İşəgötürənlər işçi qüvvəsinin kvalifikasiya səviyyəsinin artmasına töhfə verə bilərlər - Nazir 

18 Noyabr, 2026 - 13:35
İşəgötürənlər işçi qüvvəsinin kvalifikasiya səviyyəsinin artmasına töhfə verə bilərlər

2017-ci ildən başlayaraq qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirilir. Görürük ki, bu tədbirlər çərçivəsində əmək müqavilələrinin sayında 600 minə yaxın artım əldə olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində səsləndirib.

Nazir bildirib ki, bu, təxminən 46-47 faiz artım deməkdir: “600 min əmək müqaviləsini 600 min nəfər işçi qüvvəsi kimi götürsək və işəgötürənlər həmin şəxslərin bilik və bacarıqlarına az da olsa investisiya yatırsalar, yəni onları müəyyən kurslara, ixtisasartırma və ya peşə hazırlığı kurslarına cəlb etsələr, bu, ölkədə işçi qüvvəsinin bilik və bacarıqlarının, eləcə də kvalifikasiya səviyyəsinin artmasına böyük töhfə verə bilər”. 

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin olunması nazirlik qarşısında duran ən əsas prioritet vəzifələrdən biridir: “Biz bu istiqamətdə fəaliyyət göstəririk. Dövlət sektorunda fəaliyyət göstərən, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti olan işəgötürənlərlə hər ay nazirlikdə görüşlər keçiririk.

Onlardan işğaldan azad olunmuş ərazilərdə yaradılan iş yerləri, həmin iş yerləri üzrə vakansiyalara dair tələblər, o cümlədən əməkhaqqı, işçidən tələb olunan bilik və bacarıqlar haqqında məlumatlar toplayırıq. Daha sonra qarşı tərəf olan keçmiş məcburi köçkünlərlə iş aparırıq. Burada kadr təminatını həyata keçirmək üçün yenə də peşə hazırlığı proqramları ön plana çıxır”.