"Şəhidlərimizin adlarını yaşatmaq müəllim kimi əsas missiyamdır" - Şəhid atası
Naxçıvan Muxtar Respublikası Culfa rayonu Kırna kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əbülfət Əliyev həm müəllim, həm də şəhid atası kimi Vətən sevgisini şagirdlərinə aşılamağı, qəhrəmanlarımızın həyat yolunu gələcək nəsillərə tanıtmağı özünün mənəvi borcu hesab edir.
“Azərbaycan müəllimi” olaraq Zəfər Günü ərəfəsində onunla söhbətimizdə bir atanın övlad itkisi ilə yaşadığı ağrı, bir müəllimin Vətən qarşısında məsuliyyətindən danışdıq.
40 illik pedaqoji təcrübəsi olan Əbülfət müəllim şagirdlərinə Vətəni sevməyi, torpağı qorumağı, milli-mənəvi dəyərlərə bağlı olmağı öyrədir. Bu gün isə həmin dəyərlərdən danışarkən sözləri həm də şəhid oğlu Ramazan Göydağlının həyat yolu ilə tamamlanır.
Pedaqoq üçün Vətən sevgisi yalnız Zəfərdən sonra yaranan hiss deyil. O, 1990-cı ilin Yanvar hadisələrinin şahidi olub, 1992-ci ildə Sədərəkdə baş verənləri yaşayıb, Xocalı faciəsinin ağrısını bütün xalqımız kimi öz yaddaşında daşıyıb. Bütün bunlar onun müəllim kimi fəaliyyətinə, şagirdləri ilə söhbətlərinə də təsir edib.

Şıltaq uşaqdan Vətəninə bağlı gəncə çevrildi
Əbülfət müəllimin oğlu Ramazan Göydağlı 1997-ci il fevralın 4-də qarlı bir qış günündə Culfa rayonunun Kırna kəndində dünyaya gəlib. “Göydağlı” soyadı isə Ordubad rayonunun Nürgüt kəndində yerləşən Göydağın şərəfinə ona verilib.
Ramazan ilk təhsilini 2003-cü ildə Kırna kənd tam orta məktəbində alıb, 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidmətini başa vuraraq müxtəlif sahələrdə çalışmağa başlayıb. Azərbaycanda, Türkiyədə və Qazaxıstanda fərqli işlərdə təcrübə qazanıb. Bir müddət sonra hərbi sahəyə qayıtmaq qərarına gəlib.
Atası oğlunun uşaqlıq illərini xatırlayarkən onun xarakterindəki dəyişiklikdən danışır:“Ramazanı xəstəliklərlə mübarizə apararaq böyütmüşük. Həm evdə, həm də məktəbdə şıltaqlığı ilə seçilirdi. Zaman keçdikcə, illər ötdükcə Ramazan xaraktercə tamamilə dəyişdi. Şıltaqlığından əsər-əlamət qalmadı. Sakit, evə bağlı, ailəsinə qarşı daha diqqətli bir insana çevrildi. Vətənini çox sevirdi ”.
“Ana, Qarabağa gedirik”
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ramazan Göydağlı oktyabrın 15-dən iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Lakin onun döyüşlərə qatılmaq istəyi daha əvvəl yaranıbmış. Döyüş yoldaşlarının və komandirlərinin ataya danışdıqlarına görə, Ramazan oktyabrın 11-dən döyüşə getmək istəyib. Xüsusi təyinatlı hazırlığına yenicə başladığı, bu sahədə təcrübəsi az olduğu üçün əvvəlcə ona icazə verilməyib. Ancaq o, qərarından dönməyib.
Əbülfət müəllim oğlunun döyüşə yollanmazdan əvvəl evə gəldiyi günü belə xatırlayır: “Bizim ailəmiz vətənpərvər ailədir. Həmin vaxt televiziyada, işğal olunmuş şəhər və kəndlərimizin azad olunması ilə bağlı xəbərləri böyük sevinclə qarşılayırdım. Heç ağlıma gəlməzdi ki, Ramazan da bunlardan təsirlənərək döyüşlərə qatılmaq qərarına gələcək.
Ramazan döyüşə getməzdən əvvəl, oktyabrın 17-də evə gəldi. Mən düşündüm ki, yəqin, hərbi kursunu başa vurub, evə qayıdır. Evə daxil oldu, otaqları gəzdi. Sonra anasının yanına gəldi. Birdən qayıtdı ki, ana, Qarabağa gedirik”.
Mən heç nə demədim. Sadəcə, ona bir arzum oldu: “Allah yolunuzu açıq eləsin!”. Həqiqətən də, başqa heç nə deyə bilmədim. Artıq onu geri qaytara bilməzdim. Çünki Ramazan qarşısına məqsəd qoymuşdu və bu qərarından dönməzdi”.
Əbülfət müəllim oğlunun xarakterini və Vətənə bağlılığını bu sözlərlə ifadə edir: “Mən onu yolundan döndərə bilməzdim. Ramazan əqidəli uşaq idi. Əqidəsinə sadiq, Vətəninə bağlı, vətənpərvər övlad idi. Bilirdim ki, torpağını, elini-obasını qorumağa çalışacaq.
60 illik yubileyində aldığı ən ağır xəbər
Ramazan Göydağlı 2020-ci il oktyabrın 28-də Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Atası isə bu xəbəri noyabrın 1-də alıb: “Həmin gün mənim 60 illik yubileyim idi. Ramazan da yubileyim münasibətilə mənə hədiyyə göndərmişdi. Amma kim düşünərdi ki, insan 60 illik yubileyində oğlunun şəhid olması xəbərini eşidəcək? Bu xəbəri bir ata necə qarşılayar? Mən də həmin an nə edəcəyimi, necə davranacağımı bilmirdim. Bircə kəlmə “Vətən sağ olsun!”,-deyə bildim.
Ramazan ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əbülfət müəllim üçün oğlunun yoxluğu zamanla yüngülləşməyən, hər gün, hər an özünü xatırladan ağır bir dərddir. Övlad itkisi ilə barışmağın mümkünsüzlüyünü dilə gətirən ata hisslərini belə ifadə edir: “Övladımın yoxluğu hər zaman hiss olunur. Axşam yemək yeyəndə belə gözün süfrədə onun yerini axtarır. Səhər yuxudan durursan, istər-istəməz arxaya dönüb baxırsan, amma oğlunun yanında olmadığını görürsən. Valideyn üçün övlad itkisi ən ağır, ən sağalmaz yaradır.

