Naxçıvanda başlayan təhsil, Vollonqonq Universitetində davam edən arzu

16 Noyabr, 2026 - 11:43
Naxçıvanda başlayan təhsil,

Texnologiyaya maraq, gələcək hədəflər və davamlı çalışma. Bütün bunlar hazırda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə II kurs tələbəsi Əşrəf İsmayılovu beynəlxalq təhsil almağa istiqamətləndirib. O, Dubaydakı Vollonqonq Universitetində “Kibertəhlükəsizlik (Cybersecurity)” ixtisası üzrə təhsilini davam etdirmək imkanı qazanıb. Qeyd edək ki, 1993-cü ildə qurulan sözügedən universitet (UOWD) BƏƏ-də ilk beynəlxalq Avstraliya universitetidir.

"Azərbaycan müəllimi" Əşrəf İsmayılovla onun təhsil yolundan və bu uğura aparan hədəflərdən danışıb.

Müsahibimiz özünü təqdim edərkən Naxçıvan Dövlət Universitetində qazandığı biliklərlə yanaşı, şəxsi bacarıqlarını da inkişaf etdirməyə çalışdığını vurğulayır. Xüsusilə texnologiya, informasiya təhlükəsizliyi və müasir rəqəmsal sistemlərə marağının böyük olduğunu deyir.

Xaricdə təhsil almaq qərarının təsadüfi olmadığını bildirən Əşrəf seçdiyi istiqamətin gələcəyin aktual sahələrindən biri olduğunu düşünür: “Texnologiya sahəsinə marağım gələcək təhsil istiqamətimi müəyyənləşdirməyimdə mühüm rol oynayıb. Avstraliyanın Vollonqonq Universitetində  təhsilimi “Kibertəhlükəsizlik” ixtisası üzrə davam etdirəcəyəm. Bu sahəni seçməyimin əsas səbəbi texnologiyanın sürətlə inkişaf etməsi və rəqəmsal təhlükəsizliyin dünya miqyasında getdikcə daha böyük əhəmiyyət qazanmasıdır”.

Bu qəbulun arxasında isə sistemli hazırlıq və zəhmət dayanır. Əşrəf SAT imtahanından 1380, IELTS imtahanından isə 7.0 bal toplayıb. O, hazırlıq müddətində həm riyazi düşünmə və analitik bacarıqlarını, həm də ingilis dilində oxu, yazı, dinləmə və danışıq vərdişlərini inkişaf etdirməyə çalışıb. Müsahibimiz əldə etdiyi nəticələrə çatmaq üçün qarşıya qoyduğu məqsəddən dönmədiyini bildirir.

Əşrəfin xaricdə təhsil planları yalnız şəxsi karyera qurmaqla məhdudlaşmır. O, beynəlxalq təcrübə qazandıqdan sonra Azərbaycana qayıtmağı və öyrəndiklərini ölkəmizdə tətbiq etməyi düşünür: “Gələcək planlarım arasında Azərbaycana qayıtmaq və xaricdə qazandığım bilikləri burada tətbiq etmək mühüm yer tutur. Xaricdə təhsili yalnız fərdi karyera qurmaq imkanı deyil, həm də beynəlxalq təcrübə qazanmaq fürsəti kimi qiymətləndirirəm. Xüsusilə kibertəhlükəsizlik sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və əldə etdiyim bilikləri gələcəkdə ölkəmizin inkişafına yönəltmək istəyirəm”.

Onun Naxçıvan Dövlət Universiteti ilə bağlı düşüncələrini də öyrənirik. Əşrəf üçün bu ali təhsil müəssisəsi sadəcə hazırda təhsil aldığı ünvan deyil, həm də akademik həyatının ilk mərhələsinin başladığı yerdir. O, gələcəkdə beynəlxalq təcrübəsini universitetlə bölüşmək, əməkdaşlıq əlaqələrini qorumaq və NDU-nun inkişafına töhfə vermək niyyətindədir: “Naxçıvan Dövlət Universitetinin mənim həyatımda xüsusi yeri var. Çünki ali təhsil həyatımın ilk mərhələsini məhz bu universitetdə keçirmişəm. Burada qazandığım bilik və təcrübə gələcək hədəflərimi müəyyənləşdirməyimdə mühüm rol oynayıb. Beynəlxalq təcrübə əldə etdikdən sonra NDU ilə əməkdaşlıq etmək və onun inkişafına öz töhfəmi vermək istərdim”.

Əşrəfin təhsil yolu ilə bağlı söhbətimiz bir daha göstərir ki, böyük hədəflərə gedən yol maraqdan, zəhmətdən və davamlı öyrənmək istəyindən keçir. Bu gün Naxçıvanda ali təhsil alan gəncin beynəlxalq universitetə qəbul olunması isə onun gələcək uğurları üçün yeni bir başlanğıcdır.