“Düşünməyi buraxıb hərəkətə keçmək qələbənin açarıdır” – Uğurun uğur yolu 

17 Avqust, 2026 - 12:28
“Düşünməyi buraxıb hərəkətə keçmək qələbənin açarıdır”

Bakı şəhəri 288 nömrəli tam orta məktəbin məzunu, texnologiya və robototexnika yarışlarında uğur qazanan Uğur Şəfiyev Böyük Britaniyada keçirilən "International World Innovative Student Exhibition" – iWISE 2026 Dünya Finalında “RoboSoccer” kateqoriyası üzrə I yerə layiq görülərək növbəti nailiyyətə imza atıb.

“Azərbaycan müəllimi”nə danışan qalib təəssüratlarını və gələcək planlarını bölüşüb.

“Əldə etdiyim nailiyyətlərimin hər birində  müəllimimin və ailəmin xüsusi yeri var” 

Müxtəlif elm və innovasiya festivallarında yüksək yerlər tutan Uğur Şəfiyev hazırda I qrup üzrə ixtisas seçimi üzərində düşünür və özünə ən uyğun sahəni müəyyənləşdirmək üçün araşdırmalar aparır.

Uğur məktəb illərində STEAM-a  davamlı maraq göstərib. Onda bu maraq hələ kiçik yaşlarından formalaşıb və zamanla məqsədyönlü fəaliyyətə çevrilib: “Məktəbimizdə STEAM üçün ayrılmış xüsusi kabinetdə çoxsaylı layihələr üzərində işləmək imkanı əldə etmişəm ki, bu da mənə nəzəri biliklərimi praktik təcrübəyə çevirmək üçün əvəzsiz bir zəmin yaradıb. Məhz bu inkişaf yolumda VI sinifdən etibarən STEAM müəllimim Afət Məmmədovanın mənə göstərdiyi dəstək sayəsində bacarıqlarımı daha da təkmilləşdirmək imkanı qazanmışam. Bu gün əldə etdiyim nailiyyətlərimin  hər birində müəllimimin və ailəmin xüsusi yeri var”. 
İstedadlı gəncimiz qeyd etdiyimiz kimi 2024-cü ildən müxtəlif çempionat,  yarış  və müsabiqələrdə  yüksək yerlərə layiq görülüb.Uğur bu il  Böyük Britaniyada IWISE (International World Innovate Student Exhibition) dünya finalında “RoboSoccer” kateqoriyası üzrə I yeri tutub. O, 2027-ci ilin yanvar ayında Malayziyada “BotsCombat” kateqoriyasında  Azərbaycanı təmsil edəcək.

“Dünya finalında birinci olmaq mənim üçün unudulmaz təcrübə oldu”

Son qatıldığı müsabiqə haqqında ətraflı məlumat verən bacarıqlı gənc deyir ki,virtual finalda “RoboSoccer” kateqoriyası üzrə I yeri  tutaraq Londonda  keçirilən beynəlxalq finala vəsiqə qazanıb: “Yarışda 25 ölkədən 14 komanda iştirak edirdi. Bunlardan Türkiyə, İndoneziya, Çin və Honq-Konq komandalarını ən güclü rəqiblərim hesab edirdim. Ciddi hazırlıq mərhələsindən sonra Londona yola düşdüm və çəkdiyim əziyyətimin nəticəsi olaraq qlobal finalda da I yerin sahibi oldum. “RoboSoccer” kateqoriyasında iki rəqib komanda öz hazırladıqları futbol robotları ilə yarışır və müəyyən edilmiş qaydalara görə ən çox qol vuran tərəf qalib elan olunur. Dünya Finalında ölkəmi təmsil etmək və birinci olmaq mənim üçün unudulmaz təcrübə oldu”.

Uğura əhəmiyyətli təcrübə qazandıran yarışlardan biri də 2025-ci ildə iştirak etdiyi “TechnoXian World Robot Championship” (TechnoXian WRC) çempionatı olub. O, “Dinoco” komandası ilə “RoboSoccer” kateqoriyası üzrə yarışarkən “ThunderBot” komandası ilə tanış olub: “Hər iki komanda ilə Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən beynəlxalq finalda ölkəmizi təmsil etdikdən sonra aramızdakı əlaqə daha da möhkəmləndi. Bu il keçirilən “World Robot Caspian Cup” robotexnika yarışında “ThunderBot” adı altında birgə yarışaraq “BotsCombat 30 kq” və “BotsCombat 15 kq” kateqoriyalarında ölkə birincisi olduq. Hazırda “ThunderBot” komandası çərçivəsində birləşərək fəaliyyət sahəmizi genişləndirməyi və komanda üzvlərimizin sayını artırmağı hədəfləyirik. 2027-ci ildə isə hər iki komanda birgə Malayziyaya gedərək ölkəmizi növbəti beynəlxalq yarışda təmsil edəcəyik”.

Uğur Şəfiyev gələcək karyerasını aviakosmik sahədə görür. O, Milli Aviasiya Akademiyasında və ya Azərbaycan Texniki Universitetində təhsilini davam etdirməyi planlaşdırır: “Qurğuların elektronik infrastrukturunun hazırlanması və potensial problemlərin həllində iştirak etmək mənim xəyal etdiyim peşəni tam əks etdirir. Kiçik yaşlarımdan texnikaya marağım məni bu sahəyə istiqamətlənməyimə səbəb olub. Gələcəkdə ölkəmin robotexnika sahəsindəki inkişafına öz töhfəmi vermək ən böyük arzularımdan biridir”.

Uğurun fikrincə, uğurlu olmağın sirri o ilk addımı atmaqdır. “Çoxumuz öz komfort zonamızdan çıxmayaraq ağlımızdakı fikirləri reallığa çevirməyib fikir olaraq saxlayırıq. Mən hesab edirəm ki, onları düşünməyi buraxıb hərəkətə keçmək qələbənin açarıdır”.

“Düşünməyi buraxıb hərəkətə keçmək qələbənin açarıdır”