2027-2028-ci illərdə Qarabağda yeni təhsil müəssisələrində işlər başa çatdırılacaq
2027-2028-ci illərdə Kəlbəcər şəhər Təhsil Kompleksi, Şuşa Real Məktəbi və Füzuli Peşə Təhsil Mərkəzində işlərin başa çatdırılması planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir müavini bildirib ki, Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndir, Xocavənd və Zəngilanda yeni təhsil müəssisələri tikiləcək:
“İşğaldan azad edilmiş ərazilərdə 2026-2027-ci tədris ilində 15 təhsil müəssisəsi fəaliyyətə başlayıb. Məktəbəqədər və ümumi təhsildə 15 min şəxs üçün təhsil imkanı yaradılıb. Həmçinin 2027-ci ildə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının, kitabxananın və innovasiya mərkəzinin təməlqoyması həyata keçiriləcək”.




