Zəfər tarixində adı qalan üç məzun – Peşə təhsil mərkəzinin qəhrəmanları
Zəfərin 6-cı ildönümü münasibətilə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində müxtəlif istiqamətləri əhatə edən tədbirlər keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tələbələrin tarixi biliklərinin artırılması və milli yaddaşın möhkəmləndirilməsi məqsədilə Zəfər tarixinə həsr olunmuş açıq dərslər təşkil edilib. Fiziki hazırlığın, komanda ruhunun və hərbi-vətənpərvərlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə isə voleybol və silahların sökülüb-yığılması üzrə yarışlar keçirilib. Tələbələrin həm intellektual, həm fiziki, həm də hərbi-vətənpərvərlik istiqamətində fəallığının təşviqinə xüsusi diqqət yetirilib.
Bütün tədbirlərdə Zəfər tarixinin gənc nəslə daha dərindən aşılanması, tələbələrin milli-mənəvi dəyərlərə bağlı, fiziki və mənəvi cəhətdən hazırlıqlı vətəndaşlar kimi formalaşması əsas məqsəd olub.
Mərkəzin üç məzunu Vətən müharibəsində şəhid olub
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində şəhidlərin xatirəsinin yaşadılması, onların adlarının, qəhrəmanlıqlarının və ailələrinin daim diqqət mərkəzində saxlanılması tərbiyə işinin əsas istiqamətlərindən biridir.
Elməddin Hüseynzadə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təhsil müddəti üç il olan “Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü” ixtisası üzrə peşə təhsili alıb. 2016-cı ildə məzun olduqdan sonra hərbi xidmətə yollanıb. Elməddin Hüseynzadə Vətən müharibəsinə könüllü qatılıb və Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilən qəhrəman “Cəsur döyüşçü”, “Vətənə xidmətə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Mərkəzin daha bir məzunu Mirsədi Bağırlı 2015-2018-ci illərdə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıb. “Təmirçi-çilingər, avtomobil sürücüsü” ixtisası üzrə təhsilini başa vurduqdan sonra snayperçi kimi müddətdən artıq həqiqi hərbi xidmət keçib. Hələ xidməti davam edərkən müharibə başlayıb. Vətən müharibəsində Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. O, oktyabrın 10-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Toğrul İsayev isə Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə Bakıdan qəbul olunub. Bakı şəhəri Nizami rayonundakı 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Bərdə Dövlət Peşə Təhsil Mərkəzinə ümumi orta təhsil bazasından daxil olub. 2013-2014-cü illərdə “Kompüter operatoru” ixtisası üzrə təhsil alıb. 2015-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirib. Vətən müharibəsində iştirak edib və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.
Toğrul İsayev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
“Vətənpərvərlik yalnız danışmaqla deyil, yaşatmaqla və əməl etməklə formalaşır”
Mərkəzin direktoru Samir Nəcəfov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəssisədə şəhid məzunların ailələri ilə mütəmadi əlaqə saxlanılır, onların evlərinə ziyarətlər təşkil olunur, əlamətdar günlərdə, bayramlarda və xüsusi tədbirlərdə şəhid ailələri də dəvət edilir: “Bu münasibətlər yalnız rəsmi tədbirlərlə məhdudlaşmır. Məqsədimiz şəhidlərimizin ailələrinə hər zaman onların yanında olduğumuzu hiss etdirmək, övladlarının qəhrəmanlığını yaşatmaq və gələcək nəsillərə ötürməkdir”.
Direktor əlavə edib ki, mərkəzdə keçirilən Zəfər Günü, 27 Sentyabr – Anım Günü, 20 Yanvar və digər milli-mənəvi əhəmiyyətli tədbirlərdə şəhid ailələrinin iştirakı xüsusi yer tutur: “Şəhidlərimizin analarının, valideynlərinin və yaxınlarının tələbələrlə görüşləri gənc nəslin vətənə, dövlətə, milli dəyərlərə bağlılıq ruhunda formalaşmasına mühüm töhfə verir”.
S.Nəcəfov qeyd edib ki, vətənpərvərlik tərbiyəsinin təşkili çərçivəsində tələbələrlə şəhid ailələrinin görüşləri, şəhidlərin məzarlarının ziyarəti, onların həyat və döyüş yollarına həsr olunmuş tədbirlər, maarifləndirici söhbətlər və müxtəlif vətənpərvərlik layihələri həyata keçirilir: “Bizim üçün şəhidlərimizin adını yaşatmaq sadəcə təqvimdəki əlamətdar günləri qeyd etmək deyil. Bu, onların əmanəti olan Vətənə layiqli, məsuliyyətli, milli dəyərlərinə bağlı gənclər yetişdirmək və şəhid ailələri ilə mənəvi bağımızı daim qorumaqdır. İnanırıq ki, qəhrəmanlarımızın adları, göstərdikləri şücaət və ailələrinin fədakarlığı tələbələrimizin yaddaşında hər zaman yaşayacaq. Biz istəyirik ki, tələbələrimiz şəhidlərimizi yalnız dərsliklərdən və tədbirlərdən tanımasınlar. Onların ailələri ilə canlı ünsiyyətdə olsunlar, şəhid analarının xatirələrini dinləsinlər, bu qəhrəmanlığın arxasında dayanan həyat hekayələrini yaxından tanısınlar. Çünki vətənpərvərlik yalnız danışmaqla deyil, yaşatmaqla və əməl etməklə formalaşır”.




