Kitabsevər məktəbli necə "Maarifçi" oldu? – Aydanın uğur hekayəsi
Aydan Hacıyeva. 5000-dən çox namizəd arasından seçilən 53 qalibdən biri... Prezident yanında Dövlət İdarəçilik Akademiyasının fərqlənən məzunu, ADA Universitetinin magistrantı və COP29 daxil olmaqla onlarla mötəbər beynəlxalq tədbirin fəal iştirakçısı...
Sən demə, bütün bu böyük uğurların təməli illər öncə, məktəb partası arxasında səhifələnən ilk kitablarla qoyulub. Bu hekayədə çalışqan bir məktəblinin addım-addım necə ölkənin ən nüfuzlu tələbə-məzun proqramlarından birinin iştirakçısına - “Maarifçi"yə çevrilməsinin şahidi olacaqsınız.
Məktəb illərində çalışqan, nümunəvi, ictimai fəal bir şagird olub. Sonra universitetdə fərqlənib, məzun olan kimi magistraturaya da girib. İndi isə “Maarifçi”dir, 5000-dən çox gənc arasından seçilib. Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun təşəbbüsüylə həyata keçirilən “Maarifçi” tələbə-məzun proqramının 53 qalibindən birinə çevrilib. Hazırda Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla iş sektorunda təcrübə keçir.
Məktəbli Aydan çox fəal olub
Aydan Hacıyeva üçün hər şey kitab oxumaqdan başlayıb. Tarix, coğrafiya və ədəbiyyat fənlərini çox sevib. Kitablara olan sevgisi sayəsində nitqi də inkişaf edib, yazı bacarıqları da: “2019-cu ildə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika ikincisi olmuşam”.
Məktəb tədbirlərində, ictimai işlərdə fəallıq göstərib: “Dərslərimi oxumaqla yanaşı, məktəbdənkənar ictimai işlərdə də aktiv olmuşam. Fəallığım nəticəsində 2020-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında, ictimai əsaslarla fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvü seçilmişəm. Buradakı əsas fəaliyyətim uşaq hüquqlarının və onların müdafiəsi, təhsilin təşviqi kimi məsələlər idi. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçısı olmuşam. Bu forumun iştirakçısı olmaq həyatımda çox böyük izlər qoyub”.
Fəallığı tələbəliyində də davam edib
2021-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə statusu qazanıb: “Tələbəlikdə də çox fəal idim. 2022-2024-cü illərdə “ADAMUN 2022”, “OIC Model - Beynəlxalq Münasibətlər Akademiyası” layihələrində iştirak etmişəm. Avrasiya Regional Mərkəzi və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsində “Ən yaxşı komanda rəhbəri” (“The Best Team Leader”) mükafatına layiq görülmüşəm.
Diasporla İş üzrə Dövlət Komitəsində, COP29-da, IX, X və XI Qlobal Bakı Forumlarında könüllü kimi fəaliyyət göstərmişəm. 2024-cü il noyabrında Bakıda keçirilən COP29 tədbirlərində də fəallığım qiymətləndirilib. 2024-cü ildə Amerika Birləşmiş Ştatlarında “Tələbə Liderləri üçün ABŞ İnstitutlarında (SUSI) Tədqiqat Proqramı”nın iştirakçı olmuşam”.
Azərbaycanın Türkiyədəki Səfirliyində, Xarici İşlər və Mədəniyyət nazirliklərində təcrübə keçib və 633 balla qəbul olduğu Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsilini fərqlənmə ilə bitirib. Sonra ölkə ali təhsil müəssisələrinin magistraturasına keçirilən qəbul imtahanlarında fərqlənib. Nəticədə artıq ADA Universitetin magistrantıdır. Burada “Diplomatiya və beynəlxalq əlaqələr” ixtisası üzrə magistratura təhsili alır.
İndi “Maarifçi”dir
Ötən tədris ilində Aydan həm də “Maarifçi” olub: “Təhsil mənim üçün yalnız bilik əldə etmək vasitəsi deyil, eyni zamanda insanın dünyagörüşünü formalaşdıran, cəmiyyətə faydalı fərd kimi yetişməsini təmin edən ən güclü dəyərdir. Düşünürəm ki, “Maarifçi” proqramı mənim bu fikrimlə üst-üstə düşür. Bu proqramın iştirakçısı olmaq mənim üçün yalnız fərdi inkişaf imkanı deyil, eyni zamanda təhsilə, maarifçiliyə və bilik mübadiləsinə dəyər verən bir mühitdə yer almaqdır”.
Bəs 5000-dən çox gəncin arasından seçilmək üçün nə edib? Böyük rəqabətə necə tab gətirib? Əlbəttə ki, bu vaxta qədər topladığı bilik, bacarıq və zəngin təcrübə ilə: ““Maarifçi” proqramına müraciət edərkən düşündüm ki, sahib olduğum təcrübə məni bu proqramın iştirakçısı edə bilər və proqrama seçiləcəyim təqdirdə özümü daha çox inkişaf etdirə bilərəm. Müsahibədə suallar öz sahəmə uyğun verildi və suallara mümkün qədər ətraflı cavab verməyə çalışdım”.
Böyük hədəf: daha çox çalışmaq, işləmək, öyrənmək, inkişaf etmək
Budur, o “Maarifçi”dir. Bəs bundan sonrakı dönəm üçün nə planlaşdırır?
Gələcəyi ilə bağlı düşüncələrindən belə görünür ki, xəyalən çox uzağa gedənlərdən yox, real dünyada qalıb müəyyən dövr üçün plan hazırlayanlardandır: “Hər insanın öz həyatı ilə bağlı planları və hədəfləri olur. Mən də özümlə bağlı çoxlu planlar qurur, bir sıra hədəflər müəyyənləşdirirəm. Böyük zaman kəsiyini əhatə edən hədəflər isə sürətlə dəyişən dünyada zamanla dəyişə və yenilənə bilər. Amma əsas etibarilə məqsədim öz üzərimdə daha çox çalışmaq və işləmək, öyrənmək, inkişaf etməkdir”.




