Zaur Əliyev: Peşə təhsili iqtisadi sektorun inkişafının təməlidir 

18 Noyabr, 2026 - 10:44
Zaur Əliyev: Peşə təhsili iqtisadi sektorun inkişafının təməlidir 

“Peşə təhsili ümumilikdə təhsilin və kadr hazırlığının, eləcə də hər bir iqtisadi sektorun inkişafının təməlini təşkil edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Peşə Təhsili Forumu 2026”da söyləyib.

Nazir müavini bildirib ki, iqtisadiyyatın həm kadr təminatı, həm gənclərin məşğulluğu, həm də regionların inkişafı baxımından peşə təhsili xüsusi əhəmiyyət daşıyır.

Zaur Əliyevin sözlərinə görə, kənd təsərrüfatı sahəsində qarşıya qoyulan hədəflər və ümumiyyətlə, müasir dövrdə texnologiyaların, süni zəkanın və digər imkanların tətbiqi aqrar sektorda da kadrlara olan tələbatın, eləcə də kadrlardan tələb olunan bilik və bacarıqların yenilənməsi və dəyişməsi ilə özünü ehtiva edir:  “Bu isə onu göstərir ki, təhsil müəssisələrində, xüsusən də peşə təhsili müəssisələrində hazırlanan kadrların bilik və bacarıqları dəyişən dövrün tələblərinə və sektorun ehtiyaclarına uyğun olmalı, mövcud trendlər nəzərə alınmaqla formalaşdırılmalıdır”.

Nazir müavi qeyd edib ki, təhsilalanların real sektorun ehtiyaclarına və real sektor mühitinə uyğun formalaşdırılması, xüsusən peşə təhsili sahəsində təhsil alanların bu istiqamətdə hazırlanması onların həm iş tapmaq imkanlarını artıracaq, həm də aqrar sektorda sahibkar kimi fəaliyyət göstərmələrinə və dəyər yaratmalarına imkan verəcək: “Biz nəzərə almalıyıq ki, təhsil prosesi nə qədər real sektora yaxın formada qurularsa, gələcəkdə məzunlarımız da aqrar sektor sahəsində sahibkar kimi fəaliyyət göstərərək məşğulluq yarada bilərlər. Bu, məşğulluğun təmin edilməsi ilə yanaşı, ümumilikdə, kənd yerlərində insanların yaşamağa davam etməsi, əmək fəaliyyətlərinin və gəlirlərinin formalaşması üçün də əsas ola bilər”.