İdris İsayev: Tədqiqatlar gələcək çağırışların və ehtiyacların müəyyənləşdirilməsinə xidmət etməlidir

30 Oktyabr, 2026 - 12:48
İdris İsayev: Tədqiqatlar gələcək çağırışların və ehtiyacların müəyyənləşdirilməsinə xidmət etməlidir

“Bu gün mövcud olan məlumatların toplanması müəyyən mənada süni intellekt vasitəsilə də həyata keçirilə bilər. Ancaq yeni elmi yanaşmaların ortaya qoyulması, alim və tədqiqatçıların yetişdirilməsi, yeni biliklərin yaradılması insanın yaradıcı və elmi fəaliyyətindən asılıdır. Bu məsələyə xüsusi diqqət yetirməyinizi vacib hesab edirəm. Bu dövrdə gənc tədqiqatçıların tədqiqat aparmaq imkanlarının genişləndirilməsi istiqamətində müəyyən işlər görülür. Ölkəmizin qarşısında duran strateji vəzifələr və mövcud imkanlar da bunu zəruri edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

Nazir müavininin sözlərinə görə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, rəqəmsal transformasiya, dayanıqlılığın təmin edilməsi və digər prioritet sahələr üzrə həyata keçirilən tədbirlər, layihələr və islahatlar, təbii ki, elmi-tədqiqatlara əsaslanmalıdır. Bu baxımdan elmi-tədqiqatların aparılması zəruridir. Eyni zamanda, regionların sosial-iqtisadi, şəhər və kəndlərin inkişafı ilə bağlı həyata keçirilən layihələrdə də elmi yanaşmaların tətbiqinə ehtiyac var. Bu istiqamətdə də tədqiqatlar aparılmalı, elmi potensialdan səmərəli istifadə edilməlidir: “Ancaq nəzərə almaq lazımdır ki, bugünkü tədqiqatlar yalnız mövcud problemlərin həllinə deyil, həm də gələcək çağırışların və ehtiyacların müəyyənləşdirilməsinə xidmət etməlidir. Alimlər yaxşı bilir ki, elmi fəaliyyət zəhmət, məşğuliyyət və müəyyən risklər tələb edir. Təbii ki, perspektiv tədqiqatlar hər zaman gözlənilən nəticələri verməyə bilər. Lakin alim və tədqiqatçılarımız daha əzmkar olmalı, yenilikçi yanaşmalarla, təşəbbüslərlə  çıxış etməlidirlər. Çünki yalnız əzmkarlıq sayəsində uğurlu nəticələr əldə etmək və yeni imkanlar qazanmaq mümkündür”.