Samir Seyidəhmədli: Əcəmi irsi beynəlxalq elmi mühitdə daha geniş öyrənilməlidir 

13 Noyabr, 2026 - 12:26
Samir Seyidəhmədli: Əcəmi irsi beynəlxalq elmi mühitdə daha geniş öyrənilməlidir 

"Konfransda 45 elmi və təhsil müəssisəsini təmsil edən 118 tədqiqatçının elmi məqalə və tezislər təqdim etməsi bu mövzuya marağın göstəricisidir. İştirakçılardan 9-nun xarici ölkələri təmsil etməsi elmi əməkdaşlığın coğrafiyasını genişləndirir". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş “İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfransında çıxışı zamanı səsləndirib. 

O bildirib, konfransın Naxçıvan Dövlət Universitetində keçirilməsi elmi tədqiqatların yerli memarlıq mühiti ilə birbaşa əlaqələndirilməsi üçün əlverişli imkandır. İnanıram ki, burada qurulacaq əlaqələr universitetlərarası əməkdaşlığa, gənc tədqiqatçıların birgə layihələrdə iştirakına və Əcəmi irsinin beynəlxalq elmi mühitdə daha geniş öyrənilməsinə töhfə verəcəkdir.  

Müzakirələrin praktiki nəticələr verməsi də əhəmiyyətlidir. Xüsusilə abidələr haqqında elmi məlumatların rəqəmsallaşdırılması, bərpa işlərində elmi əsaslandırmanın gücləndirilməsi və tarixi şəhər mühitinin qorunması üzrə təkliflər faydalı ola bilər”.  

Samir Seyidəhmədlinin sözlərinə görə, gənc memarların və tədqiqatçıların bu işlərə cəlb olunması bilik və təcrübənin davamlı ötürülməsinə xidmət edir. Bu elmi müzakirə ilə idarəetmə təcrübəsi arasında əlaqəni gücləndirə bilər: "Əcəmi irsinə ehtiramımız onun əsərlərini qorumaqda, elmi şəkildə öyrənməkdə və gələcək nəsillərə çatdırmaqda ifadə olunmalıdır. Bu məsuliyyət bizi həm tarixi abidələrə, həm də bu gün yaradılmış şəhər mühitinə diqqətlə yanaşmağa çağırır".