Peşə təhsili alan hər 4 tələbədən biri yeni maliyyələşmə modelindən faydalanır

18 Noyabr, 2026 - 14:50
Peşə təhsili alan hər 4 tələbədən biri yeni maliyyələşmə modelindən faydalanır

Peşə təhsili müəssisələrində adambaşına maliyyələşmə modelinin tətbiqi tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, maliyyə resurslarının daha səmərəli idarə olunması və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi baxımından yeni imkanlar yaradır. Modelin əsas xüsusiyyətlərindən biri maliyyələşmənin təhsil müəssisələrinin fəaliyyət göstəriciləri və ixtisasların xərc tutumu nəzərə alınmaqla həyata keçirilməsidir. Bu yanaşma müəssisələrin idarəetmə imkanlarının genişləndirilməsinə, resurslardan daha məqsədyönlü istifadəyə və tədris mühitinin müasir tələblərə uyğunlaşdırılmasına şərait yaradır.

“Azərbaycan müəllimi” Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadla xəbər verir ki, cari ildə peşə təhsili sahəsində adambaşına maliyyələşmə sistemi 12 min nəfəri əhatə edib. Sistem 11 peşə təhsili müəssisəsində tətbiq olunur və bu, peşə təhsili alan hər 4 tələbədən birinin bu sistemdən faydalanması deməkdir.

Adambaşına maliyyələşmə modeli bir sıra mühüm yenilikləri özündə birləşdirir. Bu sistem çərçivəsində əməkhaqqının fəaliyyət göstəriciləri ilə əlaqələndirilməsi nəzərdə tutulur. Beləliklə, nəticəyə əsaslanan əməkhaqqı mexanizmi tətbiq edilir və işçilərin fəaliyyətinin qiymətləndirilməsi maliyyələşmə yanaşmasında nəzərə alınır.

Modelin digər xüsusiyyəti diferensial maliyyələşmə prinsipidir. Bu zaman ayrılan vəsait ixtisasların xərc tutumuna uyğun olaraq fərqləndirilir. Bu yanaşma müxtəlif ixtisaslar üzrə tədrisin təşkili, praktiki məşğələlərin keçirilməsi və zəruri resursların təmin olunması üçün maliyyə imkanlarının daha düzgün müəyyənləşdirilməsinə xidmət edir.

Yeni maliyyələşmə sistemi, eyni zamanda, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının davamlı yenilənməsini də nəzərdə tutur. Emalatxanaların və avadanlıqların mütəmadi yenilənməsi tələbələrin praktiki bacarıqlarının inkişafı, müasir istehsal proseslərinə uyğun təlim mühitinin yaradılması baxımından əhəmiyyət daşıyır.

Bununla yanaşı, model müəssisələrin idarəetmə çevikliyini artırır. Maliyyə vəsaitlərinin müəssisələrin öz prioritetlərinə uyğun idarə edilməsi onların ehtiyaclarını daha operativ müəyyənləşdirməsinə, resursları məqsədyönlü istiqamətləndirməsinə və nəticəyönümlü fəaliyyət qurmasına imkan verir.

Adambaşına maliyyələşmə modelinin tətbiqi peşə təhsilində maliyyə idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, tədris keyfiyyətinin yüksəldilməsi, praktiki təlim imkanlarının genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi istiqamətində mühüm mexanizmlərdən biri kimi çıxış edir.