Qəbələdə narkomaniyanın zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində narkotik vasitələrin və psixotrop maddələrin zərərləri, onların yaratdığı asılılıq, eləcə də müalicə və reabilitasiya imkanlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-in birgə təşkilatçılığı ilə baş tutuan tədbirdə, Qəbələ Rayon Polis Şöbəsinin və digər aidiyyəti müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi gənclərin narkotik vasitələrin insan sağlamlığına və həyatına mənfi təsirləri barədə məlumatlılığını artırmaq, asılılığın erkən əlamətlərinin tanınmasını təşviq etmək, müalicə və reabilitasiya imkanları haqqında məlumat vermək olub.
Tədbir çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Zeynəb Balakişiyeva narkotik vasitələrin orqanizmə təsiri, asılılığın formalaşma mexanizmi, onun tibbi və sosial nəticələri, həmçinin müalicə və reabilitasiya imkanları barədə ətraflı məlumat verib.
Digər çıxış edənlər narkotik vasitələrin qanunsuz dövriyyəsinin hüquqi nəticələri, narkomaniyanın qarşısının alınması yolları, asılılığın erkən mərhələdə müəyyən edilməsi və vaxtında tibbi yardıma müraciətin əhəmiyyəti barədə məlumat veriblər.
Tədbir interaktiv müzakirə və sual-cavab formatında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, narkotik asılılığı müalicə və dəstək tələb edən bir xəstəlikdir. Düzgün məlumatlandırma, vaxtında tibbi yardıma müraciət və cəmiyyətin dəstəyi sağlam gələcəyin təmin olunmasında mühüm rol oynayır.




