Qəbələdə beynəlxalq peşə yarışları müzakirə olunacaq
Noyabrın 26-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mərkəzin Keyfiyyət təminatı üzrə mütəxəssisi Rufanə Yaralıyevanın təqdimatında “WorldSkills Shanghai 2026 – Təcrübə Mübadiləsi Görüşü” keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşün məqsədi tələbələri beynəlxalq peşə bacarıqları yarışlarının təşkili, iştirak və qiymətləndirmə mexanizmləri, eləcə də beynəlxalq səviyyədə uğur qazanmağın əsas şərtləri barədə məlumatlandırmaqdır.
Təqdimat zamanı "WorldSkills Shanghai 2026" yarışının təşkili, peşə istiqamətləri, ekspert qiymətləndirməsi, iştirakçıların hazırlıq prosesi və Şanxay səfəri zamanı əldə edilmiş praktiki təcrübələr barədə məlumat veriləcək. Eyni zamanda, beynəlxalq mühitdə qarşılaşılan çətinliklər və onların həlli yolları real təcrübələr əsasında bölüşüləcək.
Görüş tələbələr üçün beynəlxalq imkanları tanımaq, peşə bacarıqlarının inkişafına yeni baxış qazanmaq və gələcək hədəflərini müəyyənləşdirmək baxımından faydalı platforma olacaq.




