Peşə ixtisaslarının sayı 800-dən 250-yə endiriləcək
2030-cu ilə qədər 23 yeni peşə təhsili müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu peşə təhsili müəssisələrinin rəhbər və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman deyib.
Onun sözlərinə görə, yeni müəssisələrin tikintisi peşə təhsilinin inkişafına müsbət təsir göstərəcək:
“Peşə müəssisələrinə tələbə qəbulu üzrə rəqəmlərin yüksək səviyyədə olması bunu bir daha təsdiqləyir”.
T.Süleyman qeyd edib ki, peşə təhsili üzrə 800-dən çox ixtisasın sayı ümumiləşdirmə və yenilənməklə 250-yə endiriləcək.
“Burada məzmun və fənlər yenilənməlidir. Bu isə müəllim heyətinin müvafiq olaraq yeni təsnifata uyğunlaşdırılmasını tələb edir. Təhsilverənlərin yeni təsnifata uyğunlaşdırılması birmənalı olaraq asan olmayacaq”.
Şöbə müdiri vurğulayıb ki, ənənəvi təhsil metodlarından daha çox dual təhsil modelinə fokuslanmaq lazımdır.
“Bu istiqamətdə bacarıqların artırılması üçün müvafiq addımlar atılacaq. Bununla bağlı təlimlər də nəzərdə tutulur. Təlimlərin mövzuları və növbəti fəaliyyət planı barədə mütəmadi məlumat veriləcək”.




