Bu peşə ixtisaslarının məzunları daha çox işlə təmin ediliblər

27 Noyabr, 2026 - 15:57
Bu peşə ixtisaslarının məzunları daha çox işlə təmin ediliblər

Peşə təhsili üzrə məzunların məşğulluq göstəricilərinə görə ən yüksək nəticə “Tankerlərdə yükləmə-boşaltma əməliyyatçısı” ixtisası üzrə qeydə alınıb. Bu ixtisası bitirənlərin 75,9 faizi məşğulluqla təmin olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin aparıcı məsləhətçisi Rəbiyyə Museyibzadə peşə təhsili müəssisələrinin rəhbər və əməkdaşlarının iştirakı ilə görüşdə deyib. 

Onun sözlərinə görə, məzunlarının məşğulluq göstəricisi ən yüksək olan 10 ixtisas arasında “Yüksəkgərginlikli xətlərin və şəbəkələrin montyoru” (75,8 faiz), “Kran maşinisti (krançı)” (74,8 faiz), “Yeraltı qaz kəmərlərinin təmiri üzrə çilingər” (70,7 faiz) və “İşarəvermə və bloklama qurğularının montyoru” (68,8 faiz) ixtisasları yer alıb.

Siyahıda, həmçinin “Sənayedə quraşdırma işləri üzrə usta” (66,9 faiz), “Teplovoz maşinisti köməkçisi” (65,6 faiz), “Avtomatika üzrə usta” (64,8 faiz), “Kontakt şəbəkəsinin elektrik montyoru” (64,4 faiz) və “Elektrik avadanlıqlarının montyoru” (62 faiz) ixtisasları da var.

Məşğulluq göstəricisi ən aşağı olan 10 ixtisas arasında isə “İT üzrə texniki dəstək mütəxəssisi” (26,1 faiz), “Bərbər-vizajist-manikürçü” (25,7 faiz), “Meyvə ustası” (25,6 faiz), “Avtomobil mühərriklərinin yığıcısı” (25,5 faiz) və “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” (25,2 faiz) ixtisasları qərarlaşıb.

Bu siyahıda, həmçinin “Kostyum ustası və dərzi” (24,8 faiz), dərzi (24,4 faiz), “Geyim üzrə dizayner” (23,8 faiz), “Xalçaçı” (23,7 faiz) və “Bitkiçilik mütəxəssisi (tütünçülük)” (23,1 faiz) ixtisasları yer alıb.

Qeyd edək ki, təqdimatda məşğulluq göstəriciləri məzun sayı 50 nəfərdən çox olan ixtisaslar üzrə hesablanıb. Məlumatlar 17 avqust 2024-cü il - 17 fevral 2025-ci il tarixlərini əhatə edən məşğulluq dövrünə aiddir.