Y.Məmmədəliyev və M.Topçubaşov niyə Nobel mükafatı ala bilməyiblər?

4 Dekabr, 2025 - 12:26
Y.Məmmədəliyev və M.Topçubaşov niyə Nobel mükafatı ala bilməyiblər?

“Yusif Məmmədəliyev Azərbaycanın elm tarixinə neft kimya məktəbinin banisi olaraq düşüb. Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının xlorlaşması, alınan halogenli birləşmələrin müxtəlif sahələrdə istifadəsi, halogenləşmə prosesləri ilə bağlı mühüm tədqiqatlar aparıb. Yüksək oktanlı aviasiya yanacağını kəşf edib ki, bu da SSRİ-nin İkinci Dünya müharibəsində qələbə əldə etməsində tarixi rol oynayıb. Həmçinin neft kimyası və neft emalında alkilləşmə ilə bağlı mühüm elmi nailiyyətlər əldə edib. Bundan əlavə, Yusif Məmmədəliyev Naftalan neftinin sirlərini açmış, onun mahiyyətini elmi əsaslarla işləmişdir ki, insanlarımız bu gün də görkəmli alimimizin nailiyyəti əsasında Naftalan Sağlamlıq Mərkəzində müalicə olunurlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səsləndirib.

O, Yusif Məmmədəliyevin ölkəmizdə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu söyləyib.

İsa Həbibbəyli bildirib ki, görkəmli alim AMEA-nın prezidenti kimi daim bu sahələrdə tədqiqatların aparılması və genişləndirilməsinə rəhbərlik edib. Həmin dövrdə Əlyazmalar Fondu, Şamaxı Astrofizika Rəsədxanası yaradılıb, Qobustan abidələrinə, “Kitabi-Dədə Qorqud” dastanına dair mühüm tədqiqatlar aparılıb.
AMEA rəhbəri Yusif Məmmədəliyevin ölkəmizdə elmlə təhsilin inteqrasiyasına da daim diqqət yetirdiyini, Bakı Dövlət Universitetinin rektoru olduğu illərdə daim elmi nailiyyətlərin təcrübədə sınaqdan keçirilməsinə çalışdığını söyləyib.

İsa Həbibbəyli bildirib ki, həm akademik Yusif Məmmədəliyevin, həm də akademik Mustafa Topçubaşovun elmi nailiyyətləri həmin dövrdə Nobel mükafatına namizəd kimi irəli sürülsə də, sovet rəhbərliyinin bu mükafata soyuq münasibəti bunun qarşısını alıb.

Akademik İsa Həbibbəyli sonda akademik Yusif Məmmədəliyevin elmi irsinin, tarixi nailiyyətlərinin, ixtiralarının, həyat fəaliyyətinin zəngin olduğunu, bu gün də bu sahədə gənc kadrların hazırlanmasına, onların gələcək fəaliyyətinə stimul verdiyini söyləyib.