“Qürur və Zəfər tariximiz” adlı onlayn dərs keçirilib
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Qürur və Zəfər tariximiz” adlı onlayn dərs keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Heydər Əliyev adına tam orta məktəbdə keçirilən dərsdə məktəbin tarix müəllimi Sahilə Qasımova 44 günlük Vətən müharibəsinin tarixindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbənin ölkəmizin həyatında yeri və əhəmiyyətindən geniş söz açıb. Onlayn dərsdə şagirdlərə Zəfərə aparan tarixi yol, xalqımızın birliyi, ordumuzun şücaəti və şəhidlərimizin igidlikləri haqqında məlumatlar çatdırılıb.
Digər orta ümumtəhsil müəssisələrinin də onlayn izlədiyi dərsin əsas məqsədi şagirdlərə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətini aşılamaq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, gənc nəslin vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək olub.