Biz şəhid valideynləri bir qədər təsəlli edən məqam odur ki, övladlarımız Vətən uğrunda, torpaqlarımızın azadlığı naminə şəhid olublar. Onlar bu yolda canlarından keçərək adlarını xalqımızın qəhrəmanlıq tarixinə yazıblar. Ramazan da Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirərək qəhrəmanlıq zirvəsinə ucalıb. Bu gün onun kimi igid oğulların fədakarlığı sayəsində Qarabağımız azaddır, üçrəngli bayrağımız doğma torpaqlarımızda dalğalanır. Övladımızın yoxluğu heç vaxt dolmayacaq bir boşluqdur, amma onun Vətən uğrunda şəhid olması, xalqımızın yaddaşında qəhrəman kimi yaşayacağı düşüncəsi bizə qürur və təsəlli verir”.
Bir müəllimin dərslərində Vətən sevgisi
Əbülfət müəllimin Ramazanla bağlı xatirələri onun pedaqoji fəaliyyətindən ayrı deyil. Çünki o, oğlunun döyüşlərə qatılmasından çox əvvəl də şagirdlərinə Vətən sevgisini, torpağı qorumağın müqəddəsliyini aşılayıb. 40 illik müəllimlik fəaliyyəti boyunca bu mövzular onun dərslərinin və şagirdlərlə söhbətlərinin əsas istiqamətlərindən biri olub.
Müəllim əsasən 10-11-ci siniflərdə dərs deyir. Dərslər zamanı şagirdlərlə Vətən, tarix, qəhrəmanlıq və hərbi xidmət haqqında söhbətlər aparır, onların suallarını cavablandırır: “Şagirdlərim Ramazanın bütün döyüş yolunu bilirlər. Onların arasında hazırda hərbi sahədə çalışanlar, leytenant rütbəsi daşıyanlar, rütbələri yüksələn hərbçilər, pilotlar var. Həmçinin qız şagirdlərimdən də hərbi xidmətdə olanlar var. Bu da bir müəllim kimi mənim üçün qürurvericidir.
“Məktəbimizdə Ramazana həsr olunmuş ayrıca guşə yaradılıb. Həmin guşədə onun döyüş yolu haqqında məlumatlar və şəkillər yer alır. Bundan əlavə, məktəbimizdə şəhidlərə həsr olunmuş ayrıca guşəmiz də var. Burada Culfa rayonundan olan şəhidlərimizin məlumatları, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən olan şəhidlərimiz haqqında kitablar yer alıb”.

Şəhidlərin adını yaşatmaq müəllimin mənəvi borcudur
Əbülfət müəllim Naxçıvanın müxtəlif bölgələrində şəhidlərin anım mərasimlərində iştirak edir, çıxışlar edir, onların həyat və döyüş yollarını təbliğ edir: “Azərbaycanın bütün şəhidləri qəhrəmandır. Onların hər biri Vətən, torpaq və dövlətçiliyimiz uğrunda canından keçib”.
Zəfər qəhrəmanlıq və fədakarlıq tarixidir
Əbülfət müəllimlə söhbətimizdə bir məqam xüsusilə yadda qalır: o, şəhid atası olmağın həm qürurunu, həm də ağırlığını eyni anda yaşayır. Bir tərəfdən oğlunun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqla fəxr edir, digər tərəfdən övladının yoxluğunun yaratdığı boşluqla yaşayır.
Zəfər Günü ərəfəsində Əbülfət müəllimin şagirdlərinə çatdırmaq istədiyi ən mühüm fikir də elə budur: “Zəfər yalnız qazanılmış qələbə deyil, həm də böyük itkilər, qəhrəmanlıq və fədakarlıq tarixidir. Bu tarixi yaşatmaq, onu gələcək nəsillərə düzgün çatdırmaq hər bir müəllimin, hər bir vətəndaşın mənəvi borcudur”.
Ramazan Göydağlının döyüş yolu isə atasının dərslərində, məktəbin guşəsində, kənd sakinlərinin yaddaşında və onu tanıyanların xatirələrində yaşayır.
Bir müəllim, şəhid atasının sözləri isə söhbətimizin ən təsirli məqamı kimi yadda qalır: “Vətən sağ olsun!”




