlərdən birinə çevirir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Naxçıvanda keçirilən Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış tədbirində jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. 

Rektor bildirib ki, builki tədbirin fərqli cəhəti isə ilk dəfə paytaxtdan kənarda keçirilməsidir: “Naxçıvanda keçirilən NASCO29 iştirakçı sayına görə də əvvəlki konfransları üstələyir. Bu, gənclərimizin elmə marağının və tədqiqat həvəsinin artdığını göstərir.
Konfransın şəhərsalma və memarlıq elminə həsr olunması da xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, Naxçıvan zəngin memarlıq abidələri və çoxəsrlik şəhərsalma mədəniyyəti ilə seçilən bölgələrimizdəndir. NASCO29-un bu mövzuya həsr edilməsinin səbəblərindən biri də ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli”, həmçinin görkəmli memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlıdır. Bu yubileyin qeyd olunması ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı da var. Biz də NASCO29 vasitəsilə bu əlamətdar hadisəyə töhfə verməkdən məmnunuq”.

Rektor bildirib ki, 2 gün ərzində Naxçıvan müxtəlif ali təhsil müəssisələrindən 500-ə yaxın qonağı qəbul edir: “Ümumilikdə, konfransda 1000-dən çox iştirakçı yer alır. Onlardan 500-ə yaxını əyani şəkildə tədbirə qatılır. Universitetin 21 salonunda 100-dən artıq elmi məruzə dinləniləcək. Məruzələrin əksəriyyəti gənc tədqiqatçılar, doktorantlar və texnologiya sahəsində çalışan mütəxəssislər tərəfindən hazırlanıb. Məruzələrdə  memarlıq və şəhərsalma problemləri də daxil olmaqla müxtəlif aktual məsələlərə toxunulur.

Sevindirici haldır ki, bu il NASCO29-a ölkəmizdən kənarda fəaliyyət göstərən doktorant və gənc tədqiqatçılar da qoşulublar. Konfransda ölkəmizin alimləri, ali təhsil müəssisələrinin rektorları, elm və təhsil sahəsinin nümayəndələri iştirak edirlər".

Elbrus İsayev deyib ki, konfransa təqdim olunan 1600-ə yaxın mövzu ilə bağlı Təşkilat Komitəsi beş aydan artıqdır ki, iş aparır: “Komitənin statistik göstəricilərinə əsasən, məruzələr  müxtəlif  elmi istiqamətləri əhatə edir. Onların arasında sosial-humanitar elmlər üstünlük təşkil edir. Gənclərin bu sahəyə maraq göstərməsi bizi xüsusilə sevindirir. Çünki sosial-humanitar elmlər sahəsində sovet dövründən qalan ideoloji təsirlər səbəbindən kifayət qədər öyrənilməmiş və ya düzgün tədqiq edilməmiş mövzular var. 

Ən mühüm məqamlardan biri isə konfransın minə yaxın gənc üçün geniş tanışlıq və əməkdaşlıq platforması yaratmasıdır. Bildiyiniz kimi, hazırda fənlərarası və multidissiplinar tədqiqatlar böyük aktuallıq kəsb edir. Müxtəlif elm sahələrinin nümayəndələrinin bir konfransda bir araya gəlmələri  və fikir mübadiləsi aparmaları  gələcəkdə daha böyük elmi nailiyyətlərin əldə olunmasına zəmin yaradacaq”.