Anar Eminov: NASCO29 Azərbaycan elminin inkişafına töhfə verəcək
“Konfransın ilk dəfə region universitetində təşkil olunmasını alqışlayıram. Hesab edirəm ki, bu tədbir həm regionumuzda, həm də şəhərimizi təmsil edən universitetdə xüsusi yer tutacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış tədbirində jurnalistələrə açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov səsləndirib.
Rektor bildirib ki, universitet tədbirdə 53 məqalə ilə təmsil olunur. Bu göstərici Bakı Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetindən sonra ən yüksək nəticədir: “İstərdim ki, gələcəkdə də geniş tədqiqatçı heyəti ilə bu konfransda iştirak edək. Bu konfrans Azərbaycan elminin inkişafına töhfə verəcək. Xüsusilə qeyd edim ki, sənayeyə yönəlik tədqiqatların olması diqqətəlayiqdir. Bizim tərəfimizdən 380-dən artıq məqalə təqdim olunmuşdu. Lakin prototip əsaslı, sənayedə tətbiq oluna bilən məqalələr seçilib. Hesab edirəm ki, bu, həm Naxçıvanımızın, həm də digər regionlarımızın problemlərinin aradan qaldırılmasına kömək edəcək”.
Rektor Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən alim və tədqiqatçıların da konfransa qoşulmasını yüksək qiymətləndirib: “Bu baxımdan hesab edirəm ki, konfransın nəticələri uğurlu olacaq”.




