Elnur Səfərli: İşəgötürənlər işə qəbulda yumşaq bacarıqları da tələb edirlər

18 Noyabr, 2026 - 11:23
Elnur Səfərli: İşəgötürənlər işə qəbulda yumşaq bacarıqları da tələb edirlər

“Milli Observatoriya son dörd ildə ictimaiyyət üçün açıq olan vakansiya elanları əsasında müxtəlif məlumatları toplayaraq təhlil edir. 2025-ci və 2026-cı illər üzrə 37 mindən artıq vakansiya təhlil edilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı” panel müzakirəsində səsləndirib.

 O bildirib ki, bu təhlil zamanı bugünkü bazarın tələbləri müəyyən edilib: “Bugünkü bazarın tələbləri daha çox tikinti sektoru, emal sənayesi və maliyyə sahəsini əhatə edir. Bundan əlavə, işəgötürənlər vakansiya elanlarında yalnız diplom və texniki bilikləri deyil, eyni zamanda müxtəlif yumşaq bacarıqları da namizədlərdən tələb etdiklərini bildirirlər”.