Müəllimlər nə vaxtdan tam ştatla işləyəcəklər? – Nazir açıqladı

17 Noyabr, 2025 - 13:35
Müəllimlər nə vaxtdan tam ştatla işləyəcəklər?

“Tam ştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda konseptual mərhələdir: “Bu mərhələ ondan ibarətdir ki, mövcud saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tam ştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik”.

Nazir əlavə edib ki, məqsəd Azərbaycan müəlliminin məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etməsidir:

“Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın”.